Sosial mediada və bir sıra xəbər saytlarında Mədəniyyət Nazirliyi sistemində keçiriləcək müəllimlərin attestasiyası imtahanı ilə bağlı iddialar yayılıb.
Belə ki, televiziyada yayımlanan verilişlərin birində mədəniyyət nazirinin müşaviri Cəsarət Valehovun attestasiyada iştirak edən müəllimlərin heç birinin kəsilməyəcəyini bildirildiyi iddia edilir.
AzEdu.az Modern.az-a istinadən xəbər verir ki,sözügedən veriliş yanvarın 31-də "İctimai TV"də yayımlanıb.
Kanalın “Səhər” proqramında Cəsarət Valehov və professor Məmməd Quliyev Mədəniyyət Nazirliyi sistemində keçiriləcək müəllimlərin attestasiyasından danışıblar.
Ancaq verilişdə attestasiyadan keçməyən müəllimlərin tədris prosesindən uzaqlaşdırılmayacağı ilə bağlı hər hansı fikir səsləndirilməyib.
Cəsarət Valehov müsahibədə qeyd edib ki, bu attestasiyanın keçrilməsində Mədəniyyət Nazirliyinin niyyəti müəllimlərin işdən çıxarılması, onlara olan hansısa təhdidlər deyil. Bu peşəkarlıq səriştəsinin yoxlanılması, bacarıqlarının dəyərləndirilməsidir.
Nazir müşaviri attestasiyadan kəsilənlərin aqibəti ilə bağlı suala cavabında (videonun 13.31-ci dəqiqəsində) qeyd edir ki, əgər müəllim öz işini normal görürsə, şagirdlə uyğun tədris prosesini icra edirsə onun attestasiyadan keçməmək şansı yoxdur.
Görünür, sosial mediada, məlum videoda səsləndirilən fikirlər konteksdən çıxarılıb və insanları səhv yönləndiriblər.
Sözügedən müsahibəni təqdim edirik: