Biləsuvarın Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanovanın körpə uşağın ölümünə səbəb olması faktı ilə bağlı açılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
AzEdu.az Bakupost.az-a istinadən xəbər verir ki, Nərgiz İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib. Nəticədə, 2 yaşlı N.Qubadlı ölüb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam ölümünə səbəb olma maddəsi ilə ittiham irəli sürülüb.
Nərgiz İmanova istintaq zamanı və məhkəmədə ifadə verəndə özünü təqsirli bilib. Lakin son sözündə özünü təqsirli bilməyərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.
Onun sözlərinə görə, uşaq onun yanına iki dəfə gətirilib.
Birincidə masaj edib: "Nənəsi zəng etdi ki, uşaq yeriyə bilmir, ayağı ağrıyır. Yanıma gətirəndə baxdım ki, uşağın sol ayağı qısadır. Ailəsinə də dedim. Bir az masaj edəndən sonra apardılar. Ancaq sol tərəfini masaj etdim. Uşaq dayanmadan ağlayırdı. Uşağı aparandan sonra nənəsi yenə zəng edib uşağın ağrıdığını dedi. Mən də dedim ki, indi edəcəyim heç nə yoxdur. Səhər uşağı yenə gətirdilər. Həmin gün masaj etmədim. Nənəsi uşağı yerə qoyanda 3 addım gedəndən sonra qucağına aldı. Uşaq ağlayanda küçəyə çıxdılar. Nənəsi qışqırdı ki, uşağın halı pisləşdi. Taksi ilə xəstəxanaya getdilər. Sonra öyrəndim ki, uşaq ölüb".
Nərgiz İmanovanın sözlərindən məlum olub ki, orta təhsillidir, heç bir tibb təhsili yoxdur. Sadəcə, kənddə sınıqçı kimi tanınıb.
Uşağın atası Emin Qubadlının ifadəsindən məlum olub ki, Nəzrinin ayağında problem ayağının burxulması ilə yaranıb.
"Hadisədən 2-3 gün əvvəl evdə ayağı burxulmuşdu. Həkimə apardıq, rentgen etdilər. Amma heç bir problem olmadığını, sınıq, çıxıq olmadığını dedilər. Evə gələndən sonra ağrıları artdı, axsamağa davam etdi. Düşündük ki, damar damarın üstünə çıxar. Ona görə də, xalq təbabəti yolu ilə həll etmək üçün sınıqçı yanına apardıq. Dedi ki, uşağı sağaldacağam. Əlləri ilə uşağın iki topuğunu tutub dartdı. Bədəninin müxtəlif yerlərini möhkəm masaj etməyə başladı. Uşaq ağlayırdı. Dedi ki, damar genişlənir deyə uşaq ağlayır".
Emin Qubadlı deyib ki, həmin gün evə qayıdandan sonra uşağı ümumiyyətlə yeriyə bilməyib və bütün gecəni ağlayıb:
"Anam yenə zəng etdi. Dedi ki, sabah uşağı gətirin, sağaldacağam. Səhər uşağı bir də apardıq. Mən çöldə gözlədim. Eyni qaydada yenə masaj etdi. Uşaq qışqırmağa davam edəndə həyətə keçdim. Uşağın dodaqları göyərmişdi. Şokda idi. Xəstəxanaya çatanda həkim dedi ki, uşaq dünyasını dəyişib. Qızımın ölümünə səbəb Nərgizdir. Onun uşağa verdiyi ağrılar şoka düşərək ölməsinə səbəb oldu".
O, övladının ölümündə günahkar bildiyi qadına ağır cəza verilməsini istəyib.
Ekspertiza rəyinə görə, Nəzrin Qubadlının aşağı ətraflarına və bədən səthinə göstərilən güclü təzyiqlər, dartmalar, burmalar, sıxmalar nəticəsində yaranmış ağrı şoku onun ölümünə səbəb olub.
Mərhumun ailəsi maddi ziyan olaraq Nərgiz İmanovadan 20 min manat, mənəvi ziyan olaraq isə 30 min manat tələb edib.
Məhkəmənin hökmü ilə Nərgiz İmanova 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Məhkəmə mənəvi zərərə görə 10 min manatın Nərgiz İmanovadan tutularaq zərərçəkmiş tərəfə ödənilməsi barədə də qərar çıxarıb.