Azedu.az

“Məktəbli Avtobusu”nun gələcəyi: Bakıdakı tıxaclara HƏLL

Xəbərlər

7 Aprel 2025, 09:09
“Məktəbli Avtobusu”nun gələcəyi: Bakıdakı tıxaclara HƏLL

Məlum olduğu kimi, bir müddət öncə Prezident İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramınında Bakının nəqliyyat sıxlığına təsir edən məqamlar, onların aradan qaldırılması ilə yanaşı, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə məktəb avtobuslarından istifadənin təşkili də nəzərdə tutulub.

 

Məsələnin icrası, ehtiyacların müəyyən olunması Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb.

 

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, paytaxdakı “Məktəbli avtobusu” layihəsində məntiq tamamilə fərqlidir və layihənin üzərində hazırda işlər gedir, yaxın zamanda bunun təqdimatının olması planlaşdırılır.

 

Məktəb avtobusları, şagirdlərin məktəbə və evə təhlükəsiz şəkildə daşınmasını təmin edən xüsusi nəqliyyat vasitələridir. Bu avtobuslar, çoxsaylı şagirdləri eyni vaxtda daşıdığı üçün, fərdi avtomobillərin sayını azaldır, bu da hava çirklənməsini, tıxacları və enerji sərfini azaldır. Bu, şəhər ətrafında ekoloji vəziyyəti yaxşılaşdırır. Şagirdlər məktəb avtobusunda digər həmyaşıdları ilə bir arada olduqları üçün sosial əlaqələr qurur, dostluqlar inkişaf edir və birgə fəaliyyətlərə iştirak edirlər. Bu da onların psixoloji inkişafına müsbət təsir göstərir.

 

Hazırda Bakı və digər iri şəhərlərdə səhər saatlarında və dərs bitdikdən sonra yollarda ciddi sıxlıq müşahidə olunur. Bunun əsas səbəblərindən biri valideynlərin övladlarını fərdi avtomobillərlə məktəbə aparıb-gətirməsidir. Məktəb avtobuslarının tətbiqi ilə bu yük azalacaq, yollar daha az yüklənəcək və nəqliyyat axını daha səmərəli təşkil olunacaq. Həmçinin, bu sistem sürücülərin yol hərəkəti zamanı məktəblərin qarşısında nizamsız dayanma hallarının qarşısını alacaq.

 

Məktəb avtobuslarının başqa bir üstünlüyü valideynlər üçün əlavə rahatlıq yaratmasıdır. Hal-hazırda bir çox valideyn iş saatlarına uyğun olaraq övladlarını məktəbə aparmaq və gətirmək üçün ciddi vaxt itkisi ilə qarşılaşır. Xüsusilə səhər saatlarında həm işə, həm də məktəbə yetişmək üçün sıxlıqla mübarizə aparmaq çətinlik yaradır. Məktəb avtobusları bu problemi həll edərək valideynlərə gündəlik planlamalarını daha rahat tənzimləmək imkanı verəcək. Eyni zamanda, yanacaq və nəqliyyat xərclərinin azalması da ailə büdcəsinə müsbət təsir edəcək.

 

Məktəb avtobuslarının tətbiqi dünya təcrübəsində geniş yayılmış bir sistemdir və təhsil sahəsində böyük uğurlar qazanan ölkələr bu modeli uzun illərdir tətbiq edir. ABŞ-də məktəb avtobusları dövlət tərəfindən ciddi qaydalarla tənzimlənir. Xüsusi sarı rəngli avtobuslar təhlükəsizlik siqnalları və dayanma işarələri ilə təchiz olunur, sürücülərin isə xüsusi təlim keçməsi tələb olunur. Yol hərəkəti qaydalarına görə, məktəb avtobusu dayanarkən digər nəqliyyat vasitələri də dayanmalı və şagirdlərin təhlükəsiz şəkildə enib-minməsinə şərait yaratmalıdır. Kanada və Avstraliya kimi ölkələrdə də bu sistem uğurla tətbiq edilir. Almaniya və Fransa kimi Avropa ölkələrində isə məktəb avtobusları xüsusi nəqliyyat dəhlizlərində hərəkət edir və şagirdlər üçün əlavə rahatlıq təmin edir.

 

Azərbaycanda bu sistemin tətbiqi üçün bəzi hüquqi və infrastruktur məsələlərinin həlli vacibdir. Avtobus marşrutlarının müəyyən edilməsi, sürücülərin xüsusi hazırlıq keçməsi, avtobus dayanacaqlarının təhlükəsiz və rahat şəkildə yerləşdirilməsi və avtobusların müasir tələblərə uyğun şəkildə təchiz olunması mühüm amillərdir. Bundan əlavə, valideynlərin bu sistemə inteqrasiyası üçün maarifləndirmə işləri aparılmalı, məktəb avtobuslarının istifadəsinin üstünlükləri geniş izah edilməlidir.

 

Məktəb avtobuslarının tətbiqi təhsil sisteminə də müsbət təsir göstərəcək. Şagirdlərin məktəbə vaxtında və nizamlı şəkildə gəlməsi onların dərsə davamiyyətini artıracaq, gecikmələrin və intizamsızlığın azalmasına səbəb olacaq. Bu isə təhsilin keyfiyyətinə müsbət təsir edəcək və məktəb intizamını daha sistemli hala gətirəcək. Əlavə olaraq, məktəb avtobusları xüsusilə rayon və kənd yerlərində yaşayan şagirdlər üçün böyük rahatlıq yaradacaq. Uzaq məsafələrə piyada və ya çətin nəqliyyat şərtləri ilə gedən şagirdlər üçün bu sistem daha əlçatan təhsil imkanları yaradacaq.

 

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində şagirdlərin daşınması məktəbli avtobusları vasitəsilə həyata keçirilir. Avropa ölkələrində, məsələn, Almaniyada məktəb avtobusları daha çox kənd və şəhərətrafı bölgələrdə aktiv fəaliyyət göstərir və burada marşrutlar konkret olaraq təhsil müəssisələrinin yerləşdiyi ərazilərə uyğun planlaşdırılır. Xüsusi təyinatlı belə nəqliyyat vasitələri təhlükəsizlik baxımından da olduqca əlverişlidir. Azərbaycanın da bu təcrübədən faydalanaraq sistemli bir yanaşma ortaya qoyması vacibdir. Valideynlər bu zaman övladlarını məktəbə aparmaq qayğısından azad olar, yollarda yaranan tıxacın isə qarşısı alınar: “Bu halda həm valideynlər vaxt itirməyəcək, həm də xərclər azalacaq. Mövcud vəziyyətdə bəzi ailələr öz övladlarını taksi və ya şəxsi avtomobil ilə məktəbə aparmalı olur ki, bu da əlavə maliyyə yükü yaradır. Dövlət tərəfindən təmin edilən məktəb avtobusları isə bu problemi həll edərək bütün şagirdlər üçün bərabər imkanlar yaradacaq”.

 

Ekspert vurğulayıb ki, natamam orta təhsilin olduğu kəndlərdə şagirdlərin daşınmasının dövlət hesabına təmin edilməsi dağlıq ərazilərdə şagirdlərin tam orta təhsil almasına gətirib çıxarda bilər: "Bəzi valideynlər uşaqlarını uzaq məsafəyə apara bilmədiklərindən ibtidai sinifdən, eləcə də 9-cu sinifdən məktəbdən çıxardırlar. Halbuki belə ərazilərdə dövlət məktəblilərin nəqliyyat xərcini qarşılayarsa, onlar arasında tam orta təhsil alanların, ali məktəbə qəbul olanların da sayı artar".

 

Nadir İsrafilovun dediyinə görə, bir çox ölkələrin qanunvericiliyində göstərilir ki, məktəb avtobuslarına yaxınlaşanda və ya yanından keçəndə sürət həddi mütləq aşağı salınmalıdır. Məhz buna görə də məktəbli avtobusları ən az qəzaya uğrayan nəqliyyat hesab edilir. Həmin avtobuslar uşaqların mənzil başına təhlükəsiz çatmasını təmin etməklə yanaşı, həm də onlar arasında ayrı-seçkiliyi aradan qaldırır. Bundan başqa məktəbin xüsusi nəqliyyatının mövcud olması təhsilin keyfiyyətinə müsbət təsir göstərir".

 

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, "Məktəbli avtobusu" layihəsinin ən böyük təsiri, düşünürəm ki, məhz rayon məktəblərində hiss olunacaq. Bu təşəbbüs bölgələrdə təhsil keyfiyyətinin yüksəlməsinə paytaxt məktəblərinə nisbətən daha çox töhfə verəcək: "Məktəbli avtobusu" layihəsi həm paytaxt, həm də bölgə məktəbləri üçün nəzərdə tutulur. Xüsusilə bölgə məktəblərində bəzi təhsil müəssisələrində şagird sayı azdır. Bu səbəbdən, həmin məktəblərin birləşdirilməsi nəticəsində bir kənd məktəbindən digərinə və ya rayon mərkəzinə şagirdlərin rahat daşınmasını təmin etmək məqsədilə məktəbli avtobusları istifadəyə veriləcək. Əgər bir məktəbdə cəmi 8-10 nəfər şagird təhsil alırsa, bu, həmin məktəbin saxlanması üçün yüksək maliyyə xərcləri tələb edir. Amma məktəbli avtobuslarının köməyi ilə həmin şagirdlər 6-10 km məsafəyə daşınaraq, daha az xərc hesabına daha böyük, 20-25 nəfərlik auditoriyada və məktəbdə təhsillərini davam etdirə bilərlər. Bu yanaşma həm maliyyə baxımından qənaətcil olacaq, həm də şagirdlərin daha geniş və keyfiyyətli təhsil imkanlarından faydalanmasına şərait yaradacaq. Xüsusilə bölgələrdə məktəblərin birləşdirilməsi yolu ilə həyata keçirilən bu layihə, təhsil səviyyəsinin yüksəldilməsinə və şagirdlərin daha yaxşı təhsil imkanlarına sahib olmasına kömək edəcək”.

 

Bu gün məktəblilərin daşınması üçün əsas yük ictimai nəqliyyatın, taksinin, eləcə də şəxsi minik avtomobillərinin üzərinə düşdüyündən, paytaxt yollarında tıxac, avtobuslarda isə sıxlıq olur. Məktəblilərin dərsdən çıxan və dərsə gedən vaxtlarında uşaqlarını məktəbə gətirən və məktəbdən götürən valideynlər avtomobillərini məktəbin qarşısında heç bir qayda-qanun gözləmədən saxlayırlar. Bu zaman digər hərəkət iştirakçılarını nəzərə almayan sürücülər yolun böyük bir hissəsini bağlayırlar. Onların əksəriyyətinin uşaqlarını məktəbdən götürmək istəyi isə vəziyyəti daha da ağırlaşdırır.

 

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun fikrincə, şagirdlərin şəxsi avtomobillərlə daşınması şəhər nəqliyyatının yüklənməsində ciddi faktordur. Bakı ətrafında yüz minlərlə insanın məskunlaşdığı məntəqələrdə məktəb yoxdur. Elə yaşayış məntəqələri var ki, məktəb olsa da, şəraiti qənaətbəxş deyil, yaxud tədris valideynləri qane etmir. Bu səbəbdən valideyin məcbur qalıb uşağı şəxsi avtomobili və ya taksi ilə başqa məktəbə aparır. Bu da yollarda, xüsusən də məktəblərin yerləşdiyi ərazilərdə tıxacların yaranmasına səbəb olur: “Məktəbli avtobuslarının istifadəyə verilməsi hər şeydən əvvəl valideynlərin vaxtına və puluna qənaət etmək deməkdir. Əgər məktəbli avtobusları olarsa, məktəblərin qarşısındakı keçilməz tıxacları görmərik. Təmayüllü və xüsusi təyinatlı məktəblərdə nəqliyyatın uşaqları məktəbə aparmasına ehtiyac ola bilər. Amma burada da xüsusi təyinatlı avtobuslardan istifadə olunmalıdır. Məktəbli avtobusları nəqliyyatın intensiv hərəkəti, eləcə də uşaqların təhlukəsizliyi baxımından faydalıdır. Bu, bütün dünyada qəbul olunub”.

 

Ekspertin dediyinə görə, məktəbli avtobuslarında təhlükəsizlik məsələsi də önəmlidir. Eyni zamanda qanunvericilikdə nəzərdə tutulan tələblər gözlənilməlidir: “Avtobuslara gündəlik texniki qulluq edilməli, sürücü tibbi müayinədən keçməlidir, avtobus qarajda saxlanmalıdır, sürücünün iş rejiminə diqqət etmək lazımdır. Daşıyıcı təşkilatın olması məqsədəuyğun olar. Bu kimi məqamlara xüsusi olaraq diqqət yetirilməlidir".

 

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib edib ki, Azərbaycanda bir sıra özəl məktəb və liseylərdə məktəb servisləri var və valideynlər bu xidmətdən olduqca razıdırlar: "Hərəkətin təhlükəsizliyi baxımından məktəb avtobuslarının olması vacibdir. Çünki bir avtobus 30-40 şagirdi eyni vaxtda məktəbə gətirib-aparırsa, bu o deməkdir ki, hansısa məktəbin qarşısından 30-40 avtomobil azalır. Bu, çox yaxşı haldır. Yollarda sıxlığın da azalmasına səbəb olur".

 

Elməddin Muradlı bildirib ki, valideynlər uşaqlarını məktəbə aparıb-gətirməyə çox xərc çəkir: "Tıxacların, məktəblərin qarşısındakı sıxlığın qarşısının alınması üçün məktəb avtobusları əlverişlidir. Eyni zamanda bu, valideynlərin büdcəsinə də xeyirdir. Məktəbli avtobuslarının təşkil olunması yüzlərlə insanın işlə təmin olunması deməkdir”.

 

Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, Bakıda tıxacın əsas səbəblərindən biri uşaqların danışması ilə bağlıdır: "Bir çox ailələr uşaqlarını məktəbə ya maşınla gətirirlər, ya da taksilərdən istifadə edirlər. İmkanlı ailələr hətta ayrıca sürücü və ya maşın tuturlar. Bakıda istənilən məktəbin qarşısında izdiham, avtomobil çoxluğunu görmək mümkündür. Bu da qeyd etdiyimiz kimi ümumi prosesə öz mənfi təsirini göstərir. Biz düşünməliyik ki, hansısa formada uşaqların məktəbə avtobusla gediş-gəlişi təmin olunsun. Bir var ki, məktəbdə 500 uşaq təhsil alır və ora 100 şagirdin iki nəfər valideyni öz uşağını daşıyır, görün, bu nə qədər tıxac yaradır. Əlbəttə, biz bütün məktəblərə avtobus ala bilmərik. Bu, böyük vəsait tələb edir. Ancaq nəqliyyat şirkətləri ilə, bu sahədə çalışan qurumlarla müəyyən danışıqlar aparmaq olar".

 

Millət vəkili qeyd edib ki, valideynlər hər ay sürücü, taksiyə verdikləri ödənişlə müəyyən bir rəmzi məbləğ ödəyərək uşaqların avtobusla məktəblərə getmələrini təmin edə bilərlər: "Yəni valideyn hər dəfə benzinə nə qədər pul verir, sürücüyə nə qədər pul verirsə, bunu qeyd etdiyimiz formada müəyyən ödənişlər və razılaşdırma əsasında həyata keçirə bilərlər. Hesab edirəm ki, bu effektiv bir məsələ olar. 30-50 maşının bir məktəbin qarşısında dayanmağındansa, daha az vəsait sərf edərək bu məqsədimizə nail ola bilərik və tıxacla bağlı problem də bir qədər azalar".

 

Nərmin Qarazadə

Şok - Bakıdakı rus evi bərpa ediləcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox