Hər yeni ilin 88-ci günündə dünya musiqi ictimaiyyəti Fortepiano Gününü qeyd edir. 2015-ci ildə bir qrup məşhur musiqiçi tərəfindən təsis edilən bu əlamətdar günün məhz bu qaydada qeyd olunması pianonun dillərinin sayı (88 dil) ilə əlaqədardır.
AzEdu.az xəbər verir ki, Fortepiano Günündə hər il dünyanın müxtəlif ölkələrindəki böyük konsert məkanlarında tanınmış pianoçular klassiklərin əsərlərini ifa edir, televiziya və radio şouları təşkil olunur. Bu il artıq 10-cu dəfə qeyd edilən pianoçuların bayramı münasibətilə “Piano Day Vol” adlı ilk sinql albom buraxılıb. “Ad Harmonium” duetinin "Words" mahnısı 2025-ci il üçün xüsusi olaraq Fortepiano Günü üçün yaradılmış başqa möhtəşəm əməkdaşlığın musiqili başlanğıcını qeyd edir. “Piano Day Vol” martın 29-da bütün platformalar vasitəsilə yayımlanır.
Azərbaycanda fortepiano musiqisinin yaranması, təşəkkülü və inkişaf tarixi dahi bəstəkar, görkəmli musiqi xadimi, Azərbaycan xalq musiqisinin tədqiqatçısı, publisist-dramaturq Üzeyir bəy Hacıbəyli və peşəkar musiqi təhsili almış ilk azərbaycanlı bəstəkar Asəf Zeynallının adı ilə bağlıdır.
Üzeyir bəy 1925-1945-ci illərdə fortepiano musiqisi sahəsinə müraciət edərək uşaqlar üçün pyeslər bəstələyib. Onun təşəbbüsü ilə 1920-ci illərin əvvəllərində xüsusi Türk musiqi məktəbi təsis olunub. Bu məktəbin ilk tələbələrindən biri də Asəf Zeynallı idi. O, fortepiano musiqisi sahəsində bir sıra maraqlı əsərlər bəstələyib ki, onlar bu günədək öz əhəmiyyətini itirməyib. A. Zeynallı milli musiqi elementlərin Avropa klassik musiqi tələbləri, klassik musiqi irsinin ən yaxşı ənənələrilə qarşılıqlı surətdə qovuşdurulmasına can atırdı. Onun “Uşaq süitası” əsərində Azərbaycan musiqisinin milli elementləri Avropa klassik musiqisinin ənənəvi elementi olan üç hissəli forma ilə üzvi surətdə qovuşdurulub.
Dünya musiqi sənətinə tanınmış fortepiano ifaçıları bəxş etmiş Azərbaycanın ilk qadın pianoçusu isə bu il anadan olmasının 132-ci ildönümü qeyd edilən və 1938-ci ildə repressiya qurbanı olmuş Xədicə xanım Qayıbovadır.