Bir neçə gündür müqəddəs Ramazan ayı daxil olub. Bu ayda insanlar oruc tutur. əhya saxlayır, namaz qılırlar.
Bəs müqəddəs ayın başqa hansı fəzilətləri var?
Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi, "Brend tələbə", ilahiyyatçı Kamran Dadaşzadə oruc tutmaq və onun insan ruhuna faydaları ilə bağlı AzEdu.az-a danışıb.
Müsahibimiz qeyd edib ki, oruc tutmaq insanlarda səbr və iradənin güclənməsinə səbəb olur:
“Ramazan ayı ilahi ziyafət ayıdır. Hər kəs bu ayda oruc tutar, dualar edər və qədr gecələrini ibadətlə keçirərsə ilahi feyzdən öz payını alacaqdır.
Şübhəsiz ki, oruc tutmağın insana fiziki baxımdan faydası olduğu kimi bir çox mənəvi faydaları da var. İnsan bir ay müəyyən vaxt ərzində ac və susuz qalaraq ibadət yerinə yetirir, lakin bu zaman ərəfəsində ac və susuz qalmağın çətinliyinə səbir göstərir. Oruc tutmaq insanlarda səbr və iradənin güclənməsinə səbəb olur. Səbr və iradənin güclənməsi isə insanın həyatında baş verən çətinliklər zamanı ona kömək edir.
Bununla yanaşı insan rəbbi tərəfindən ona verilən nemətlərin qədrini anlayır, bu zaman onun ruhunda şükür (təşəkkür) etmək hissi meydana gəlir, verdiyi nemətlər üçün Allaha daha çox şükür edir. Qurani-Kərimin İbrahim surəsinin 7-ci ayəsində Allah buyurur: "Əgər nemətlərimə şükür etsəniz sizə (olan nemətimi) artıraram".
Həmçinin oruc tutan insan ac və susuz qaldığı müddət ərzində kasıbların və ehtiyac sahiblərinin vəziyyətini daha yaxşı anlayır və onlara kömək etməyə meyillənir. Ehtiyaclı bir insana kömək etmək isə insan ruhuna müsbət təsir göstərən hallardandır.
Orucun məqsədlərindən biri insanın öz nəfsini tərbiyə etməsi, mənəvi saflıq əldə etməsidir. Belə ki, Qurani-Kərimin oruc barəsində keçən ayəsini nümunə göstərə bilərik. Allah həmin ayədə oruc vasitəsilə bizi pis əməllərdən çəkindirərək paklamaq istəyir. Həmçinin, bütün asimani və qeyri-asimani dinlərə nəzər saldıqda, həmin dinlərdə oruc ibadətinin olduğuna şahid olarıq. İnsan oruc ibadəti vasitəsilə dualar edir, günahlarından tövbə edir, düşüncələrini saflaşdırır, bir sözlə nəfsini təmizləyir. İnsanın nəfsini saflaşdırması səadətə qovuşması üçün ən mühüm amillərdəndir. Qurani-Kərimin Bəqərə surəsinin 183-cü ayəsində buyururlur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”.
K.Dadaşzadə həm oxuyub, həm də işləyənlərin oruc tutub-tutmaması barədə də danışıb:
“Həm oxuyub, həm işləyənlərin oruc tutmaması barədə hər hansısa bir məhdudiyyət yoxdur. Yalnız xəstəliyi olan və yaşlılıq səbəbindən səhhəti əl verməyən şəxslər, ehtiyaclılara müəyyən miqdarda fidyə (ərzaq yardımı) verməklə oruc tutmurlar. Həmçinin qeyd etməliyik ki, səhhətində problem olanlar sağlamlıqlarına qovuşduqdan sonra və Ramazan ayında səfər səbəbindən oruc tuta bilməyən şəxslər sonradan oruclarının qəzasını tutmalıdırlar.
Aktiv həyat tərzi keçirən insanlar oruc üçün niyyətlərini tutub, başlaya bilərlər. Lakin onlar günün yarısında hiss etsələr ki, artıq taqətləri yoxdur və səhhətlərində ciddi narahatlıqlar yaranır, bu halda oruclarını aça bilərlər. Lakin, həmin şəxslər Ramazan ayı bitdikdən sonra növbəti Ramazan ayına qədər yalnız oruclarının qəzalarını yerinə yetirməlidirlər”.