Son vaxtlar yeniyetmə qızlar arasında evdən qaçma halları xeyli artıb. Ailədəki fiziki, psixoloji və ya emosional zorakılıq, təhqir, təzyiq, tez-tez baş verən mübahisələr, gərginliklər, valideynlər arasında boşanma və ya ayrılıq yeniyetməni baş götürüb evdən qaçmağa vadar edir. Ailənin yeniyetməni dinləməməsi, hisslərinə və fikirlərinə hörmət etməməsi, güvən əvəzinə daim nəzarət və qadağalar. "Sən uşaqsan, bilməzsən" yanaşması, geyim, dost seçimi, təhsil və ya hobbilərə qoyulan qadağalar. Qızlara qarşı "qapalı qalmalı", "susmalı" kimi stereotiplər qızların evdən qaçmasına səbəb olan amillərdəndir. Ailənin sərt qaydaları, seçimlərə hörmət etməməsi, şəxsi sərbəstliyin olmaması da gəncləri bu yola yönəldir.
Yəni qızlar çox zaman ailə daxilində olan təzyiqlərdən yorularaq evdən qaçırlar. Evdə oğlan uşaqlarından fərqli olaraq qızlara müəyyən qadağalar, təzyiqlər olur. Qızlar da evdən qaçaraq bu ayrı-seçkiliyə görə ailələrini cəzalandırdıqlarını düşünürlər. Güman edirlər ki, bu yolla azad, sərbəst olduqlarını valideynlərinə sübut edəcəklər.
Dərs və ya gələcək planları ilə bağlı təzyiqlər. Yüksək gözləntilər, dərs yükü, qəbul imtahanları, uğursuzluq qorxusu, istənilməyən ixtisasa yönəldilmə kimi faktorlar. Həmçinin sosial mediada gördükləri həyat tərzi və ya "qaçmaq" ideyasının romantikləşdirilməsi onların düşüncələrinə təsir edir. Qaçmaq onlara yeganə çıxış yolu kimi görünür. Amma bu qərar əksər hallarda onları daha böyük təhlükələrə atır.
Qızlar tanıdıqları, yaxın qohumlarının, evinə qaçanda bu uzun sürmür. Valideynlər onları tapıb geri qaytarmağa müvəssər olurlar. Lakin sosial şəbəkədə tanış olduğu adamla qaçan qızlar "yağışdan qaçıb yağmura düşür"lər.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, evdən qaçan qızların əksəriyyəti ailə münaqişəsi zəminində problem yaşayan yeniyetmələrdir. Onlar sosial şəbəkələr vasitəsilə ünsiyyət qurduğu insanların şirnikləşdirici vədlərinə aldanaraq evdən qaçan, gözəl həyat arxasınca gedən qızlardır: “Yeniyetmə qızlar ailələrinə üsyan edərək evlərini tərk edirlər. Düşünürlər ki, evdən getsələr, problemləri həll olunacaq, rahat həyat yaşayacaqlar. Amma bunun əksi ilə qarşılaşırlar. Yeniyetmə uşaqların evdən qaçmasının ən əsas səbəbi ailələrdə olan davranışlar, uşaqlara olan münasibətdir. Diqqət, sevgi, qayğı əksikliyi, önəmsənilməməsidir. Onların problemlərini araşdırmamaq, istəklərinə biganəlikdir. Oxuduğu məktəblə ünsiyyətin zəif olmasıdır. Uşaqların sosial şəbəkələrdə nələrə baxdığına nəzarət etməməkdir. Nəticədə uşaq o diqqəti evdən kənarda, sosial şəbəkədə axtarır, müxtəlif insanlarla tanış olur. Bizim sığınacağa yerləşdirilən qızların əksəriyyəti sosial şəbəkədə tanış olduğu insanlarla münasibətin acısını yaşayanlardır. Bu tanışlıqlar seksual hərəkətlərə, uyğun olmayan davranışlara, evdən qaçmağa, erkən yaşda "ərə gedirəm" kimi acı nəticələrə, qarşı tərəfin cinayət törətməsinə gətirib çıxarır. Nəticədə uşağın həyatı mənfi səmtə istiqamətlənir. Bu baxımdan burada ən önəmli məsələ ailədə valideynin təlim-tərbiyəsinin yanlış, ailə dəyərlərinin doğru olmamasıdır".
Psixoloq Elnur Rüstəmov deyir ki, yeniyetmə qızlar özlərinin cəmiyyət və ailə tərəfindən şəxsiyyət kimi təsdiq ediməsinə çalışır. Ailədə onlara diqqət göstərilməsini, şəxsiyyət kimi qəbul olunmasını, fikirlərinin nəzərə alınmasını istəyirlər. Onları görmədikləri təqdirdə, yeniyetmə qızlar müəyyən psixoloji problemlər yaşayırlar: “Münasibətlərin pis, yeniyetmənin içində daxili narahatçılıqların olması onların evdən uzaqlaşdırır”.
Psixoloqun sözlərinə görə, evdən qaçıb Bakıya gələn yeniyetmələrin vəziyyətlərini araşdıranda, onların evdən ilk qaçışı olmadığının şahidi oluruq. Onlar ilk dəfə etirazlarını nənələrinin, qohumlarının evlərinə qaçmaqla göstərirlər: “Amma yaxınların evlərində onları tapmaq çox rahatdır. Vəziyyət ağırlaşanda valideynlərinin tapa bilməyəcəyi yerlərə qaçırlar. Bir qisim yeniyetmə isə macəra axtarışındadır. Ona görə valideynlər diqqətli olmalıdırlar. Yeniyetmənin narahatçılığına fikir verməli, keçib gedəcək deyə laqeyd yanaşmamalıdırlar. Əgər bunlar nəzərə alınsa, düşünmürəm ki, yeniyetmələrdə nəsə bir problem olsun”.
E.Rüstəmov bildirdi ki, yeniyetmə qızların formalaşmasında məktəb böyük rol oynayır. Çünki onlar zamanlarının bir qismini məktəbdə keçirir. Ona görə də müəllimlə yeniyetmə qızlarla arasında münasibət də düzgün şəkildə qurulmalıdır: “Müəllim qızların hansı ailədən gəldiyi, həmin ailədə hər hansı problemin olub-olmaması barədə məlumatlı olmalıdır. Əgər müəllim bilmirsə, məktəbdə çalışan psixoloq bu işlə maraqlanmalıdır. Bir çox yeniyetmə qızların psixoloji problem yox, davranış, ünsiyyət, şəxsiyyət pozuntusu halları müşahidə olunur. Bu kimi situasiyalarda məktəb psixoloqunun məsələyə müdaxiləsi vacibdir. Əgər nevropatoloqa ehtiyac varsa, valideyni çağırıb məlumat vermək lazımdır. Məktəb psixoloqu valideynlə söhbət edib problemi ona çatdırmalı, həll olunmadığı təqdirdə hansı fəsadların yaranacağını izah etməlidir. Əgər bu iş doğru təşkil ediləcəksə, yeniyetmələrlə bağlı problemlərimiz də müəyyən qədər azalacaq”.
Evdən qaçan qızlar bir neçə gün sonra geri dönsə belə, bu vəziyyət ailə üçün əhəmiyyətli bir siqnaldır. Onların yenidən evdən qaçmaması üçün nələr edilməsi lazım olduğu, üzərində dayanılması lazım olan ən əhəmiyyətli hissədir: “Ailə bu mövzuda bir mütəxəssisdən dəstək almalıdır. Ailədaxili ünsiyyəti gücləndirmək, sevgini hiss etdirmək, yeniyetməni mühakimə etmədən dinləmək, sərhədləri və qaydaları təyin edərkən bunların səbəblərini öyüd-nəsihət vermədən, həqiqi və yetkinin də anlaya biləcəyi dillə izah etmək lazımdır. Biz belə xəbərləri eşidən zaman evdən qaçanlara qarşı aqressivlik göstəririk. Qaçmağa səbəb olanları isə heç düşünmürük. Nəzərə almaq lazımdır ki, evdən qaçan varsa, buna səbəb olan valideynlər də var".
Psixoloq hesab edir ki, valideyn uşağına irad tutarkən belə istifadə etdiyi sözlərə, üslubuna diqqət etməlidir. Uşaqları təhqir etmək qətiyyən olmaz. Çünki yaşından asılı olmayaraq, heç kim təhqiri qəbul etmir. Amma valideyn uşağına səhvini düzgün şəkildə bildirsə, uşaq da təklikdə bunu düşünəcək və öz səhvini qəbul edəcək. Çünki şüurlu qiymətləndirmə və özünə dəyərvermənin təməli bu yanaşmalardan gəlir.
Yeniyetmə qızların tərbiyə prosesində çətinlik törədən amillərdən ən başlıcası “övladım məni eşitmir”dir. Deməli, onun bizi eşitməsi üçün başqa metodlara müraciət etməliyik.
Uşağın diqqətini özünə cəlb etməyin ən sadə yolu çox deyil, az danışmaqdır. Qəribə də olsa, bu halda onun sizi eşitmək ehtimalı daha çoxdur. Uşaqların, eşitdiklərinə cavab vermək üçün düşünüb daşınmağa ehtiyacları var. Belə ki, valideyn övladına sual verir və ya nəyisə xahiş edirsə, heç olmasa üç saniyə gözləməlidir. Bu zaman uşaq daha çox informasiya qəbul edəcək və yəqin ki, nəticədə normal cavab verəcək.
Valideynlər diqqətli dinləyici olmalıdırlar. Onun nümunə götürəcəyi bir insan olmasa böyüməkdə olan övlad da diqqətli dinləyici olmaz. Valideynin övladından tələb etdiyi hərəkət üçün özünün ona nümunə ola bilməsi vacib amildir. Valideyin övlada öyüd-nəsihət verməkdən iki dəfə artıq onu dinləməlidir. Övladı ilə nəzakətli və sakit danışmalıdır. Əgər valideynin səsində aydın hiss edilən tənqid, əmr, mühazirə, günahlandırma, yüksək ton və yalvarış varsa bu uşağın ona əhəmiyyət verməməyə məcbur edəcək. Valideyn uşaqla özünüzə rəva bildiyi danışıq tərzi ilə nəzakətlə danışmalıdır. Səs tonunu qaldırmaq əvəzinə bir qədər aşağı salmaq – yumşaq və sakit danışmaq lazımdır. Adətən bu onlar üçün gözlənilməz olur və sakitləşib qulaq asmağa başlayırlar.
Sözü deməmiş valideyn özünə diqqət yetirməli və övladının onun üzünə baxdığına əmin olmalıdır. Əgər valideyn və övlad bir-birlərinin gözünə baxırsa, uşaq valideynin ixtiyarındadır və o, öz xahiş, sualını ona verə bilər. Hər dəfə övladının diqqətini çəkməyə ehtiyac olanda, valideynlər belə etsələr uşaq onaə qulaq asmağa alışacaq.
Qısa, yumşaq və dəqiq danışmaq lazımdır. Bu yaşlarda uşaqlar uzun – uzadı “mühazirələrə” qulaq asmayacaqlarını biləndə daha çox icraçı olurlar. Buna görə də gərək valideynin xahişləri qısa və konkret olmalıdır.
Yeniyetmələrdə çox vaxt özünü böyük kimi hiss etmənin zəruriliyindən kobudluq, hörmətsizlik kimi xüsusiyyətlər əmələ gəlir. Bunun səbəbi heç də hər zaman tərbiyə proresində yol verilmiş səhvlər olmur. Sadəcə olaraq, yetişkənlik dövründə yeniyetmə, böyüdüyünü necə göstərəcəyini bilmir və əvvəllər heç də özünə rəva bilmədiyi dərəcədə kobudluq edir, xoşagəlməz ifadələrdən istifadə etməyə başlayır. Məhz bu zaman qışqırmaq, öz avtoriteti ilə “əzmək” deyil, situasiyanı yoluna qoymaq üçün valideynin düzgün davranış metodu seçməsi çox vacibdir.
Birinci növbədə yeniyetmə ilə bərabərhüquqlu insan kimi söhbət etmək, nə əzizləməmək, nə də təzyiq etməmək. Uşağın dəyərliliyini ona hiss etdirmək lazımdır ki, o, bunları hiss etmək üçün başqa yollar axtarmasın. Tez-tez uşaqla ailə məsələləri barədə məsləhətləşmək lazımdır. Onun hər hansı yeni ideyalar verəcəyi istisna deyil, bu zaman ona kobud cavab verməmək gərəkdir.
Uşaq kobudluq edərsə, bunu ona dərhal bildirmək lazımdır ki, sərhəddi aşdığını bilsin. Başlıcası odur ki, tənqid onun şəxsiyyətinə deyil, davranışına yönəlsin.
Ona nəyin düzgün olmadığını demək lazımdır. Düşünmək lazım deyil ki, o, özünü necə aparmağı bilir. Sadəcə olaraq bunu mənəviyyat dərsi şəklində deyil, dostcasına söhbət əsnasında demək lazımdır. Ən yaxşısı valideyn öz davranışı ilə uşağa nümunə olmalıdır. Böyüklər ailədə öz ünsiyyətinizə diqqət yetirməlidir. Bəlkə, əsas məsələ elə burdadır? Əbəs yerə deməyiblər ki, biz öz uşaqlarımıza nə qədər mənəvi keyfiyyətlər öyrətsək də, onlar onsuz da özlərini valideynləri kimi aparacaqlar. Düzgün davranış qaydaları haqqında söhbətləri ailə üzvləri ilə birgə yemək zamanı aparmaq məsləhətdir.
Heç bir zaman uşaqla mübahisələrə girmək olmaz. Valideyn övladına nümayişkaranə şəkildə əsəb və incikliyini göstərməməlidir. Dilə tutmaq, nəsihət vermək, acıqlanmaq – bu yollar effektli deyil, əksinə sözü gedən davranışı daha da təhrik edir. Araşdırmalar göstərir ki, yeniyetmələr kobudluqla və cavab qaytarmaqla böyüklərin diqqətini çəkməyin faydasız olduğunu görəndə, bundan əl çəkirlər. Belə ki, neytral olmaq lazımdır.
Əgər uşaq özünü yanlış və səhv aparırsa, ona iradıı başqa insanların və ya yaşıdlarının yanında deyil, yalnız təklikdə bildirmək vacib şərtdir. Əks təqdirdə onun daha böyük kobudluğuna zəmin yaratmış olmaq olar. Unutmaq lazım deyil ki, o yeniyetmə qız artıq balaca deyil və öz ünvanına deyilən istənilən tənqidi çox ağrılı qəbul edə bilər, xüsusilə də bu, digər insanlar arasında baş verərsə.
Uşaqın doğru və hörmətə layiq davranışlarını mümkün qədər tez-tez təqdir etmək lazımdır. Bu, istənilən nəticəni almağın ən sadə yoludur. Müşahidələr göstərir ki, yeniyetmələrin valideynləri təəssüf ki, çox zaman bunun əksini edirlər: yaxşı işlərə diqqət etmək əvəzinə, hər zaman “neqativə köklənirlər”.
Sosioloq Cavid İmanovun fikrincə, ailədə tərbiyə sistemi düzgün qurulmayıbsa, belə ailələrdə yaşayan yeniyetmələr, adətən uşaqlıq dövründən travmalı böyüyürlər: “Məktəbli qızların evdən qaçmasında cəmiyyət ilk baxışdan qızları günahlandırmağa meyllidir. Adətən bizim cəmiyyətdə qız uşaqlarına kiçik yaşlarında qoyulan məhdudiyyətlər yeniyetməlik dövründə onların davranışlarına olan kontrolu itirmələrinə səbəb olur. Kiçik yaşlarında digər həmyaşıdları ilə ünsiyyət tələbatının qarşısını almaq, onların birlikdə uşaqlığa xas olan oyunlar oynamasına müdaxilə uşaqların şüuraltında oturur və cücərməyə başlayır. Yeniyetmə yaşına çatdıqda və azacıq müstəqillik əldə etdikdə isə, uşaqlıqda olanlara görə etiraz etməyin vaxtı çatdığını düşünürlər. Onlar sərbəst yaşamaq istəyinə qarşı çıxan valideynləri ilə bir yerdə yaşamaq istəmir”.
Sosioloqun sözlərinə əsasən, bu gün qızların evdən qaçmasına ya ifrat dərəcədə mühafizəkarlıq, ya da ifrat özbaşınalıq səbəb olur. Hər iki variantda isə valideynlər günahkardır: “Qızların evdən qaçmasına səbəb valideyn məsuliyyətsizliyidir. Adətən belə olur. Ana işləyir və hesab edir ki, analıq funksiyasını yerinə yetirib. Ata isə əksinə, qızı ilə söhbət etmək istəmir. Bu zaman da pərdə anlayışını əsas gətirirlər. Uşaq dayənin yanında böyüyür, sonradan da məktəbin ixtiyarına verilir. Buna görə də uşaqlar kənardan gələn informasiyanın həqiqət olduğuna inanır, yad təsirlərin altına düşürlər. Halbuki valideynləri qızla danışmalı, kənarda baş verənlər haqqında məlumat verməlidirlər. Bəzən ana evdən çıxmır, cəmiyyətdə baş verənlərdən məlumatsız olur. O zaman ata qızla söhbət eləsə, yaxşı olar”.
Evdən qaçan qızların əksəriyyəti adətən aktiv sosial şəbəkə istifadəçiləridir. Qızlar əsasən internet vasitəsilə tanış olduqları oğlanların vədinə inanıb evdən qaçırlar. Bəllidir ki, qız qaçmaqla bağlı bir gündə qərar qəbul etmir, düşünür, yollar axtarır. Evdən qaçan və ya qaçmağa cəhd edən qızların çoxu təhsilsizdir. Müşahidələr göstərir ki, təhsilin səviyyəsi aşağı olan rayonlarda, kəndlərdə qızlar məlumatsız olurlar, daha tez təsir dairəsinə düşürlər. Rayonlardakı məktəblərdə uşaqlarla iş aşağı səviyyədədir, məktəb psixoloqları işləmir. Halbuki qızlarla işləmək birbaşa məktəb psixoloqunun vəzifəsidir.
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, yeniyetmə qızların evdən qaçmasına əsas səbəb cəmiyyətdə mənəvi dəyərlərin ön planda olmamasıdır: “Mənəvi dəyərlər üstün olduqda cəmiyyətdə öz-özünə ahəng yaranır. Mənəvi dəyərlər maddi dəyərlərin təzyiqi altında qalanda cəmiyyətdə əvvəldən görünməyən və qarşısı alınmayan eybəcər hadisələr ortaya çıxır. Bu, bir günün işi deyil, min illərdir belədir. Cəmiyyətin qanunu belə formalaşıb. Hər il bir cür eybəcərliyin şahidi oluruq. Mütəxəssis olaraq sizə bir proqnoz da verə bilərəm ki, ilbəil xoşagəlməz hadisələr daha da çoxalacaq. Bu mənim kəşfim deyil, ortalıqda olan bir reallıqdır. Cəmiyyətimizdə indiki vaxtda maddi dəyərlər aparıcı rol oynayır. Dünyanın bir çox yerlərində bu belədir. Maddi dəyərlər insanların davranışında, həyat mövqeyinin müəyyənləşməsində, həyat haqqında təsəvvürlərinin formalaşmasında, həyatı mənalandırmaqda aparıcı rol oynayır. Bu halda isə cəmiyyətin mənəvi immuniteti zəifləyir”.
Ə.Qəşəmoğlu yeniyetmə qızların evdən qaçmasına daha bir səbəb olaraq sosial şəbəkələri göstərir. Sosial şəbəkələr kimi vasitələr ortaya çıxandan sonra cəmiyyət bu kimi problemlərə müqavimət göstərə bilmir: “12-13 yaşında yeniyetmə qızların sosial şəbəkələrdə elə insanlarla elə münasibətdə olub, elə söhbətlər edirlər ki, bunlar qətiyyən olmaz. Mən sosial şəbəkədə bir müddət münasibətləri izləyirdim. Əvvəllər insanın bir-iki ilə psixoloji olaraq keçə bilmədiyi yolu indi sosial şəbəkədə iki-üç günə getmək olur. Bu şəbəkədəki insanların hamısı da təəssüf ki, davranışına, hərəkətinə görə arzuolunan insanlar deyillər. Ona görə də sosial şəbəkələrin də burada rolu böyükdür”.
Sosioloqun sözlərinə görə, Azərbaycan ailəsi çox gərgin bir vəziyyətdədir. Bu da övladlar üçün xoş olmayan bir mühit deməkdir: “Əvvəllər ailə daxilində nizam-intizam var idi. İndi mənəvi dəyərlərin pozulması, qloballaşmanın mənfi tərəflərinin təsiri ilə ailələrimizdə arzulolunmayan və indiyə qədər görünməyən bir gərginlik var. Ailədə və cəmiyyətdə gərginlik olması yeniyetmələr üçün ağırdır. Təəssüf ki, məktəblərdə də bu məsuliyyəti sona qədər başa düşmürlər. Məktəblərin, tədris müəssisələrinin hazırda vəzifəsi daha da artıb. Ailədə və cəmiyyətdə gərginlik olduğu üçün məktəblər yeni nəsillə daha çox işləməlidirlər. Amma indiki təhsil proqramları buna elə də şərait yaratmır”.
Nərmin Qarazadə