Yeniyetməlik uşağın ən emossional və həssas dönəmi hesab edilir. Bu uşaqların fiziki, emosional və psixoloji cəhətdən ən böyük dəyişikliklərə məruz qaldığı bir dövrdür. Yeniyetmələr bu vaxtda öz kimliklərini tapmağa çalışır, müstəqillik istəyir və həyatlarına dair qərarlar verməyə başlayırlar. Özlərini hər kəsdən üstün tutur, kənardan verilən öyüd-nəsihət və məsləhətlərə məhəl qoymurlar. Uşaqlıq dövründən yeniyetməlik dövrünə keçidin əsas xüsusiyyətləri heç kəsi, xüsusən də valideynlərlə dil tapmamasıdır.
Uşaqlıq çağından yeniyetməlik dövrünə keçiddə onlarda valideynlərlə qarşılıqlı inam, hörmət, etibar və s. kimi münasibətlərə keçməyə tələbat yaranır. Bu dönəmdə valideynə uşaq saydığı, söz keçirə bildiyi övladı ilə ünsiyyət qurmaq, dil tapmaq müşkülə çevrilir. Bu zaman valideynlə yeniyetmə övladı arasında konfliktlər, münaqişələr baş qaldırır. Nəticədə, yeniyetmə ya evdən qaçır, zərərli vərdişlərə qurşanır, ya da depressiyaya düşür, özünə qapanır. Ona görə də bu dövürdə onlarla doğru şəkildə davranmaq olduqca əhəmiyyətlidir. Əks halda bu dövr, həm uşaqlar, həm də valideynlər üçün çətin və gərgin keçə bilər.
Yeniyetmələr öz kimliklərini tapmağa çalışarkən, uşaqlara özünə hörmət və özünü tanıma mövzusunda valideynlərin bələdçilik etməsi vacibdir. Onlara, sosial təzyiqlərə məruz qalmadan, öz şəxsiyyətlərini formalaşdırmaq və öz seçimlərini etmək üçün dəstək vermək lazımdır.
“Yeniyetməlik emosional dalğalanmaların çox olduğu bir dövrdür”
Psixoloq Vəfa Əkbər deyir ki, yeniyetməlik dövrü, çox böyük dəyişikliklər və inkişaf mərhələsi olduğu üçün valideynlərin diqqətli və anlayışlı yanaşmaları çox önəmlidir. Onlara həm sərhədlər qoyaraq, həm də müstəqilliklərinə hörmət göstərərək düzgün dəstək vermək bu dövrün asanlıqla keçirilməsinə kömək edir: “Yeniyetmələrə mütləq qaydalar və qadağalar tətbiq etmək lazımdır, amma bu sərhədlər çox sərt olmamalıdır. Yeniyetmələr müstəqil olmaq istəyirlər, amma hələ də bəzən nəzarətə ehtiyac duyurlar. Onlara müstəqillik vermək vacibdir, amma eyni zamanda sağlam sərhədlər qoyulmalıdır. Valideynlər tərəfindən aydın və məntiqi qadağalar müəyyənləşdirilməli, amma eyni zamanda onlara bu sərhədlərin nəyə görə vacib olduğunu izah edilməlidir. Sərhədlər, onların təhlükəsizliyini və rifahını qorumağa yönəldilməlidir, amma özlərini müstəqil hiss etmələrini təmin etməlidir. Yeniyetməlik dövrü emosional dalğalanmaların çox olduğu bir dövrdür. Yetkinlik dövründə baş verən hormonal dəyişikliklər əhval-ruhiyyəyə təsir göstərə bilir. Onların bir qismi bu dönəmdə özündən razı, digər qismi isə özündən narazı olur. Onlar öz kimliklərini tapmağa çalışarkən, çox zaman narahatlıq və qarışıqlıq hissi keçirə bilərlər. Duygusal dəstək və onların hisslərini başa düşmək çox vacibdir”.
“Bu dövrdə uşaqlar valideynlərinə qarşı üsyankar, aqressiv olur”
Psixoloqun sözlərinə görə, bəzi ailələr övladlarının yeniyetməlik dövrünə hazır olmurlar: “Yeniyetməlik dövründə uşaqlar valideynlərinə qarşı üsyankar, aqressiv olur. Bu zaman valideynlər anlayış göstərməli və onları başa düşməyə çalışmalıdırlar. Uşaq nə qədər valideyninə səni görmək istəmirəm desə də onun ən böyük dəstəkçisi valideyn və onun sevgisidir. Bu dönəmdə uşağın daha çox valideyn sevgisinə ehtiyac duyur. Ata və ana bu dönəmdə övladına dəstək, qol-qanad olsa, anlayış, nəvaziş göstərsə, o da bu çətin dövrü daha asan keçirər. Bu çox həssas bir dönəm hesab olunduğu üçün valideyn tərəfindən yol verilən hər hansı bir yanlışlıq gələcəkdə çox böyük fəsadlarla nəticələnə bilər. İndiki yeniyetmələrdə informasiya bolluğu var. Amma təəssüf ki, bu informasiyanı döğru istifadə etməyi bacarmırlar. Valideynlər bu barədə övladlarını doğru istiqamətə yönəltmələri çox vacibdir. Yeniyetmələr bəzən çox aqressiv davranışlar göstərirlər və o zaman onlarla danışmaq heç bir əhəmiyyət kəsb etmir, sakitləşmələrini gözləyib daha sonra danışmaq daha yaxşıdır. Hətta çox xırda görünən məsələlər üstündə evdə ciddi söz-söhbət ola bilər”.
“Yeniyetməlik dövrü hər kəsdə eyni keçmir”
Vəfa Əkbər bildirib ki, özünə inamı aşağı olan, çətin vəziyyətlərdə özünü idarə etmə gücünün olmadığını fikirləşən yeniyetmələr depressiyaya meyilli olurlar: “Özgüvəni zəif olan uşaqlar stress yaradan hadisə və vəziyyətlərlə qarşı-qarşıya qaldıqda depressiyaya düşmək riski yüksəkdir. Belə yeniyetmələrə dərhal depressiya diaqnozu qoymaq çətindir. Çünki bu dövrdə əhval-ruhiyyədə dəyişikliklərinə çox rast gəlinir. Bəzən hər şeyin qaydasında, həyatın gözəl olduğunu düşünən uşaq, birdən - birə özünü çıxılmaz, çətin vəziyyətdəki kimi hiss edə, hər şeydən bezə bilər. Yeniyetməlik dövrü hər kəsdə eyni keçmir. Həmin vaxt həm fizioloji, həm psixoloji, həm sosial baxımdan dəyişikliklər olur. Bəziləri yeniyetməlik dövrünü heç bir problem yaşamadan, rahat keçirir. Bəziləri isə çox çətin keçirir və özlərini bir qədər gec toparlayırlar”.
İctimai yerlərdən uzaq olmaq, ünsiyyətdən qaçmaq, ovqatın ani şəkildə dəyişməsi...
Psixoloqun dediyinə görə, yeniyetməlik depressiyasından əziyyət çəkən uşaqlar hər kəsdən, xüsusən də yaxınlarından uzaqlaşır, tək qalmağı üstün tuturlar. Heç bir şeydən zövq ala bilmir, əsəbi olur, ən xırda bir sözə belə aşırı reaksiya verirlər. Onlarda özünəinamın aşağı olması, qərarsızlıq, unutqanlıq, konsentrasiya ola bilməmək, daimi narahatlıq, intihar fikirləri, buna meyllilik kimi əlamətlər müşahidə olunur. İctimai yerlərdən uzaq olmaq, ünsiyyətdən qaçmaq və ovqatın ani şəkildə dəyişməsi depressiyanın əsas əlamətlərindəndir. Əgər, yeniyetmədə sadalanan bu hallar müşahidə olunursa demək ki, o depressiyadadır”.
“Valideynlər çox zaman uşaqlarını öz istədikləri kimi idarə etməyə çalışırlar”
Vəfa Əkbərin dediyinə görə, yeniyetmələrdə depressiya riskini artıran əsas amillərdən biri də ailədaxili münaqişələrdir: “Ailədaxili münaqişələr bu dövrü yaşayan uşaqlara çox mənfi təsir edir. Ətrafında daim mübahisə edən, dalaşan ata-ana görən uşaq sarsılır və depressiyaya düşür. Yeniyetmələrin depressiyaya düşməsinin səbəblərindən biri də valideynlərin önları öz istədikləri kimi idarə etməsidir. Valideynlər çox zaman uşaqlarını öz istədikləri kimi idarə etməyə çalışır. Onun fikirlərini, istəklərini önəmsəmir. Sözünə baxmayanda isə uşağa fiziki və psixoloji təzyiqlər edir, cəzalandırır. Bu zaman da uşaq onlardan uzaqlaşır, özünə qapanır, qarşılaşdığı hər hansı bir hadisəni, problemlərini, yaşadıqlarını valideynləri ilə bölüşmür, özünə qapanır və depressiyaya düşür”.
“Uşaqlarda intihara meyililik yüksək olur”
Psixoloq qeyd edib ki, depressiya xəstəlikdir və müalicə olunmazsa daha ciddi problemlərlə qarşılaşıla bilər: “Yeniyetməlik dövründə uşaqlarda intihara meyililik yüksək olur. Bu yaşda intiharlara daha cox rast gəlinir. Bu səbəbdən də valideynlər çox diqqətli olmalıdırlar. Uşaqlar yeniyetməlik dönəmində valideynin diqqətinə, qayğısına, sevgisində, anlayışlı davranışa daha artıq ehtiyac duyurlar. Valideynlər anlayışlı, təmkinli və ən önəmlisi isə münasibətdə çox diqqətli olmalıdırlar”.
“Uşağa qarşı anlayışlı, təmkinli olmaq lazımdır”
Yeniyetmələr bu dövrdə öz müstəqilliklərini inkişaf etdirmək istəyirlər. Valideyn onlara öz qərarlarını qəbul etməyə imkan verməli, amma bu qərarların nəticələrini başa düşmələrini təmin etməlidir: “Onlara öz həyatlarını idarə etmə şansı verin, lakin hər zaman dəstək olmaq üçün hazır olun. Bu dönəmdə valideynlər övladlarına güvəndiklərini hiss etdirməlidirlər. Çünki valideynlər övladına güvənməsə, etibar etməsə, bu həmin yeniyetmənin ailədən tədricən uzaqlaşması ilə nəticələnəcək. Uşaq özünə, ona güvənə biləcək, ona inanan, arxa dayaq ola biləcək şəxs axtarmağa başlayacaq. Bu da vəziyyətin daha da ağırlaşmasına səbəb olacaq. Uşağın seçiminə, zövqünə müdaxilə etməmək, anlayışlı, təmkinli olmaq lazımdır. Əgər, valideyn övladına düzgün dəstək versə, o, bu dövrü rahatlıqla adlatacaq”.
“Ailədaxili münasibətlərin sağlam olması bu dövrdə çox önəmlidir”
Psixoloq Narınc Rüstəmovanın sözlərinə əsasən, yeniyetməlik çağında olan uşaq ətrafdakı insanların təsirinə daha asanlıqla düşür. İstədiyi mühitdə qəbul olunmaq və o mühitə girə bilmək üçün öz davranışlarında müsbət və ya mənfi istiqamətdə hər hansı dəyişikliklər etmək onlar üçün çox asandır. Çünki bu dövrdə davranışlardan çox ətrafdakılar tərəfindən qəbul edilmək və maraq doğurmaq önəm daşıyır. Xüsusilə ailə mühitində sevilmədəyini hiss edən uşaqlar ətrafda özlərini təsdiq etməyə çalışırlar. Əgər, biz uşaqlarımıza dəyər verməsək, onlar da özlərini dəyərli hiss edəcək başqa bir yer axtarmağa başlayacaqlar. Bəzən ailədə yeniyetməyə dəyər verilsə də, yeniyetməlik dövrünün çətinlikləri və ailədə valideynlər arasında sağlam əlaqənin olmaması nəticəsində də yeniyetmə pis mühitə düşə bilər. Buna görə də ailə daxili münasibətlərin sağlam olması xüsusilə yeniyetməlik dövründə çox önəmlidir: “Yeniyetməlik dövründə ailə daxili münasibətlərin sağlam olmasına çalışmaqla bərabər övladımızın kimlərlə dostluq etdiyini də bilməliyik. Bu həssas dövrdə "dost" anlayışı yeniyetmə üçün xüsusilə önəmli olduğundan dostlarını sərt tənqid etməməyə çalışmalıyıq. Dostları haqqında mənfi fikirlərimiz varsa belə bunu dərhal dilə gətirməməliyik. Onların bizim üçün çox dəyərli olduqlarını, hər zaman onlar üçün ən yaxşısını istədiyimizi və ən çətin, mürəkkəb vəziyyətdə belə daim yanında olacağımızı söyləməli və hiss etdirməliyik”.
“Qarşılıqlı anlaşma xüsusi əhəmiyyət daşıyır”
Psixoloq qeyd edib ki, uşaqlıq dövrünü geridə qoyub yeniyetməliyə doğru addımladıqları üçün bu dövrdə övladlarımız uşaq rəftarı görməkdən məmnun qalmırlar. Münasibətlərimizi bunu nəzərə alaraq tənzimləsək övladımız bizdən razı qalacaq. Bəzən yeniyetmə valideynlərinin dəstəyini daha az hiss edərək sərbəst şəkildə əldə etdiyi uğurların dadını çıxarmaq istəyir. Təbii ki, bu vəziyyətdə onları tənqid etməməli, əksinə dəstək olmağa çalışmalıyıq. Tövsiyyə xarakterli ifadələri çox eşitməyi sevməyəcəklər. Onların müstəqillik, azadlıq istəyinə qulaq asmalıyıq: “Sərhədsiz azadlıqdan əlbəttə ki, qaçmalıyıq. Belə bir həssas dövrdə övladlarımızı tam sərbəst buraxmaqdan qaçmalıyıq. Qadağaları şüurlu şəkildə təyin etmək valideynin vəzifəsidir. Bir tərəfli qərar qəbulundan qaçmalıyıq. Qarşılıqlı anlaşma bu dövrdə xüsusi əhəmiyyət daşıyır. Əgər, müəyyən etdiyiniz qaydalar yeniyetmənin ürəyincə olmasa, o onsuz da bu qaydalara əməl etməyəcək. Ailə üçün ən sağlam qərar birlikdə müzakirə olunaraq qəbul edilən qərardır”.
Nərmin Qarazadə