Ötən günlərdə imtahan suallarının yoxlanılmasına süni intellektin tətbiqi üzərində iş aparıldığı ilə bağlı fikirlər səsləndirilib. Yəni artıq gələcəkdə imtahan nəticələrinin yoxlanılmasında süni intellektdən istifadə ediləcəyi düşünülür.
Maraqlıdır, belə bir addımın atılması necə özünü büruzə verə bilər?
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib.
Onun sözlərinə görə, dünyada bir çox qiymətləndirmə şirkətləri və imtahan təşkil edən böyük, nüfuzlu qlobal qurumlar hələ ki, süni intellektdən istifadə etməyi düşünmürlər:
“Özünə hörmət edən böyük imtahan şirkəti imtahanların qiymətləndirilməsi üçün heç vaxt süni intellektə müraciət etməyi düşünməyib. Belə ki, süni intellekt xarici ölkələrdə yalnız və yalnız bir məktəb daxilində keçirilən lokal xarakterli imtahanların qiymətləndirilməsində tətbiq olunur.
Gələcəkdə də bu vəziyyətin əhəmiyyətli şəkildə dəyişəcəyi gözlənilmir. Şəxsən mən də bu fikirdəyəm. Düzdür, bu gün süni intellekt ildırım sürəti ilə inkişaf edir. Bu gün yaranan süni intellekt aləti sabah artıq köhnəlmiş sayılır. Dünyanın mənzərəsini süni intellekt dəyişir, amma əmin olun ki, heç bir süni intellekt aləti insan beyninin çoxvariantlılığını təkrar edə bilməz”.
Həmsöhbətimiz qeyd edib ki, bu gün süni intellekt 1 saniyə ərzində milyonlarla məsələnin həllini təşkil edə bilir:
“Lakin insan beyninin perspektiv imkanları və yanaşma tərzi süni intellektdən daha üstündür. Süni intellekt bir maşındır və yalnız verilən əmrlər əsasında işləyir. Düşünürəm ki, insan amilinin olduğu bir yerdə süni intellekt heç nəyi dəyişə bilmir. Bu, imtahandır. Bu məsələdə yalnız məntiqi deyil, psixoloji detalları da nəzərə almaq lazımdır. Bunu isə yalnız insan hissiyatı anlaya bilir. Süni intellekt isə hissiyyatdan kənardır.
Ona görə də istər indi, istər gələcəkdə, istər Azərbaycanda, istərsə də dünyada süni intellekt heç zaman imtahanların qiymətləndirilməsi prosesini tam şəkildə öz üzərinə götürə bilməz. Uzaq başı, hazırkı rolu bir qədər artacaq. Bəs indiki rolu nədən ibarətdir? Mən hesab edirəm ki, böyük imtahanların nəticələrinin süni intellektə tapşırılması ilə bağlı addımlar atmaq, nəinki reallaşacaq, hətta bu barədə düşünülmür belə. Biz süni intellektlə bağlı fikirlərimizi bir qədər dəqiq və ehtiyatlı şəkildə ifadə etməliyik.
Doğrudur, süni intellekt bu gün dünyanın hər anında mövcuddur. Amma insanın persepsiya imkanlarının olduğu bir yerdə süni intellektin rolu zəifləyir. Məsələn, insan gözü abituriyentin yazı xəttinə baxaraq perspektiv olaraq daha dəqiq fikir formalaşdıra bilir, nəinki süni intellekt. Təkcə bu məsələ deyil, biz bir çox digər mövzularda da insan amilinə güvənməliyik”.