Azedu.az

Erkən yaddaş pozğunluqlarının mümkün səbəbləri açıqlandı

Xəbərlər

1 Mart 2025, 09:02
Erkən yaddaş pozğunluqlarının mümkün səbəbləri açıqlandı

Yaddaş pozğunluqları, xüsusilə erkən yaşda ortaya çıxarsa, insanı narahat edə bilər. Bəs erkən yaddaş problemlərinin səbəbi nədir?

AzEdu.az "İzvestiya"ya istinadən verdiyi məlumata görə, rusiyalı nevroloq Yekaterina Demyanovskaya bu barədə danışıb.

O bildirib ki, insan yaddaşı qısamüddətli (ilk yaddaş) və uzunmüddətli yaddaş olmaqla iki yerə bölünür. Qısamüddətli yaddaş az sayda məlumatı qısa müddət ərzində saxlayır. Uzunmüddətli yaddaş isə uşaqlıq xatirələri, biliklər, bacarıqlar və vacib hadisələri yadda saxlamağa imkan verir.

Qısamüddətli yaddaşın pozulma səbəbləri

Ekspert qeyd edib ki, qısamüddətli yaddaşdan məlumatın uzunmüddətli yaddaşa keçməsi üçün müəyyən səylər göstərilməlidir.

O bildirib ki, son hadisələri və ya məlumatları xatırlamaqda çətinlik çəkməyin əsas səbəbləri bunlardır:

  • Qalxanabənzər vəzi problemləri;
  • İnfeksiyalar;
  • Vitamin çatışmazlığı;
  • Həddindən artıq yorğunluq;

Bundan əlavə, stres zamanı ifraz olunan kortizol hormonu beynin yaddaş və öyrənməyə cavabdeh olan hippokampus nahiyəsinə mənfi təsir göstərir.

Uzunmüddətli yaddaşın pozulma səbəbləri

Demyanovskaya bildirib ki, uzunmüddətli yaddaş beyin qabığında, hippokampusda, bazal qanqliyalarda və amiqdalada yerləşən yaddaş hüceyrələrinin funksiyasının pozulması nəticəsində zəifləyə bilər. Yaşlı insanlarda əsas səbəb degenerativ proseslərdir. Gənclərdə isə əsas risk faktoru kəllə-beyin travmaları, neyroinfeksiyalar və beyin qan dövranının pozulmasıdır.

Beyin hüceyrələrinin qidalanmasını pozan əsas amillər:

  • Yüksək qan təzyiqi (hipertoniya);
  • İrsiyyət nəticəsində yaranan xolesterin mübadiləsinin pozulması və ateroskleroz;
  • 1-ci tip şəkərli diabet;
  • Böyrək və ya qaraciyər çatışmazlığı (hepatit və ya zəhərlənmələr nəticəsində);
  • Bundan əlavə, B1 və B12 vitaminlərinin, fol turşusunun çatışmazlığı, aktiv və passiv siqaret çəkmə, alkoqol qəbulu da yaddaş problemlərinə səbəb ola bilər.

Rəqəmsal demensiya - müasir dövrün problemi

Həkim son illərdə rəqəmsal demensiya probleminin geniş yayıldığını qeyd edib. Gənclərdə yaddaşın zəifləməsi, cihazlardan (smartfonlar, planşetlər və s.) həddindən artıq istifadə ilə əlaqələndirilir.

  • İnsanlar vacib məlumatları yadda saxlamır, çünki həmin bilgilər elektron cihazlarda mövcuddur;
  • Videolar izlənərkən yalnız görmə və eşitmə duyğuları aktiv olur, digər sensor mərkəzlər (əzələ yaddaşı, koordinasiya və tarazlıq bacarıqları) isə passiv qalaraq tədricən zəifləyir.

Nə etmək lazımdır?

Həkim bildirir ki, əgər yaddaş problemləri 50-60 yaşdan əvvəl başlayıbsa, bu proses adətən geri dönə biləndir. Əvvəlcə həkimə müraciət edərək yaddaşa təsir edə biləcək xəstəlikləri müəyyənləşdirmək, vitamin və hormon səviyyəsini yoxlatdırmaq lazımdır.

Bu ölkələr Ermənistanı silahlandırmağa başladı
Son xəbərlərDaha çox