AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
16 aprel harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
16 aprel Dünya Bioloqlar Günüdür:
Biologiya canlılar haqqında elmdir. Canlıların ən mükəmməli olan insan öz sağlamlığını qorumaq naminə biologiyanı dərindən öyrənməlidir. Çünki hansı peşə sahibi olursa olsun, hansı vəzifəyə yiyələnmiş olursa olsun insan, bədənində və ona təsir edən ətraf mühitdə gedən vacib bioloji prosesləri bilmirsə, ürəyi ilə ciyərinin yerini səhv salırsa gülüş mənbəyinə çevrilir.
16 aprel Beynəlxalq Səs Günüdür:
Səs gününün qeyd olunması 1998-ci ildə Braziliya Lorinqologia və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb. 2002-ci ildən Amerika Baş və Boyun Cərrahiyyəsi Akademiyasının təşəbbüsü ilə hər il aprelin 16-sı Ümumdünya Səs Günü kimi qeyd olunur. Həmin günün əsas məqsədi ictimaiyyəti səsin insan həyatındakı rolu və əhəmiyyəti, səsdə yarana biləcək problemlər haqqında informasiya verməkdən ibarətdir.
16 aprel 1906-cı ildə "Dəbistan" maarifçi jurnalı Bakıda nəşr edilib:
1908-ci ilin martınadək nəşr olunan jurnalda pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Jurnalın fəaliyyətində N.Nərimanov, H.B.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq, dövrün digər tanınmış ziyalıları iştirak ediblər.
16 aprel 1916-cı ildə Azərbaycan bəstəkarı Qəmbər Hüseynli anadan olub:
Onun mahnı və romansları lirizm, milli musiqi və poeziya ilə üzvi əlaqəsi və yeni intonasiyaları ilə fərqlənir. Bəstəkarın sərhədlər aşan əsəri məşhur “Cücələrim” mahnısıdır.