Azedu.az

Təhsilsiz qız: savadsız cəmiyyət, ümidsiz gələcək

Xəbərlər

Müəllimlər və elm adamları

28 Mart 2025, 15:14
Təhsilsiz qız: savadsız cəmiyyət, ümidsiz gələcək

Bir neçə gün əvvəl Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı kişidən dünyaya uşaq gətirməsi barədə xəbər yayılıb. Məlumata görə, ailələrin razılığı ilə qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış.

 

Nişan məclisindən qızın hamilə qaldığı məlum olub və ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər. Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar. Faktla bağlı cinayət işi açılıb. Məhkəmə istintaqı dövründə onların övladları dünyaya gəlib. Zərərçəkmiş kimi tanınan 13 yaşlı qız və ailəsi şikayətçi olmayıblar. Onların övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb.
 

Məhkəmənin hökmü ilə Şəhriyar (ad şərtidir) barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Rəsmi açıqlamada bildirilib ki, Ağcabədi rayonunda 2010-cu il təvəllüdlü G.M.-in valideynləri polis şöbəsinə dəvət olunaraq, onlarla profilaktiki söhbət aparılıb. Qız öz valideynlərinin himayəsinə təhvil verilib.

 

Hər bir valideynin başlıca istəyi, arzusu övladının savadlı, təhsilli, xüsusilə də ali təhsilli olması və bir şəxsiyyət kimi cəmiyyətdə layiqli mövqe tutması olmalıdır. Əsasən də qızların təhsilli, savadlı olmasına xüsusi diqqət yetirilməlidir. Çünki nə olursa olsun, həyatın gözlənilməz sınaqlarına sinə gəlmək, öz ayaqları üzərində dayanmağı bacarması üçün qadının təhsilli olması vacibdir

 

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun xanımı Kəmalə Allahyarova həyat yoldaşını itirdikdən sonra ayaqda durmaq və övladlarını böyüdüb boya-başa çatdırmaq üçün təhsil almağa başlayıb. Ona görə, təhsil bir qadın üçün ən böyük gücdür: "Mənəvi güc... Təhsil qadının özünə inamını artıran, həyata daha aydın baxmasına, sağlam düşüncəylə qərarlar almasına səbəb olur. Düşünürəm ki, savadlı, təhsilli qadın – savadlı ana, savadlı övlad deməkdir. Qız uşaqlarının təhsil alması hər bir ailənin ən vacib missiyası olmalıdır, məncə. Çünki nə olursa, olsun, qadın öz ayaqları üzərində dayanmağı bacarmalıdır. Həyatdır, hər şey baş verə bilər. Bəzən maddi, bəzən mənəvi çətinliklər olur. Həyatında heç bir çətinlik olmasa belə, təhsil önəmlidir. Çünki təhsilli qadının düşüncəsi, yanaşma tərzi, həyata baxış bucağı fərqli olur”.

 

Kəmalə Allahyarovanın sözlərinə görə, 2020-ci il 3 noyabr tarixində həyat yoldaşı şəhid olub: “O gün həyatım tamamilə dəyişdi. Nə edəcəyimi, nə düşünəcəyimi bilmirdim. Həyat sanki mənasını itirmişdi. Lakin yanımda 2 yaşlı qızım və 1 ay sonra doğulacaq oğlum vardı. Onlar üçün həyata davam etməli və daha güclü olmalı idim. Qarşıma qoyduğum əsas məqsəd isə təhsil almaq idi. Oğlum dünyaya gələndən 3 ay sonra mən artıq imtahana hazırlaşmağa başladım və  həmin ilin yayında kollecə qəbul oldum”.

 

Kəmalənin təhsil yolunda inam, qətiyyət və uğurla atdığı addımlar həm də onun övladlarının həyatına saçılan işıq, onları daha sağlam şəkildə yetişdirməsi deməkdir. O, özü də bunu anlayır, daha çox çalışır. Nə qədər çətin olsa da, fəxarət hissiylə qəhrəman xanımı bu məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlir deyə bilərik: "Övladlarım üçün sağlam gələcək qurmaq isdəyirəm. Onlara hər mənada dəstək olmaq, həyatda uğur qazanıb, istədikləri mövqeyə çatmaları, şəxsiyyət kimi formalaşmaları üçün çalışıram. İstəyirəm ki, onlar yanlarında daim açıqfikirli və öz ayaqları üzərində dayana bilən anaları olduğunu bilsinlər və onlar da cəsarətlə addımlasınlar”.

 

Təəssüf ki, bu gün qız övladlarının təhsil almasında maraqlı olmayan, onları ərə verməklə bu məsuliyyətdən yayınmağı üstün tutan valideynlər var. Hələ də bəzi valideynlər hesab edirlər ki, qız övladları təhsil almaqdansa, erkən yaşda ailə qursa, yaxşıdır. Bu məqsədlə də onları məktəbdən, təhsildən uzaqlaşdırıb ailə qurdururlar.

 

XX əsrin əvvəllərinədək qızların zorla erkən yaşda ərə verilməsi Azərbaycanda geniş yayılmış bir hal idi. Qızlar çox zaman 12-13 yaşında kəbinli qadın olmaq məcburiyyətində qalırdılar. Qismən Xalq Cümhuriyyəti dövründə, əsaslı şəkildə isə Sovet hakimiyyəti zamanı, yəni XX əsrin 30-cu illərində vidalaşdığımız bu problem, təəssüf ki, yenə də aktualdır. Qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi bu günün də acı reallığıdır. Yetkinlik yaşına çatmayan qızların məktəbdən yayındırılması və zorla ərə verilməsi faktları bu gün də var. Bəzi bölgələrdə vəziyyət daha da acınacaqlıdır. Hətta qızları bəzən valideynləri ümumiyyətlə məktəbə getməyə qoymur. Orta məktəbi qurtarıb ərə getməyən qız “evdə qalmış” hesab olunur və ictimai qınaq hədəfinə çevrilir. Qızları məktəbdən kənarlaşdırarkən onların rəyi nəzərə alınmır. Qızlar 13-14 yaşına çatdıqda orta məktəbdən məcburi şəkildə çıxarılır və ona ərə getməyin vacibliyinə dair yerli ənənələr məcburi qaydada aşılanır. Bundan imtina etdikdə isə onlar ailə və yaxın qohumlar tərəfindən müxtəlif təzyiqlərə məruz qalır, ictimai qınaqla rastlaşır ki, bu da nəticədə həddi-buluğa çatmayan gənc qızların psixoloji sarsıntı keçirməsinə səbəb olur.

 

Belə qızlar zorla ərə verilməklə həm də öz sosial hüquqlarından imtina etmək məcburiyyətində qalırlar. Qızların 4, 5 və 6-cı siniflərdən məktəbdən çıxarılması və 13, 14 yaşlarında nişanlanması, 14-15 yaşdan etibarən ərə verilməsi bəzi bölgələrdə yerli ənənə hesab olunur. Beləliklə, onlar təhsil almaq və cəmiyyətə inteqrasiya etmək hüququndan məhrum edilir və cəmiyyətdən təcrid vəziyyətinə düşürlər.

 

Yetkinlik yaşına çatmayan qızlar dini kəbin kəsməklə ərə verilir və rəsmi nikahdan kənarda qalırlar. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, qızların müstəqil ailə qurmaq və təhsil almaq hüququnun əlindən alınması ilə nəticələnir.

 

Həkim-psixoloq Arifə Məmmədova deyir ki, 14-15 yaşlı qız bioloji cəhətdən ana olmağa hazır görünsə belə, psixoloji baxımdan o, buna hazır olmur: “Erkən nikahların sonradan çox sayda ciddi fəsadları ortaya çıxır. 15 yaşlı qız uşağı ərə gedərkən onda heç emosiyalar da oyanmır. Ərə gedəndən 5-6 il sonra, tam formalaşanda onda sevgi hissi də yarana bilər. Bilmək olmaz ki, bu sevgi həyat yoldaşına qarşı olacaq, yoxsa hansısa ayrı adama. Bu da böyük problemlər yarada bilər”.

 

Erkən ərə gedən qızlar ana olan zaman öz uşaqlarına qarşı laqeyd münasibət göstərirlər. Çünki onun özü hələ uşaqdır. Ana ilə uşaq arasında 14-15 yaş fərq olur. Bacı-qardaş arasında da belə fərq ola bilər. Həm də onların emosiyası da tam böyük insanın emosiyası deyil. Onlar üçün orta rəng yoxdur. Həyat ya qara, ya ağ, yaxşı, ya da pisdir. Ona görə də reaksiyaları bəzən çox kəskin olur. O cümlədən öz uşaqlarına qarşı. Özü hələ uşaq olan, gəlinciklərlə oynamaqdan doymayan bir insanın özünün övladı dünyaya gələndə o uşaq ona artıq kimi görünür. Analıq hissini qətiyyən dərk etmirlər. O qızlarda analıq hissi yerli-dibli inkişaf etmir. Analıq hissinin inkişafı üçün qadına müəyyən yaş həddi lazımdır. Həmin yaş həddi yetişmədiyinə görə, ana olmaq onlar üçün psixoloji zərbədir.

 

Millət vəkili Zahid Oruc hesab edir ki, qızların yüksək səviyyədə təhsil almasına nail olmaq lazımdır. Nəinki erkən ailə qurmasına. Çünki qız uşaqları gələcəyin analarıdır. Uşağın tərbiyəsində, elmə yiyələnməsində qadın çox önəmli rol oynadığı üçün onların savadlı, alitəhsilli olması vacibdir: "Əgər biz cəmiyyət üçün layiqli vətəndaş yetişdirmək istəyiriksə, gələcəyin anası olan qızların təhsilli olmasına çalışmalıyıq".

 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehiban Zeynalova hesab edir ki, qadınların təhsilli olması erkən yaşda nikahların azalması deməkdir: “Qızların təhsilə cəlb edilməsi istiqamətində atılan addımların, stimullaşdırıcı tədbirlərin nəticələrini görmək arzuolunandır. Amma yenə də qızların təhsildən yayındırılması sahəsində görüləcək işlər çoxdur. Son bir neçə ildə ali məktəbə daxil olan qızların sayının artması mövcud problemin tamamilə aradan qalxması anlamına gəlib bizi arxayın salmamalıdır. Əgər qızların daha çox təhsil almasını istəyiriksə, bununla bağlı maarifləndirmə işləri daha çox aparılmalıdır. Qızların təhsilə cəlb olunması üçün xüsusən də bölgələrdə maarifləndirmə işlərinin aparılması daha məqsədəuyğun olar. Qadının təhsilli olması və işləməsi özünü daha yüksək iqtisadi azadlıqla təmin etməsi deməkdir.

 

Təəssüf ki, bəzi ailələr qızlarını təhsildən yayındıraraq, onları erkən evliliyə sövq edirlər. Hansısa rayonda, kənddə erkən nikahla bağlı aşkarlanan faktlar isə birmənalı olaraq qızların təhsildən yayındırılması, qız uşaqlarının ali təhsil almaq imkanlarının məhdudlaşdırılması deməkdir.  Qız uşaqlarını təhsildən yayındırmaq indiki halda valideyn üçün rahat görünə bilər. Onlar düşünürlər ki, qız uşağı “problem”dir və ondan xilas olum. Halbuki, erkən evliliklə bu “problem” bitmir, əksinə, bundan sonra daha ciddi problemlər sizi gözləyir. Təhsili, savadı olmayan bir qadının həm özü, həm dünyaya gətirdiyi uşaqlar gələcəkdə risk qrupuna daxil olurlar. Bir qadını erkən evliliyə sövq etmək onun hüququnu, azadlığını əlindən almaq deməkdir. Odur ki, erkən nikah sayı sıfırlanana qədər qız uşaqlarının təhsildən yayındırılması problemi bizim üçün aktual mövzu olaraq qalmalıdır”.

 

Mehriban Zeynalova deyir ki, daim erkən nigah məsələsi ilə bağlı maarifləndirmə işi aparılır, həmçinin, qanunla bununla bağlı cinayət məsuliyyəti də var. Lakin cinayət məsuliyyəti yalnız nikaha girən şəxslə bağlıdır. Unutmaq olmaz ki, burada iştirakçılar da var. Məsələn, araşdıranda məlum olur ki, erkən nikahların əksəriyyəti dini nikahla baş tutub. Belə olan halda dindarlar prosesdə iştirak edir və cəzasız qalır - baxmayaraq ki, Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə fətva verib ki, rəsmi nikah sənədi olmasa, dini nikah bağlamaq olmaz. Lakin göründüyü budur ki, bu işi hələ də davam edənlər var. Digər tərəfdən, əlbəttə ki, erkən nikaha valideynlər razılıq verir. Lakin onlar da bu məsələdə məsuliyyətdən kənarda qalırlar. Əgər məsələyə kompleks yanaşılmasa həll olunmamış qalacaq: "Erkən nikahların mənfi təsirləri, cəmiyyətə vurduğu zərərlər barədə illərdir danışılır. Valideynləri övladlarını erkən nigaha məcbur etməkdənsə onlara təhsil verməyə çağırırıq. Maarifləndirmə işləri aparılır. Amma təəssüf ki, hələ də erkən nikah halları mövcuddur".

 

Ekspertlər hesab edirlər ki, erkən nikah demoqrafiyaya böyük zərbədir. Çünki ana olmağa hazır olmayan qadının dünyaya gətirdiyi uşaq çox vaxt tam normal olmur. Bundan başqa, uşaq ölümünün artması faktlarında bu məsələ az rol oynamır. Bununla yanaşı, erkən nikah məsələsində cavanlaşma amili də özünü qabarıq büruzə verir. Belə ki, 2003-cü ildə daha çox 15-16 yaşlı qızların ərə verilməsi faktları mövcud idi. Bu gün isə 13, hətta 12 yaşlı qızların ərə getməsi hallarına rast gəlmək mümkündür.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın dediyinə görə, qızların erkən yaşda ərə verilməsinin bayiskarı valideynlərdir: “Qız övladı 15, 16 yaşa çatan bəzi valideynlər onu oxutmaq əvəzinə ərə verməyi üstün tutur. Ancaq düşünmürlər ki, bu azyaşlı qız hələ tam kamilləşməyib, həyatı dərk etmir, dünyagörüşü tam formalaşmayıb. Valideynlər anlamalıdırlar ki, cəmiyyətdə müəyyən mövqe tutmaq üçün qadının təhsilli olması vacib şərtlərdəndir. Bu gün təhsildən yayınan və erkən yaşda nikaha məcbur edilən qızlar var. Valideynlər qız övladlarının erkən yaşda ailə qurmasına yox, oxumasına, təhsil almasına, sənət, peşə sahibi olmasına çalışmalıdırlar. Təhsilsiz qadın öz hüquqlarından xəbərsiz olur. Bu səbəbdən də ailədə onların hüquqları pozulur, haqları tapdalanır".

 

Millət vəkili Fazil Mustafa hesab edir ki, qızların erkən nigaha məcbur edilməsinə görə valideyn hüquqi məsuliyyət daşımalıdır: "Təəssüf ki, bu gün bəzi ailələr 15-16 yaşı tamam olmuş uşağı təhsildən uzaqlaşdırıb ərə verir. Qız uşaqlarının təhsildən yayındırılaraq erkən nigaha məcbur edilməsi yolverilməz haldır. Sözügedən məsələ ilə bağlı qanunvericilikdə sərtləşdirilmələrə ehtiyac var. Valideynlər bilsə ki, övladlarını erkən nigaha məcbur etdiklərinə görə qanun qarşısında cavab verməli olacaqlar, o zaman bu addımı atmağa cəhd göstərməzlər. Cəzalar sərtləşdirilsə erkən nigahların qarşısı alınar. Sadalanan problemləri mütləq həll etmək lazımdır. Belə olmasa, bu ənənə olaraq zorakılığın daha da genişlənməsinə səbəb olacaq".

 

Azərbaycan qanunvericiliyində nikah yaşı 18 yaş müəyyən edilib. Konstitusiyada qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının bir ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, 18 yaşı bitməmiş şəxslərin nikaha məcbur edilməsi halları üçünsə 3000 manatdan 4000 manatadək məbləğdə cərimə və ya dörd ilədək azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulub.

 

Hüquqşünas Ədalət Rüstəmov deyir ki, məcburi nikaha cəlb edilmə ilə bağlı qanunda müvafiq məsuliyyət var: "Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb. Yetkinlik yaşına çatmayan şəxsi məcbur etmək 4 ilə qədər azadlıqdan məhrum etmə və yaxud da ki, 3 min manatdan 4 minə qədər cərimə cəzasının təyin olunması ilə nəticələnə bilər. Cinayət tərkibi mövcuddur, amma bu izdivaca razılıq verdiyinə görə, buna şərait yaratdığına görə təəssüf ki, valideyn hər hansı bir məsuliyyət daşımır".

 

Millət vəkili, professor Hicran Hüseynovanın sözlərinə əsasən, təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir. Azərbaycanda qadınların təhsil alması, qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması məsələləri daim öz aktuallığını saxlayıb. Zaman keçdikcə bu istiqamətlərdə iş aparılmış və bu gün ölkədə savadsız qadın yoxdur:

 

"Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də var. Onlardan bir neçəsinin adlarını qeyd etmək olar. Məsələn, ilk qadın pedaqoq Mədinə Qiyasbəyli, ilk azərbaycanlı qadın dramaturq Səkinə Axundzadə, Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundova, ilk qadın balet ustası Qəmər Almaszadə, ilk peşəkar azərbaycanlı qadın rəssam Maral Rəhmanzadə, ilk qadın kino aktrisası İzzət xanım Orucova, ilk qadın heykəltaraşı Zivər Məmmədova, ilk həkim-ginekoloq Ədilə Şaxtaxtinskaya, ilk məşhur Azərbaycan şairəsi, ilk qadın şahmatçı Məhsəti Gəncəvi, ilk qadın oftalmoloq, akademik Zərifə Əliyeva, görkəmli şərqşünas alim Aida İmanquliyeva, ilk uşaq pediatrı Adilə Namazova və başqaları.

 

Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini veriblər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla bərabər, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilirlər".

 

Nərmin Qarazadə

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox