Azedu.az

8 Mart yığımı: müəllimlərin gözü yolda, valideyinlər “iş başında”

Məktəblər

Müəllimlər və elm adamları

5 Mart 2025, 12:52
8 Mart yığımı: müəllimlərin gözü yolda, valideyinlər “iş başında”

8 Mart – Beynəlxalq Qadınlar Gününə sayılı günlər qalıb. Həmin gündə məktəblərdə pedaqoji fəaliyyət göstərən xanım müəllimələri təbrik etmək üçün artıq valideynlər tərəfindən pul yığma prosesinə start verilib. Təhsil müəsisələrində əksəriyyətin qadın müəllimlər olduğunu nəzərə alsaq bu işin bir az baha başa gələcəyi gözlənilir. Bu işin məktəblərdə təşkili əsasən valideyn komitələri tərəfindən həyata keçirilir. Özünü müəllimlər yanında yaxşı göstərmək və övladının yerini “şirin salmaq” üçün valideynlər pul yığma kompaniyasında fəal iştirak etməyə çalışırlar. Valideyin komitəsi tərəfindən pul yığımının könüllü olduğu bildirilir və bir çox valideyin bu işdə fəal iştirak edir. Burada imkansız ailələr də bu prosesə qoşulmağa məcbur olurlar. Çünki onlar uşaqlarının məktəbdə problemlə üzləşməməsi üçün başqa çarələrinin olmadığını düşünərək pul verirlər. Yaxşı imkanı olan valideyinlər isə direktor və müəllimlərə fərdi olaraq bahalı hədiyyələr almaqla öyünürlər.

 

Hədiyyə üçün yığılan məbləğin miqdarı məktəbə görə dəyişir. Paytaxtın mərkəzində fəaliyyət göstərən məktəblərlə şəhər kənarında və bölgələrdə olan ümumtəhsil müəssisələri arasında yığılan pulun miqdarı arasında böyük fərq olur. Belə ki, şəhər mərkəzində çalışan müəllimələr üçün pul yığımı zaman elit düşüncə öz sözünü deyir. Yəni mərkəzdə imkanlı müəllimlər işləyir və məktəbdə də imkanlı ailənin uşaqları təhsil alır. Bu səbəbdən burada qarşı tərəfi sevindirmək və bayramın xoş keçməsi üçün çox pul yığılmalı fikri hakimdir.

 

Azərbaycandan fərqli olaraq xarici ölkə məktəblərində pul yığımı halları qadağan edilib. Əsasən inkişaf etmiş ölkələrdə buna ciddi nəzarət olunur və bunun baş verməməsi üçün tədbirlər görülür.

 

Skandinaviya ölkələri Danimarka, Finlandiya, Norveçdə təhsil dövlət tərəfindən maliyyələşdirilir və qanunla pul yığma halları qadağandır. Müəllimlərə hədiyyə verilməsi də qanun pozuntusudur və hüquqi məsuliyyətə səsbəb olur. Avropa ölkələrində isə valideynlərdən pul yığılması korrupsiya halı sayılır və bu qanunla cəzalandırılır.

 

Azərbaycanda məktəblərdə bu problemin geniş yayıldığı açıq-aşkar görünür. Valideynlərin sosial şəbəkələrdəki müzakirələri, paylaşdığı şikayətlər, direktor və müəllimlər üçün alınan bahalı hədiyyələr haqqında yayılan xəbərlər məsələnin nə qədər ciddi olduğuna sübutdur.

 

Belə fakların mövcud olduğunu təsdiq edən elm və təhsil naziri 8 Mart öncəsi müəllimlərə hədiyyə alınması ilə bağlı halların iki yerə bölündüyünü söyləyib. Birincisi məcburetmə və külli miqdarda hədiyyənin yığılmasıdır. Nazir bildirib ki, əgər belə hal baş veribsə valideynlər mütləq şəkildə şikayət etməlidirlər:

 

"O zaman nazirlik olaraq biz də araşdırma aparırıq. Çox bahalı hədiyyə alınması və külli miqdarda pul yığılması müəllimə, məktəb idarəçiliyinə uyğun olan iş deyil. Bəzi hallarda bunun təşəbbüskarı bir valideyn qrupu olursa və digər valideynlər ondan şikayət edirsə, bu zaman biz müdaxilə edə bilmirik. Bu ənənə daha çox davranış problemidir. Bunu mədəni transformasiya yolu ilə dəyişməliyik. Valideynlər müəllimlərə bahalı hədiyyə almamalı, həmçinin onlara rüşvət də verməməlidirlər. Müəllimləri maddi dəyəri böyük olmayan, lakin mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, müəllimlər də sevinər".

 

Valideyn Həcər Həsənova bildirib ki, öncəki illərlə müqayisədə bu gün təbrik və hədiyyə formaları çox dəyişib. Əvvəllər 8 Martda müəllimləri gül buketi ilə təbrik edəndə onlar sevinərdi. İndi dövr dəyişib, artıq onları gül-çiçəklə sevindirmək qeyri-mümkündür. Bir çox müəllim onlara gül deyil, hədiyə və ya pul verilməsini istəyirlər: “8 Martda müəllim valideynlərdən açq formada pul tələb etməsələr də dolayı yollarla bu fikirdə olduqlarını davranışları ilə büruzə verirlər. Burada valideyn komitəsi onların köməyinə gəlir. Bununlada valideynlər arasında bayram pulu toplama prosesi başlayır. Burada əsas məqsəd daha çox məbləğin yığılmasıdır. Hətta elə şərait yaradılır ki, imkanı zəif olan valideyn də məcbur qalıb pul verir. Çünki pul verməyən valideynin adı müəllimə deyilir. Nəticədə hımin valideynin övladı müəllim tərəfindən sıxışdırılır və ya ona qarşı soyuq münasibət göstərilir. Müəllimləri təbrik etmək məcburi yox, könüllü olmalıdır. Müəllimlərimiz heç vaxt həddiyyə və pul dalınca qaçmamalıdırlar. Onlar öz davranışları ilə ən gözəl hədiyyə olan hörmət və sayğı qazanmalıdırlar”.

 

Valideyn Vəfa Babayevanın sözlərinə görə, müəllimlər 8 Mart hədiyyəsi tələb etməsələr də, valideynlər özləri onları təbrik etmək istəyirlər: “Müəllimləri təbrik etmək, hədiyyə almaq təşəbbüsü valideynlər tərəfindən irəli sürülür. “Əsasən aktiv valideynləri bu işi təşkil edir. Müəllim üçün 8 Mart hədiyyəsi olaraq pul yığılır. Pul yığımı peosesinə bəziləri məmnuniyytlə qoşulsa da bəziləri məcbur bu prosesə qoşulur ki, uşağı digərlərindən seçilməsin. Valideyn komitəsi işi elə təşkil edir ki, hətta maddi imkanı aşağı olan valideyn də məcbur qalıb pul verir. Valideyn komitəsinin rəhbəri pul yığarkən, valideynlərə deyir ki, siyahı tutulur. Valideyni pul verən uşağın adı siyahıda qeyd olunur. O siyahını axırda müəllimə təqdim edirlər. Ona görə də hamı çalışır ki, həmin siyahıda adı olsun. Çünki onlar müəllimin övladlarına soyuq münasibət göstərməsini və aşağı qiymət yazmasını istəmirlər”.

 

Valideyn Cəmilə Cəfərova bildirib ki, 8 Mart qadınların bayramıdır. Müəllim də qadındırsa onu təbrik etmək valideyn kimi əksəriyyətimizin ürəyindən keçir: “Mən düşünürəm ki, övladıma təhsil verən, bilik öyrədən müəllimə təşəkkür etmək və onun bayramını təbrik etmək lazımdır. Müəllimə gül-çiçək hədiyyə etmək yaxşıdır. Amma gül solub gedəcək. Mən yadigar qalacaq və ya gündəlik istifadə edilən hədiyyələrin verilməsinin tərəfdarıyam. Təbii ki, bu hədiyə hər valideynin büdcəsinə uyğun olmalıdır. Məsələn ətir, suvenir, kitab və.s Elə olmalıdır həm hədiyyə alan müəllim razı qalsın həm də valideyn”.

 

Bu gün ölkə təhsilində peşəsinə vicdanla yanaşan minlərlə müəllim çalışır. Şagird onu təbrik etsə də, etməsə də o öz işini layiqincə yerinə yetirən, sözün əsil mənasında müəllim adına layiq olan pedaqoqlarımız var: “8 martda valideynlərin müəllimlərə verdiyi hədiyəni rüşvət kimi yox, sadəcə təşəkkür və diqqət kimi dəyərləndirmək lazımdır”.

 

Şagird Kamal İsmayılov deyir ki, hər il 8 Mart zamanı gül buketi ilə müəllimini təbrik edir: “Mən 10-cu sinif şagirdiyəm. Bizim sinif rəhbərimiz gözəl insan, sözün əsil mənasında çox yaxşı müəllimdir. O, şagirdlərinin təhsilli olması, bilik əldə etməsi, yaxşı insan kimi yetişməsi üçün əlindən gələni edir. Daim bizə öz dəyərli məsləhətlərini verir, doğru istiqamətə yönəldir. Sinifin bütün uşaqları onu çox istəyir. Hər il 8 martda biz şagirdlər öz istəyiminzlə, böyük məmnuniyyətlə bir buket güllə müəllimimizi təbrik edirik. Öz peşəsini vicdanla yerinə yetirən, şagirdinə övladı kimi yanaşıb onun yüksək səviyyədə təhsil alması üçün çalışan müəllimə şagird və ya valideyn hörmətini, sevgisini ifadə etmək istəyirsə burada qəbahət heç nə yoxdur. Bu müəllimə olan hörmətin, sevginin ifadəsidir”.

 

Təhsil eksperti Qoşqar Məhərrəmov hesab edir ki, hədiyyə alan onu verən tərəfə qarşı minnətli olur. Beləliklə də, sinifdə ədalət prinsipi pozulur: “Valideynlər öz aralarında təklif edirlər ki, müəllimlərə pul verək, yaxud hədiyyə alaq. Məktəb daxilində bu kimi proseslər qadağan edildiyi təqdirdə, valideynlər bunu məktəbdən kənarda həll etməyə çalışırlar. Ona görə də bu problem həllini tapmır və hər il gündəm olur. Hər kəs anlamalıdır ki, vəzifəsini görən insana yalnız təşəkkür etmək lazımdır. Əlavə nələrsə vermək onu gözü yolda qoyar, minnətli edər və ən əsası ədaləti pozar. Burada həm valideynlər, həm də müəllimlər günahkardır. Hədiyyə də rüşvətin bir adıdır, bütün dünyada belədir. Bu baxımdan hədiyyə deyib keçməmək lazımdır”.

 

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, şagirdlər müəllimlərinə hər zaman sevgi ilə yanaşmalı, hörmət etməlidirlər: “Xüsusi günlərdə şagirdlər müəllimlərinə sevgisini hər hansı formada göstərə bilərlər. Şagird müəlliminə qarşı sevgisini içindən gələn formada göstərməlidir. Şagirdin öz əməyi ilə hazırladığı və yaxud seçdiyi hədiyyə müəllim üçün daha qiymətlidir. Amma bu gün münasibətilə valideyn komitələrinin müəyyən məbləğdə pulun toplanılması valideynlər qarşısında tələb kimi qoyulmamalıdır. Bu, doğru yanaşma deyil”.

 

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun fikrincə, müəllimlər üçün pul yığılmalı deyil: “Bir müəllim dərs dediyi sinfin şagirdlərinə özünü sevdirə bilibsə, valideynlərin də ona münasibəti müsbətdirsə, imkanı odluğu halda bayram günü bir dəstə gül verməsi qəbahət deyil. Nə olar, insan insanı təbrik edər də. Yoxsa toplaşasan, pul yığasan, biri verə, digəri verməyə, bunun tərəfdarı deyiləm. Bir dəstə gül də ürəklə verilməlidir, məcbur yox. Son zamanlar məsələni elə həddə çatdırıblar ki, bəzi müəllimlər heç bir hədiyyəni qəbul etmirlər”.

 

Təhsil eksperti Nadir İsrafilovun dediyinə görə, istər qadınlar günü olsun, istər müəllim günü, istərsə də hər hansı bir müəllimin ad günü və ya digər əlamətdar bir hadisə - məktəblərdə hər hansı bir məqsədlə pul yığılması, hər hansı bir formada vəsait toplanması birmənalı şəkildə yolverilməzdir. Bu həm məktəb həm də müəllim adına başucalığı gətirmir. Lakin hansısa bir məktəbdə, hansısa bir məqsədlə, kim və ya kimlərsə tərəfindən pul yığılması faktını bütövlükdə məktəbin, müəllimin adına ümumiləşdirmək yolverilməzdir: “Biz hər hansı bir əlamətdar hadisə ilə əlaqədar əzizlərimizi, yaxınlarımızı, bir sözlə özümüzə doğma saydıqlarımızı bu və digər şəkildə təbrik edirik. Bu istər adi gül dəstəsi olsun, istərsə də hansısa bir hədiyyə. Elə isə, hansısa valideynin və ya şagirdin özünə doğma saydığı müəllimini təbrik etməsi, ona hörmət və sayğısını bildirməsi niyə bu qədər qınaq obyektinə çevrilməlidir? Bu başa düşülən deyil. Hansı qanun min bir əzaba qatlanaraq ömrünü-gününü hər bir nazını çəkərək, fiziki sağlamlığı hesabına övladlarımızın təlim-tərbiyəsinə həsr edən müəllimi təbrik etməyi qadağan edir?”.

 

Ekspert qeyd edib ki, bir sıra digər vəzifəli peşə sahiblərinə bayram və əlamətdar günlərdə təqdim edilən hər hansı bir qiymətli hədiyyə ona göstərilən hörmət, diqqət əlaməti hesab edilirsə, sadə peşə sahibi olan sıravi müəllimə verilən adi gül dəstəsi belə rüşvət səviyyəsinə qaldırılır: “Bir də ki, hədiyyə almaq başqa şeydir, hədiyyə tələb etmək, məktəblərdə müəllimlərə hədiyyə almaq məqsədilə pul yığmaq, vəsait toplamaq tamam başqa şey. Bəlkə kiçik bir hədiyyə ilə kimsə müəllimə öz hörmətini, diqqətini, ehtiramını bildirmək istəyir”.

 

Ekspert hesab edir ki, kimin də olmasa, məhz müəllimin təbrikə böyük ehtiyacı var: “Gəlin, bu məsələni problemə çevirməyək, müəllimin üstünə bu dərəcədə getməyək. İstənilən formada təbrik müəllim üçün mənəvi qidadır, ona göstərilən diqqətdir, qayğıdır, sayğıdır. Lakin, hansısa direktorun, onun müavininin, sinif rəhbərinin və ya valideyn komitəsinin müəllimi təbrik etmək adına pul yığması-bu, artıq müəllim adına böyük ləkədir və qətiyyətlə pislənilməlidir”.

 

Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssisələrə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib. Bildirilib ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir.

 

Məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək.

 

Nərmin Qarazadə

Sərhəddə hərəkətlənmə - Erməni bloqer sığınacaq istəyir
Son xəbərlərDaha çox