AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
10 aprel harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
10 aprel İnşaatçılar Günüdür:
Hər il aprelin 10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd olunur. Bu əlamətdar günün yaranması Azərbaycan Prezidentinin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə bağlıdır. Sərəncam həm də, inşaat sahəsində çalışanların əməyinə dövlətimiz tərəfindən verilən böyük dəyəri ifadə edir.
10 aprel Beynəlxalq Bacı-Qardaş Günüdür:
1998-ci ildən bəri hər il 10 aprel tarixində dünyanın bir çox ölkələrində ailəvi bayram - Beynəlxalq Qardaş və Bacılar Günü qeyd olunur. Bu günün qeyd olunması ABŞ-dan başlayıb və orada bayram Milli Qardaş və Bacılar Günü adlanır.
Klaudiya Evart adlı bir şəxs erkən yaşlarında bacı və qardaşını itirib və itkini çox ağır keçirib. Onların xatirəsini əbədiləşdirmək üçün bacısının doğum gününü Qardaş və Bacılar günü kimi qeyd etməyə başlayıb. Tezliklə bu bayram populyarlaşıb və müxtəlif ölkələrə yayılıb.
10 aprel 1992-ci ildə Rusiya Azərbaycanın müstəqilliyini tanıyıb:
Bununla da Azərbaycanı tanıyan dövlətlərin sayı 109-a çatıb.
10 aprel 1923-cü ildə yazıçı-dramaturq Salam Qədirzadə anadan olub:
O, “46 bənövşə”, “Sevdasız aylar”, “Sən olmasaydın” və s. nəsr əsərləri, “Şirinbala bal yığır”, “Hardasan, ay subaylıq”, “Həmişəxanım” komediyalarının müəllifidir.