Əvvəllər Ramazanda uşaqlar böyüklərə baxıb oruc tutub, ibadətlərlə məşğul olurdular. Onlar üçün bu bir əyləncə növü idi. İftarı gözləmək, evindəki böyüklərlə səhər imsaqa oyanmaq. Amma indi görünən odur ki, gənclər dindən soyuyublar. Çox az sayda gəncin oruc tutduğunu görmək mümkündür.
Bəs görəsən, gənclərin dinə soyuq münasibətlərinin səbəbi nələrdir?
Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında bildirib ki, gənclərin bir hissəsinin dinə soyuq yanaşmasının səbəbi dəyərlərə olan münasibətdən asılıdır:
“Acı reallıqdır ki, getdikcə gənclərimizin milli-mənəvi dəyərlərdən uzaqlaşırlar. Təəssüf ki, onlar artıq dindən uzaqlaşırlar.
Əvvəlki dövlərdə yaşlılar gənclər üçün sözün yaxşı mənasında nümunə idilər. Gənclər onların etdiklərindən özlərinə yol xəritəsi cizirdilər. Amma indi yaşlı nəslin də bir hissəsi gənclərə nümunə ola bilmir. Bu isə özlüyündə gənclərə müəyyən problemlər yaradır. Gənclərin bir hissəsinin dinə soyuq yanaşmasının səbəbi dəyərlərə olan münasibətdən asılıdır.
Bu istiqamətdə ciddi addımların atılmaması dinə olan münasibəti mənfi istiqamətdə dəyişir. Biz müsəlman ölkəsiyik. Dinə, dini dəyərlərə münasibət bizdə hər zaman yüksək olub. Ölkəmizdə bu dəyərlər ən yüksək səviyyədə qorunub, amma hazırda prosesin bu formada irəliləməsi narahatedicidir. Təəssüf ki, dini bizə “gerilik rəmzi” kimi təqdim etməyə çalışırlar. Yanlış fikirlər səsləndirilir ki, “Guya biz dindən, dini dəyərlərdən uzaqlaşsaq, hər şey qaydasına düşəcək”. Əslində isə bu belə deyil, kökündən yanlış məsələdir.
Dini dəyərlərimiz bizim kökümüzdür. O kökü biz qorumalıyıq. Əgər dəyərlərimizi qoruya bilsək, gələcəyə doğru inamla addımlaya biləcəyik. Amma əksinə onları qorumasaq, bəyənməsək və dəyişdirməyə çalışsaq, gələcəkdə bir sıra problemlərlə üzləşəcəyik. Ona görə bu məsələni mütləq nəzərdə saxlamalıyıq. Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün real addmlar atmalıyıq. Çünki xalqları möhkəm, dövlətləri güclü edən onların dəyərləridir. Yaşlı nəsil də öz növbəsində çalışmalıdır ki, gənc nəsil üçün nümunə ola bilsinlər”.