AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu “Azərbaycan Yurd Bilgisi (1932, 1933, 1934-cü illər)” adlı kitab nəşr etdirib. Kitaba 1932-ci ildən azərbaycanlı mühacirlərin İstanbulda nəşr etdirdikləri, eyni zamanda, türkologiya sahəsində öz töhfəsini verən geniş həcmli bir jurnal olan “Azərbaycan Yurd Bilgisi”nin materialların tərcüməsi daxil edilib.
İnstitutdan AzEdu.az-a bildirilib ki, “Azərbaycan Yurd Bilgisi” dərgisinin ilk nəşrindən 76 il sonra türkiyəli alim profesor Şükrü Haluk Akalın bu dərginin 1932-1934-cü illərdə nəşr olunan bütün nömrələrini toplayaraq 2008-ci ildə kitab halında nəşr etdirib.
Hazırda təqdim edilən kitabda həmin materiallar Azərbaycan dilinə tərcümə edilərək çap olunub. Jurnalın 1932-ci il nömrələri mərhum şərqşünas alim filologiya üzrə fəlsəfə doktoru Sədaqət Qasımlı, 1933-cü il nömrələri filologiya üzrə fəlsəfə doktoru, dosent Barat Osmanova, 1934-cü ildə çıxan nömrələri isə elmi işçi Emiliya Xəlilova tərəfindən tərcümə edilib. Kitabın elmi redaktoru akademik Gövhər Baxşəliyevadır. Bu nəşr 884 səhifə həcmindədir.
Cəmi üç il nəşr edilən jurnalın baş redaktoru Gəncədə anadan olmuş, Türkologiya sahəsində sanballı araşdırmalar aparmış məşhur alim professor Əhməd Cəfəroğlu olub.
Jurnal nəşr olunmağa başladığı gündən etibarən görkəmli alimlərin Azərbaycan dili, ədəbiyyatı, folkloru, tarixi, mifologiyası, ictimai-siyasi, ədəbi-mədəni həyatına dair silsilə məqalələr çap olunub. Öz xalqının milli-mənəvi dəyərlərini tanıtmağa çalışan Əhməd Cəfəroğlunun bu jurnalda Azərbaycan haqqında 40-a yaxın məqaləsi çap olunub.
Jurnal yalnız Azərbaycana həsr olunmuş məqalələrlə kifayətlənməmiş, Türkiyə ilə birlikdə bütün Türk aləminə həsr olunmuş yazılar da nəşr edib.
“Azərbaycan Yurd Bilgisi”nin 36 nömrəsindən sonra maddi-texniki imkansızlıq və digər təsirlər nəticəsində dərginin nəşri dayandırılıb, lakin 20 ildən sonra 1954-cü ildə dərginin 37-ci nömrəsi nəşr olunsa da, onun nəşri həmişəlik dayandırılıb.