Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi (MÜTDA) Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində şəhid Həsən Həsənovun xatirəsinə həsr olunmuş lövhənin sökülməsi ilə bağlı yayılan görüntülərə münasibə bildirilib.
AzEdu.az-ın məlumatına görə, qurumdan bildirilib ki, həmin məktəbdə tədris ili boyunca I və II Qarabağ müharibəsi şəhidinin adını daşıyan 7 sinif otağı təşkil edilib, həmçinin məktəbin həyətində şəhidlərin xatirəsinə bulaq inşa edilib.
“Şəhid Həsənov Həsənin qardaşı Nahid Həsənov tərəfindən sosial şəbəkədə yayılan görüntülərlə bağlı bildiririk ki, ümumi təhsil müəssisəsində şəhidin xatirəsinə həsr olunmuş lövhə məktəbin ibtidai sinfinin təlim-tədrisi üçün nəzərdə tutulan sinif otağına yerləşdirilib. Məktəbin sinif otaqlarının yeni avadanlıqlarla təchizi və yenidən təşkili prosesi həyata keçirildiyindən sözügedən sinif otağında tədrisə cəlb olunan ibtidai sinif digər otaqlardan birinə keçirilib.
Məktəb rəhbərliyi tərəfindən şəhidin ailəsinə lövhənin yenidən eyni sinif otağına və ya onların təklifinə uyğun digər bir sinif otağına yerləşdirilməsi təklif olunub. Bu prosesdə məktəb rəhbərliyi şəhidin xatirəsinə və ailə üzvlərinin təkliflərinə hörmətlə yanaşır, tərəflərin razılığı əsasında məsələnin həllini təmin etməyə çalışır”, - açıqlamada deyilir.