“Keçdiyimiz gün təşkil edilən sınaq imtahanında iştirakçı sayının az olması gözlənilirdi”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev söyləyib.
Onun fikrincə, hazırda abituriyentlər blok imtahanı mövzularının 70%-ni keçsələr də, 30%-ni hələ mənimsəməyiblər:
“Dövlət İmtahan Mərkəzi buraxılış imtahanından əvvəl buraxılış tipli 2-3 sınaq imtahanı təşkil etməli idi. Lakin Dövlət İmtahan Mərkəzi buraxılış imtahanından cəmi bir həftə sonra qəbul imtahanının sınağını keçirir ki, bu da ciddi bir yanlışdır. Çünki əksər abituriyentlər buraxılış imtahanına daha yaxşı hazırlaşmaq üçün blok (qəbul) imtahanına hazırlığı müvəqqəti dayandırmışdılar. Belə olan halda, abituriyentlər blok sınaq imtahanında necə iştirak edə bilərlər?”.
Ekspertin sözlərinə görə, digər bir problem DİM-in sınaq imtahanlarının sayını kəskin şəkildə azaltmasıdır:
“Tədris ili ərzində cəmi bir sınaq imtahanı keçirilir. Halbuki əvvəlki illərdə tədris ili ərzində 6-7 sınaq imtahanı təşkil edilirdi. Bu, abituriyentlərə daha çox təcrübə qazandırır və onların imtahana daha yaxşı hazırlaşmasına imkan yaradırdı.
Hazırda abituriyentlər blok imtahanı mövzularının 70%-ni keçsələr də, 30%-ni hələ mənimsəməyiblər. Məhz buna görə də sınaq imtahanı onlar üçün çətinlik yaradır. Bütün mövzulara tam hakim olmadıqlarından nəticələrinin aşağı düşəcəyindən narahat olan bir çox abituriyent bu sınaq imtahanında iştirak etmək istəmir”.
Ekspertin toxunduğu digər bir məsələ isə sınaq imtahanlarının qiymətidir:
"DİM-in təşkil etdiyi sınaq imtahanının qiyməti 40 AZN-dir. Bununla yanaşı, DİM-in təşkil etdiyi “OTK” imtahanları daha məqsədəuyğundur, çünki bu sınaq imtahanlarında həm buraxılış, həm də qəbul imtahanı modelinə uyğun suallar yer alır.
Düşünürəm ki, DİM-in buraxılış imtahanı sınaqlarını az təşkil etməsinin əsas səbəbi həmin imtahanların yoxlanılması prosesində hər hansı bir problemlə üzləşməkdən ehtiyat etməsidir”, - deyə ekspert bildirib.