ABŞ-da doğum səviyyəsinin azalması fonunda siyasətçilər çoxuşaqlı ailələri təşviq etməyə başlayıb.
AzEdu.az xəbər verir ki, Pensilvaniyada yaşayan 37 yaşlı Simona Kollinz və onun əri Malkolm BBC-yə açıqlamasında beşinci uşaqlarını gözlədiklərini və "ən azı yeddi" uşaq planladıqlarını bildiriblər.
Onların fikrincə, sivilizasiyanın gələcəyi üçün daha çox uşağa ehtiyac var.
Kollinz ailəsi ABŞ-da son zamanlar sürətlə yayılan pronatalizm hərəkatının fəal tərəfdarlarıdır. Bu ideologiya aşağı doğum səviyyəsini cəmiyyət üçün təhlükə hesab edir və çıxış yolunu böyük ailələrdə görür. Onlar Donald Trampın ikinci prezidentliyi dövründə öz ideyalarını daha açıq ifadə etməyə başlayıblar.
İlon Mask da bu hərəkatın ideyalarını dəstəkləyən tanınmış şəxslərdən biridir. 14 uşağın atası olan Mask doğum səviyyəsinin azalmasını “sivilizasiya üçün ən böyük təhlükə” adlandırıb və bu sahədə araşdırmalar aparan təşkilata 10 milyon dollar ianə verib. ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə yanvarda abort əleyhinə mitinqdə çıxışı zamanı ölkədə daha çox uşağın olmasını istədiyini bildirib.
Həqiqətən Son zamanlar ABŞ-da doğum səviyyəsinin azalması ilə bağlı narahatlıqlar artmaqdadır. Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, əsrin sonuna qədər dünyanın əksər ölkələrində əhali azalacaq və bu proses iqtisadiyyata və cəmiyyətin strukturuna ciddi təsir göstərə bilər.
Pronatalizm doğum səviyyəsinin enməsini müasir cəmiyyətin əsas problemlərindən biri kimi qiymətləndirir və çıxış yolu olaraq ailələrin daha çox uşaq sahibi olmasını təklif edir. Bu ideyanın tərəfdarları hesab edirlər ki, dövlət siyasəti ailə qurmaq və uşaq böyütmək istəyənlərə daha geniş imkanlar yaratmalıdır. Onların fikrincə, mövcud sosial və iqtisadi mühit çoxuşaqlı ailələri təşviq etmir və bu da doğum səviyyəsinin azalmasına səbəb olur.
2025-ci ildə ABŞ-da ailə siyasəti ilə bağlı bəzi dəyişikliklər baş verib. Prezident fərmanlarından birində ailə qurmağın və süni mayalanma (EKO) xidmətlərinə çıxışın dəstəklənməsi qeyd olunub. Nəqliyyat Nazirliyi isə yeni layihələrdə ailə və doğum göstəriciləri yüksək olan icmalara üstünlük verilməsi barədə göstəriş verib.
Eyni zamanda, bəzi fond və təşkilatlar doğum səviyyəsinin artırılması və ailə rifahı ilə bağlı araşdırmalara böyük vəsait ayırır. ABŞ-ın bir neçə ştatında doğum göstəricilərinin artırılması məqsədilə vergi güzəştləri və uşaq baxımı ilə bağlı təşəbbüslər irəli sürülüb.