Azedu.az

Psixoloq: “Evdə sevgi yoxdursa, qızlar onu başqa yerdə axtarır”

Xəbərlər

14 Aprel 2025, 15:16
Psixoloq: “Evdə sevgi yoxdursa, qızlar onu başqa yerdə axtarır”

Son günlərdə məktəblilərin valideynləri ilə yaşadığı mübahisələr nəticəsində evlərini tərk etməsi halları müşahidə olunur. Bu addımı atan yeniyetmələr yeni həyata qədəm qoymaq istəsələr də, təəssüf ki, bu cəhdlər çox vaxt xoşagəlməz sonluqla nəticələnir.

 

Bəs, belə bir dönəmdə valideynlər nəyə diqqət etməlidirlər? Xüsusilə, qız övladları ilə münasibətdə nələrə daha çox fikir verilməlidir?

 

Psixoloq Aydan Məmmədova AzEdu.az-a verdiyi açıqlamada bildirib ki, yeniyetmə qızların anaları ilə münasibətləri və evdən qaçmaları məsələsi çox mürəkkəb bir mövzudur və bu, bir sıra səbəblərlə əlaqəlidir:

158233

“Bu dövrdə qızlar öz kimliklərini tapmağa çalışır, daha müstəqil olmaq istəyirlər. Bu isə tez-tez valideynlərlə, xüsusilə anaları ilə konfliktlərə səbəb olur. Analıq instinkti ilə uşaqlarını qorumağa çalışan analar, bəzən fərqinə varmadan qızlarının azadlıq ehtiyacını boğurlar. Nəticədə qızlar özlərini sıxılmış, məhdudlaşdırılmış hiss edirlər və daha azad bir həyat arzusu ilə hərəkət edirlər".

 

Psixoloqun sözlərinə görə, bu cür hallar cəmiyyətin və medianın təsiri ilə də daha da güclənə bilir:

 

“Məsələn, Azərbaycan televiziyalarında yayımlanan əyləncə-şou xarakterli sosial verilişlər, xüsusilə yeniyetmə qızların həyatına birbaşa təsir göstərən əsas mənbələrdəndir. Həmin proqramlarda şəxsi həyat və münasibətlərlə bağlı problemlər geniş şəkildə müzakirə olunur, bu da cəmiyyətin diqqətini bu məsələlərə yönəldir.

 

Bu verilişlər gənclərin, xüsusilə həssas yaş dövründə olan qızların, öz həyatlarını bu proqramlarda gördükləri hadisələrlə müqayisə etməsinə və özlərini bu şərtlər daxilində təyin etməsinə səbəb olur. Nəticədə onlar bəzən öz davranışlarını dəyişir, riskli münasibətlərə girə və ya daha müstəqil olmaq arzusu ilə evdən qaçmağa cəhd edə bilirlər. Belə halların qarşısını almaq üçün valideynlər və bütövlükdə cəmiyyət bu məsələlərə daha həssas yanaşmalı və gəncləri düzgün istiqamətləndirməlidirlər".

 

Aydan Məmmədova əlavə edib ki, bu prosesə təsir göstərən amillərdən biri də sosial şəbəkələr və internet platformalarıdır:

 

“Bu platformalar qızların özlərini tanıtmaq, sosial mediada görünmək və populyar olmaq istəklərini artırır. Gənc qızlar sosial şəbəkələrdə gördükləri həyat tərzlərini ideal kimi qəbul edərək, o tərzə çatmaq üçün daha müstəqil olmağa can atırlar. Bu isə onları bəzən təhlükəli münasibətlərə sürükləyə və evdən qaçmaq kimi ciddi qərarlar verməyə təhrik edə bilər.

 

Bundan əlavə, bəzi hallarda evdə emosional dəstək və diqqət çatışmazlığı da bu cür hallara zəmin yaradır. Ailənin göstərdiyi qayğı və diqqət yetərli olmadıqda, qızlar başqa yerdə, daha sərbəst bir mühitdə bu ehtiyaclarını ödəməyə çalışırlar. Bu, onları həm azadlıq axtarışına, həm də qaydasız davranışlara sövq edə bilir".

 

Psixoloqun fikrincə, bütün bu amillər - sosial, psixoloji və mədəni faktorlar - yeniyetmə qızların anaları ilə münasibətlərindəki problemlərin və evdən qaçma hallarının əsas səbəbləri kimi çıxış edir:

 

“Azərbaycan efir məkanında yayımlanan sosial xarakterli proqramlar, eləcə də sosial media platformaları bu prosesdə mühüm rol oynayır. Valideynlərin, xüsusilə anaların, qız övladları ilə açıq və anlayışlı münasibət qurması, onlara emosional dəstək göstərməsi, bu cür halların qarşısını almağa kömək edə bilər".

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox