Dövlət İmtahan Mərkəzinin (DİM) ötən gün keçirdiyi buraxılış imtahanında istifadə edilən daha bir sual müzakirələrə səbəb olub.
AzEdu.az-ın məlumatına görə, bu barədə qtisadçı ekspert Eldəniz Əmirov paylaşım edib.
Onun sözlərinə görə, buraxılış imtahanında 81-ci sual düzgün tərtib edilməyib.
"Məsələ tərtibində ciddi problemlər var.
Qeyri-dəqiq ifadələrlə məsələ tərtib edilməməlidir.
Məsələnin həm şərtləri, həm də sualı aydın deyil.
Birincisi, sual turba ilə bağlıdırsa, ya "neçə ədəd turba lazımdır", ya da "neçə metr turba lazımdır" formasında verilməlidir. Çünki məsələnin şərtində "hər bir turbanın uzunluğu" ifadəsi yer alır. Lakin sual "nə qədər turba" şəklində qoyulub ki, bu da dəqiqlikdən uzaqdır.
Bu səbəbdən sual neçə metr üzərində qurulmalıdır. Bundan əlavə, sual açıq tipli olduğuna görə cavab variantları təqdim edilsəydi, abituriyentlər cavablara baxaraq metr və ya ədəd anlayışını daha asan ayırd edə bilərdilər.
Digər tərəfdən, sualda "ən azı" ifadəsi işlədilib. Bu ifadə yalnız o halda istifadə olunmalıdır ki, şərtləri ödəyən bir neçə mümkün hal olsun və abituriyent onların içindən ən kiçiyini seçsin. Lakin bu məsələdə konkret şəkil təqdim edildiyi üçün "ən azı" ifadəsi artıqdır və yalnız çaşdırıcı təsir yaradır.
Odur ki, suallar elə tərtib edilməlidir ki, qeyri-müəyyənlik və ikibaşlılıq yaranmasın. Məsələnin bütün məqamları dəqiq və anlaşılır olmalıdır.
Hazırki vəziyyətdə isə "64" verilmiş şərtlər, cümlə quruluşları və.verilmiş şəkilə uyğun ən uyğun cavabdır”.
Dövlət İmtahan Mərkəzi məsələyə münasibət bildirib.
Qurumdan saytımıza verilən açıqlamada deyilir ki, 81 nömrəli tapşırıq real həyati situasiyaya əsaslanan tapşırıqdır:
"Tapşırıqda şagirdlərin kvadratın perimetri (4-cü sinif səh.48 ) və sahəsi (4-cü sinif səh.50), eyni zamanda birməchullu kvadrat tənlik qurmaq və qurulan tənliyi həll etmək (8-ci sinif səh.67) bacarıqlarının yoxlanılması nəzərdə tutulub. Verilmiş tapşırıqda şagird ilk olaraq bağçaların tərəfləri və sahələri arasındakı münasibətlərlə bağlı qoyulmuş şərtdən istifadə edərək birməchullu kvadrat tənlik qurur və nəticədə bağçaların hər birinin tərəfinin uzunluğunu tapır. Ən az nə qədər borudan istifadə edildiyini soruşmaqda məqsəd anbarla hər bağçanın bir su borusu ilə birləşməsi (yəni yalnız anbardan suyu bağçaya aparan borunun olması lakin sonda qalan suyu anbara qaytaran 2-ci borunun olmaması) halına baxılması nəzərdə tutulur. Bu halda nə qədər borudan istifadə edildiyini tapmaq üçün şagirddən kvadratların perimetrlərini tapmaq, perimetrləri və bağçalarla su anbarı arasındakı boruların uzunluqlarını toplamaq tələb edilir.
Qeyd edək ki, boruların sayını tapmaq üçün məsələdə bu suvarma sisteminin bütün hissələrinin qurulmasında yalnız 4 metrlik borulardan istifadə edilməsi şərti verilməlidir, lakin məsələnin şərtində yalnız bağçalarla su anbarı arasındakı boruların hər birinin uzunluğu 4 metr olduğu verilir və bu şərtdən isə bu suvarma sisteminin bütün hissələrinin qurulmasında yalnız 4 metrlik borulardan istifadə edilməsi şərti alınmır. Bu qeyd olunanlara əsasən tapşırığın şərtində yer alan “nə qədər borudan istifadə olunur” ifadəsi dedikdə boruların ümumi uzunluğunun tapılması tələb olunduğu başa düşülür.
Onu da qeyd edək ki, bu tapşırıq ətraflı yazılı cavab tələb olunan sualdır. Ona görə cavablar meyarlar əsasında qiymətləndirilir və tələb olunan uzunluğu doğru (64 metr) tapıb, sonra həmin uzunluğu məsələnin şərtində olmayan məlumatı təxmin edərək 4 metrə bölüb tələb olunmayan sayı tapan iştirakçıların cavabı da ekspert komissiyasının qərarı ilə meyarda dəyişiklik edilərək tam balla qiymətləndiriləcək”.
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələr və mətbuatda buraxılış imtahanında riyaziyyat fənni üzrə istifadə edilən suallardan birinin plagiat olduğu barədə iddialar yayılıb. DİM həmin iddialara da münasibət bildirib.