Peşə təhsili müəssisləri artdıqca ölkəmizin inkişafı daha da sürətlənəcək, miqrasiya axınları azalacaq.
AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Zahid Oruc deyib ki, gələcəkdə azad edilmiş torpaqlarda kiçik və orta sahibkarlıq, yaxud güclü sənaye müəssislərinin kadr bazası kənardan deyil, məhz yerli əhali hesabına formalaşmalıdır: “Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rəsmi məlumatı bizi dərindən düşünməyə və ciddi addımlar atmağa vadar edir. Gələn ilin sonuna azad edilmiş torpaqlara qaytarılacaq əhalinin peşə və ali təhsil göstəricisi onların 80 faizə qədərinin ixtisaslarının olmaması o deməkdir ki, hazırda dövlətimizin qarşısında dayanan ən taleyüklü vəzifələrdən biri məhz məcburi köçkünlərin təhsil problemlərini həll etməkdir. Bütün zəif oxuyan öyrəncilərimizi peşə təhsili ilə əhatə etsək, o cümlədən, təqaüdləri artıra bilsək, o zaman gerçəkdən ixtisaslı kadrlar məsələsini Qarabağ problemi kimi həll edə bilərik. Peşə təhsili müəssisləri artdıqca ölkəmizin inkişafı daha da sürətlənəcək, miqrasiya axınları azalacaq”.
Qeyd edək ki, “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.