“Tək uşaqdan ailə gözləntisi hər zaman daha çox olur".
Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Nizami Orucov qeyd edib.
Onun sözlərinə görə, bu məsələdə psixoloji təsirlər və üstünlüklər əsasən ailə mühiti və uşağın böyüdülmə formasından asılı olaraq dəyişir. Psixoloji təsirlər arasında aşağıdakı məqamları qeyd etmək olar:
“Tək uşaqdan ailənin gözləntisinin hər zaman daha çox olması, uşağın özünü tənha hiss etməsi, eyni zamanda yaşına nisbətən daha tez yetkinləşməsi, məsuliyyət hissinin erkən formalaşması və paylaşma bacarıqlarının digər uşaqlara nisbətən daha gec inkişaf etməsi - bütün bunlar psixoloji təsirlərə aid edilə bilər".
Üstünlüklər mövzusuna toxunan mütəxəssis əlavə edib ki, tək uşaq olmaq bir sıra müsbət xüsusiyyətlərin formalaşmasına da şərait yaradır:
“Tək uşaqlarda özünə güvən hissi və özünüifadə bacarığının daha yaxşı inkişaf etdiyini müşahidə edirik. Belə uşaqlar ailənin diqqət mərkəzində olur, kifayət qədər qayğı və diqqət görürlər. Bu da onların təhsil və iş həyatında uğurlu olmaları ehtimalını artırır. Eyni zamanda daha bacarıqlı, məsuliyyətli və yüksək qərarvermə bacarığına sahib olmaları da müşahidə olunur".
Lakin psixoloq bildirir ki, bunlar ümumiləşdirilmiş proqnozlardır və hər uşağın fərdi inkişafı daha spesifik amillərdən asılıdır. Bu amillər aşağıdakılardır:
"Uşağın yaşı, onun cinsiyyəti, valideynlərin tərbiyə üslubu (qayğıkeşdirlər, yoxsa sərt yanaşırlar), uşağın sosial çevrəsinin genişliyi (dostlarla ünsiyyət qurur, yoxsa əsasən evdə vaxt keçirir) uşağın fərdi xüsusiyyətləri (utancaqdır, enerjilidir, lider ruhludur) və s.".
Nizami Orucov qeyd edir ki, bütün bu faktorlar tək uşağın psixoloji və sosial inkişafını formalaşdıran əsas göstəricilərdir.