Azedu.az

Yaşıl Universitet Şəhərciyi: əlverişli təhsil mühiti yaratmaq yolunda addım

Xəbərlər

14 Aprel 2025, 09:28
Yaşıl Universitet Şəhərciyi: əlverişli təhsil mühiti yaratmaq yolunda addım

Bakı ərazisində nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Baş Planla Bakının mərkəzi hissəsinin hüdudlarının yaxınlığında Yaşıl Universitet Şəhərciyinin yaradılması nəzərdə tutulub. Universitet şəhərciyi Hibrid Yaşıl Dəhlizlər şəbəkəsinə bütünlüklə inteqrə ediləcək ki, bu da əraziyə aşağı sürətli nəqliyyat vasitələri ilə gediş-gəliş imkanı təmin edəcək.

 

Yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı, tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri olacaq. Universitet şəhərciyi yaxınlıqda cəlbedici ticarət və qarışıq istifadə xidmətləri təklif edən yeni İNYŞ sistemlərinin (dəmir yolu, metro və avtobus xidmətləri) üstünlüklərindən faydalanacaq. Mərkəz daxilində həmçinin əraziyə əlavə inzibati xidmətlər göstərən özəl və dövlət qurumları yerləşəcək. Nəticədə, tədqiqat klasteri və İNYŞ sistemi birləşərək universitet şəhərciyini Bakının yeni Bilik Biznes Mərkəzinə çevirəcək.

 

Baş Planda Xocasən bilik mərkəzinin yaradılması da nəzərdə tutulur. Moskva Dövlət Universitetinin Bakı Filialının yataqxanası və universitet şəhərciyi daxil olmaqla 2040-cı ilə qədər "Bilik Mərkəzi"nin yaradılması təklif olunur. Bu mərkəz universitet təhsili ilə peşə və digər təhsil pillələri arasında əlaqəni təmin edəcək. Bilik mərkəzinin Xırdalan ilə Lökbatanın arasında yerləşməsi mərkəzə əlavə faydalar qazandıracaq. Yeni Xocasən gölü parkının yaxınlığında yerləşən bu mərkəz müasir təhsil mərkəzi olacaq. Bu ərazi Xocasənin gündəlik tələbat xidmətlərini, rekreasiya və əyləncə məkanlarını özündə birləşdirən yeni mərkəzi, yeni görüş və yerli təchizat mərkəzi olacaq. Bilik mərkəzi Xocasənin yeni yaşayış məhəllələrinə piyada gediş məsafəsində və Lökbatanda yerləşən logistika və topdan satış bazalarına velosipedlə gediş məsafəsində yerləşəcək.

 

Mərdəkanda da bilik mərkəzinin yaradılması planı var. Baş Planda müəyyən hədəf sinfinə yönəldilmiş üç bilik mərkəzinin yaradılması təklif edilir: Qala qəsəbəsində dövlət və özəl ali təhsil müəssisələri üçün ümumi bilik mərkəzi, Mərdəkan üçün geniş İNYŞ mərkəzi, Zirə qəsəbəsində kənd təsərrüfatı və aqrar-sənaye müəssisələrinin işçi qüvvəsi ilə təmin edilməsi üçün peşə təhsili mərkəzi, logistika və ümumi aviasiya xidmətləri sahəsində peşə təhsili təmin edən mərkəzin yerləşdiyi yeni hava limanı şəhərciyi nəzərdə tutulur.

 

Dünyanın bir çox inkişaf etmiş ölkələrində ali təhsil müəssisələri müxtəlif şəhərlərdə yerləşir. Burada əsas məqsəd bir şəhərə kütləvi axının və insan sıxlığının qarşısını almaqdır. Azərbaycanda isə demək olar ki, bütün universitetlər paytaxtda cəmləşib. Bu da ali təhsil almaq istəyən gənclərin paytaxtda toplanmasına səbəb olur. Nəticədə şəhərdəki sıxlıq daha da artır.

 

Azərbaycan dünyaya inteqrasiya edir. Artıq tələbələrin kampusları olmalıdır. Amma paytaxtın mərkəzindəki universitetlərin buna imkanı yoxdur. Mütləq şəkildə tələbələrin yataqxana, kitabxana, məişət-iaşə məsələləri həll olunmalıdır: Universitetlərin şəhərin mərkəzindən kənarlara köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Qonşu Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib gələ bilərlər. Şərait yaradılacağı halda tələbələr əlavə vaxt itkisinə yol verməyəcəklər. Onlar həmçinin kitabxana və yataqxana üçün başqa yerlərə getməyəcəklər. Məlum olduğu kimi, universitetdən çıxaraq qaldıqları yerə, kitabxanaya getmək kimi işlər artıq vəsait və vaxt tələb edir. Universitetlərin kampus şəklində bir çətir altında toplanması isə tələbələrin ciblərinə müəyyən dərəcədə xeyir verəcək.

 

Bəzi ölkələrdə ali təhsil müəssisələri meqapolislərdən kənarda fəaliyyət göstərir ki, bu da onların daha geniş əhatədə fəaliyyət göstərmələrinə şərait yaradıb. Onların təcrübəsində böyük kampusların yaradılması, tikintisi və işləməsi böyük üstünlük təşkil edir. Şəhər sıxlığının qarşısını almaq, bölgələrin inkişafını təşviq etmək, universitet mühiti üçün daha sakit və münbit şərait yaratmaq üçün bir çox inkişaf etmiş ölkələrdəki nüfuzlu təhsil müəsisələri paytaxtdan kənarda yerləşir.

 

Məsələn, ABŞ-ın Harvard Universiteti Boston yaxınlığında, Cambridge şəhərindədir. Stanford Universiteti San Francisco şəhərindən kənarda, Palo Alto bölgəsindədir. Cornell Universiteti Nyu-York şəhərindən uzaqda, Ithaca adlı kiçik bir şəhərdədir.

 

Böyük Britaniyanın Oxford və Cambridge universitetləri, hər ikisi Londonun kənarında, kiçik şəhərlərdədir. Durham Universiteti – Newcastlea yaxın, Durham şəhərindədir. Heidelberg Universiteti Berlin və ya Münhen kimi böyük şəhərlərdə deyil.

 

Almaniyanın məşhur Gottingen Universiteti Gottingen şəhərində yerləşir.  Azərbaycanda isə əksinədir. Ölkənin aparıcı ali təhsil müəssisələri məhz paytaxtda fəaliyyət göstərir. Hazırda paytaxt Bakının mərkəzində 10 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, bunların məhz dördü ən böyük kontingentə məxsusdur.

 

Belə ki, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Tibb Universiteti. Bu ali təhsil müəssisələrinin tələbə-müəllim kontingenti 90 min nəfərdən çoxdur. Yəni, yalnız bu universitetlərin şəhər mərkəzindən bir qədər kənara köçürülməsi ilə paytaxtın yükü xeyli yüngülləşmiş olacaq.

 

Hazırkı ölkə universitetlərinin 95-98 faizinin kampusu yoxdur. Yalnız ADA Universiteti və Bakı Ali Neft Məktəbinin kiçik kampusları yaradılıb. Bir çoxunun qapıları birbaşa küçələrə çıxır və buna görə də tələbələrin asudə vaxtının rasional təşkili mümkün olmur. Ekspertərin fikrincə, ali təhsil tələbənin yalnız auditoriyada hansısa bir mühazirəni və ya seminarı dinləməkdən ibarət olmamalıdır. Onların asudə vaxtlarının təşkili, idmanla məşğul olmaları, sosiallaşması, kitabxanada mütaliəsi çox vacibdir.

 

Təhsil eksperti Nadir İsrafilov deyir ki, xarici ölkələrdə universitetlərin böyük əksəriyyəti kampuslara malik olmaq üçün şəhərdən kənar ərazilərdə yerləşir. Ali təhsil müəssisələrinin reytinqinin əsas göstəricilərindən biri də kampusun olmasıdır. Azərbaycanda da zaman-zaman bu məsələlər qaldırılıb, müxtəlif ölkələrin təcrübəsindən nümunələr gətirilib: “Bu gün dünya reytinqlərində Azərbaycan universitetlərinin aşağı səviyyədə olmasından gileylənirik. Amma unuduruq ki, dünya təcrübəsində ali məktəblərin yüksək reytinqə malik olmasının əsas səbəblərindən biri də həmin universitetlərdə yüksək təhsil alma şəraitinin yaradılmasıdır. Məsələn, Oksford, Kembric universitetlərinə baxsaq, görərik ki, hamsı şəhərdən kənarda kampus şəraitində fəaliyyət göstərir. Yəni tıxacdan, şəhər mühitindən ayrı meşəlik ərazilərdə sakit bir guşədə yaradılır. Təhsilə dair dövlət strategiyasında və bir çox digər rəsmi sənədlərdə universitetlərin yataqxana məsələsi hər zaman önə çəkilib. Tələbə üçün normal mühit yaratmaq lazımdır ki, tələbə məişət qayğılarından azad olsun. Təəssüf ki, hamı çalışır ki, Bakıda universitetə qəbul olsun. Amma bölgə insanlarının elə həmin rayonda təhsil alması daha məqsədəuyğundur və ümumi prosesə töhfə verə bilər. Bu istiqamətdə də addımlarımızı atmalıyıq. Yəqin ki, Fəaliyyət Planı təsdiq olunduqdan sonra tədbirlərin icrasına başlanılacaq və bu sahədə konkret və əməli addımlar atılacaq. O ki, qaldı hansı universitetlərin köçürüləcəyinə, zaman-zaman bəzi universitetlərin adı çəkilib və bununla bağlı müxtəlif proqnozlar verilib. Bunlar arasında əsasən şəhərin mərkəzində və əsas magistral yolların üzərində yerləşir BDU, AzTU, AzMİU, ADU, ADNSU kimi ali təhsil müəssisələrinin adını hallandıranlar da var”.

 

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, tələbə kontingenti 20 mindən çox olan təhsil müəssisələrini şəhərdən kənara köçürmək lazımdır. Buraya Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və sair daxil edilə bilər. Tələbələrin gündəlik olaraq ictimai nəqliyyat, yaxud şəxsi avtomobillərindən istifadə etməsi də sıxlığa səbəb olan amillərdəndir. Bu universitetlərin Abşeron rayonu, yaxud Qəbələ, Şamaxı, Şirvan şəhəri kimi Bakıya daha yaxın ərazilərə köçürülməsi arzuolunandır. Bu köçürülmə həmin şəhərlərin də inkişaf etməsinə öz müsbət təsirini göstərə bilər.

 

Ekspert bildirib ki, universitetləri şəhər ətrafına, bölgələrə köçürmək üçün yeni binalar və kampuslar inşa etmək lazımdır. Belə iri layihəni həyata keçirmək böyük vəsait tələb edir: "Universitetlərin şəhərin mərkəzindən kənar ərazilərə köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Məsələn, qardaş Türkiyədə bir çox universitetlər ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərir. Onların bir çoxunda tələbələr üçün bütün şəraitin mövcud olduğu tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Ali məktəblərin kampuslarının olması təcrübəsi dünyada geniş yayılıb. Tələbə yataqxanada qalırsa, o, universitet ərazisini demək olar ki, tərk etmir. Bizdə də tələbələrə bu imkanlar yaradılacaqmı? Əsas məsələ budur".

 

Universitetlərin  köçürüləcəyi ərazilərə yaxın yerlərdə tikilməsi tələbələrin rahatlığı üçün yaxşı olar. Eyni zamanda tələbələrin laboratoriya şəraitinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli keçirilməsi üçün idman meydançalarının təşkili və bu kimi amillər nəzərə alınmalıdır. Əgər bu faktlar öz əksini taparsa, Azərbaycan universitetlərinin dünya reytinq siyahısında tədricən yer almasına təsir edə bilər. Çünki qeyd edilən nüanslar reytinq siyahısına əlavə olunacaq məqamlardır.

 

Təhsil eksperti Etibar Əliyevin sözlərinə əsasən, universitetləri yavaş-yavaş şəhər kənarına çıxarılmalıdır ki, paytaxtdakı sıxlıq aradan qalxsın: “Bir neçə universitet var ki, onların bölgələrə köçürülməsi mümkündür:. Məsələn, Neft və Sənaye, Pedaqoji, Texnoloji universitetləri köçürmək olar. Texniki təhsil verən univerisitetlər üçün çox böyük kampus lazımdır. Kiçik bir ərazidə tədrisin elmi-nəzəri, praktiki tərəfini qurmaq qeyri-mümkündür. Bu mənada universitetlər daha effektiv olur. Bütün bunlar ciddi şəkildə nəzərdən keçirilməlidir. Dünyanın bir çox ölkələrində ali təhsil müəsisələrinin böyük əksəriyyəti kampuslara malik olmaq üçün şəhərdən kənar ərazilərdə yerləşir. Yəni universitetlər kampussuz mümkün deyil. Bu, mütləq şəkildə olmalıdır. Ali təhsil müəssisələrinin reytinqinin əsas göstəricilərindən biri də kampusun olmasıdır.

 

Müasir informasiya texnologiyalarına, yüksək tələblərə cavab verən avadanlıqlara malik olmayan universitet müəyyən bir müddətdən sonra zamanla ayaqlaşa bilməyərək öz funksiyasını yerinə yetirə bilməyəcək. Tədris olunan dərslərin effektivliyini artırmaq üçün müasir texnologiyaların olduğu sinif otaqlarının, laboratoriyaların, müasir və zəngin kitabxananın, bir çox sosial təsisatların olması zəruridir. Hətta yerləşdiyi ərazinin mənzərəsi belə təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Kampuslar yaradılarkən yalnız xarici görünüşün gözəl olması nəzərdə tutulmamalıdır. Bu şəhərciklər elə qurulmalıdır ki, orada elmlə məşğul olmaq istəyənlər üçün hər cür şərait olsun. Kampus yoxluğu tələbələrin informasiya texnologiyalarından mobil şəkildə istifadəsinin, gənclərin kitabxanalara cəlb edilməsinin qarşısını alır. Bu gün dünyanın aparıcı universitetlərinin çox yaxşı kitabxana fondları var. Bizim tələbələr isə çox təəssüf ki, hər hansı materialı əldə etmək üçün kampusun yoxluğu ucbatından uzun məsafə qət edərək bu və ya digər kitabxanaya gedirlər".

 

ADA Universitetinin baş müəllimi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Orxan Kərimzadə hesab edir ki, Bakı şəhərində ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi məsələsi tələbələr üçün həm üstünlüklər, həm də çətinliklər yarada bilər. Xarici təcrübə də bu məsələnin müxtəlif aspektlərini nəzərə almağın vacibliyini göstərir: “Əgər ali təhsil müəssisələri şəhərdən kənarda yerləşərsə, bu, ilk növbədə yeni infrastruktura çıxışı təmin edəcək. Belə ki, şəhərdən kənarda yerləşən universitetlər adətən müasir kampuslara və geniş tədris sahələrinə malik olurlar. Bu, tələbələrin təhsil və sosial həyatını daha da yaxşılaşdırmağa imkan verir. Həmçinin şəhər mərkəzindən uzaq ərazilərdə yaşayış xərcləri daha aşağı olduğuna görə, tələbələr üçün maliyyə baxımından daha əlverişli şərait yaranır. Bundan əlavə, şəhərdən uzaq ərazilərdə daha sakit və təmiz mühit mövcuddur ki, bu da tələbələrin təhsil prosesinə müsbət təsir göstərə bilər”.

 

Baş müəllim bildirib ki, dünyanın bir çox ölkəsində ali təhsil müəssisələri şəhər mərkəzlərindən kənarda yerləşir. Bu təcrübə tələbələrə daha geniş tədris və yaşayış sahələri, eləcə də təbiətlə daha yaxın əlaqə imkanı verir. Eyni zamanda, universitetlərin şəhərdən kənara köçürülməsi şəhərdaxili ictimai nəqliyyat sıxlığını azaldacaq, həmin regionda yaşayış keyfiyyətini artıracaq, yeni infrastruktur və iş yerləri yaradacaq ki, bu da həmin ərazinin inkişafına müsbət təsir göstərəcək.

 

O.Kərimzadə bu cür dəyişikliklərin bəzi çətinliklər yarada biləcəyini də xatırladıb: “Universitetlərin şəhərdən kənara köçürülməsi tələbələr üçün nəqliyyat problemlərinə səbəb ola bilər. Gündəlik olaraq universitetə getmək üçün tələbələr daha çox vaxt sərf etməlidirlər və onlar ictimai nəqliyyatın çatışmazlığı ilə üzləşə bilərlər. Tələbələrin çoxu ictimai nəqliyyatdan istifadə edir. Eyni zamanda, şəhər mərkəzindəki müxtəlif əyləncə və mədəniyyət obyektlərinə çıxışın məhdud olması onların sosial həyatını məhdudlaşdıra bilər”.

 

Təhsil eksperti Qoşqar Məhərrəmovun dediyinə görə, şəhərdə yerləşən universitetlərin özünəməxsus şəhərcikləri varsa, onların şəhərdən kənara köçürülməsi düzgün deyil: “Amma dar binada, sıxılmıış bir yerdə fəaliyyət göstərən, kampusu olmayan ali məktəblərin köçürülməsi məqsədəuyğundur. Kampusa malik olmağın müəyyən üstünlükləri var. Orada tələbə üçün yataqxana tikilir, laboratoriyalar qurulur, asudə vaxtın təşkili üçün müəyyən yerlər olur. Bu mənada, universitetin şəhərcik formasında olması və onun içərisində tələbənin həyatının müxtəlif mərhələlərini yaşaya biləcəyi məkanların təşkili önəmlidir. Xarici təcrübədə də elə universitetlər var ki, yalnız bir binadan ibarətdirlər. Bu, yaxşı nümunə deyil. Universitetlərin şəhərcik formasında olması daha faydalıdır. Çünki burada kampus mədəniyyəti formalaşır, tələbələrin sosiallaşması üçün daha münbit şərait yaranır”.

 

Ekspertin fikrincə, universitetlər şəhərin xaricinə köçürülən zaman mütləq şəkildə tələbələrin rahatlığı da nəzərə alınmalıdır: “Fikrimcə, yeni kampuslar tikilib universitetlər ora köçürüləcəksə, mütləq şəhərin bir çox yerindən ödənişsiz və ya endirimli ödənişlərlə tələbələr üçün servislər təşkil olunmalıdır”.

 

Nərmin Qarazadə

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox