Günümüzdə əsas problemlərdən biri də uşaqların telefona olan asılılığıdır. Uşaqlar vaxtlarının çox hissəsini telefondan istifadə etməklə keçirirlər. Texnoloji alətlərin uzun müddət istifadəsi isə uşaqlarda inkişaf problemlərinə və akademik uğursuzluğa səbəb ola bilər.
Maraqlıdır, bu məsələdə valideynlərin üzərinə düşən öhdəliklər nələrdir?
AzEdu.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, telefon bir müddət uşağı sakitləşdirməyi bacarsa da, daha sonra onun aqressiv olmasına səbəb olur:
“Bu gün valideynlərin əksəriyyəti "uşaqlarımızı telefondan necə xilas edək?" deyirlər, lakin çox təəssüf ki, "mən səhvi harada etdim ki, uşağım telefondan asılı oldu?", sualını özlərinə vermirlər. Uşaq yemək yemədikdə, valideynlər telefonu uşağa verib və cizgi filmləri izlətməyə başlayırlar. Bu, uşağı cəlb etməyə başlayır, çünki həmin cizgi filmlərinin hazırlayanları kadrları tez-tez dəyişib rəngli etməklə uşaqların diqqətini çəkməyə çalışırlar. Uşaqlar həmin cizgi filmlərinə baxarkən yemək yeyir. Valideynlər də rahat olur, çünki "uşağımın qarnı toxdur". Amma onlar düşünmürlər ki, "övladıma istəməyərək, onu məcbur edərək yemək yedirtdim". Beləliklə, bu hallar uşaqlarda doyma hissinin olmamasına, piylənməyə və digər ciddi problemlərə səbəb ola bilər.
Bəzi valideynlər uşaqlarının sakit olması, əşyaları dağıdıb sındırmaması və ağıllı şəkildə oturmaları üçün onlara telefon verirlər. Hətta bəziləri övladlarının telefonda hər hansı bir proqramı istifadə etməsini ‘bacarıq’ kimi qiymətləndirirlər. Lakin bu, bacarıq deyil. Bu sadəcə, uşaqlarda avtomatlaşmış yaddaşın formalaşmasına səbəb olur. Əslində telefon bir müddət uşağı sakitləşdirə bilər, amma daha sonra onun aqressiyalaşmasına yol açar.”
Psixoloq vurğulayıb ki, valideynlər övladlarına zaman ayırmağı bacarmalıdır:
“Bəs nə etmək lazımdır? İlk növbədə uşaqları aşağı yaşlardan telefona alışdırmamalıyıq. Çalışmaq lazımdır ki, uşaqlar cəmiyyətdə sosiallaşa bilsinlər. Əgər onlar yemək yemirsə, onları məcbur edib yeməyə yönləndirmək yerinə, fərqli yeməklər hazırlayıb, fərqli qablarda və dizaynda təqdim edə bilərik. Əsas məsələ isə valideynlərin övladlarına zaman ayırmasıdır. Çünki valideynin vermədiyi diqqəti uşaq telefonda axtarır”, - deyə fikrini yekunlaşdırıb.