Bəzi təkliflərə görə, şagirdlərin yükünü azaltmaq məqsədilə dərsliklər elektron formata keçirilməlidir. Bu halda, şagirdlər ağır məktəb çantaları əvəzinə notebook və ya planşetlərini götürərək dərsə gedə bilərlər.
Maraqlıdır, gələcəkdə bu sistemin tətbiqi mümkündürmü? Ümumiyyətlə, belə bir dəyişiklik təhsilimiz üçün faydalı, yoxsa zərərli ola bilər?
AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) qeyd edib ki, hazırda süni intellektin yaradılması və inkişaf etdirilməsi gələcəyin bu istiqamətdən asılı olacağını göstərir:
“Rəqəmsal məktəb layihəsi əlbəttə ki, müsbət nəticələr verə bilər. Ancaq dərsliklərin rəqəmsallaşması və şagirdlərin rəqəmsal dərsliklərdən istifadəsi onlar üçün zərərli ola bilər. Düşünsək ki, şagirdlər artıq ağır məktəb çantaları daşımayacaq, notebook və ya planşetlərini aparacaqlar, bu, onların informasiya texnologiyalarının içərisinə daxil olmalarını tələb edəcək.
Bundan başqa, uşaqların ümumi fiziki sağlamlığı da nəzərə alınmalıdır. Çünki elektron cihazların uzun müddət istifadəsi göz problemlərinə səbəb ola bilər. Bu prosesi yalnız o zaman tətbiq etmək olar ki, uşaqları şüadan qoruyucu şüşələrlə təmin edilsin. Şagirdlər gözə zərəri az olan şüşələrdən istifadə etməlidir. Belə halda bu mövzuya müsbət yanaşmaq olar. Əks halda, əlbəttə ki, uşaqların gözləri ilə bağlı problemlər yaranacaq".
Elçin Əfəndiyev əlavə edib ki, ümumiyyətlə rəqəmsallaşma təhsil sisteminə müsbət təsir göstərə bilər:
“Bəzi şagirdlər üçün ənənəvi dərsliklərə çatmaq çətin olur, lakin elektron dərsliklər daha əlçatan ola bilər. Bundan əlavə, dərslər rəqəmsal mühitdə təqdim olunsa, müəllimlər üçün də dərsləri əyani şəkildə nümayiş etdirmək daha asan olacaq. Bu səbəbdən məktəblər ağıllı lövhələrlə təchiz olunmalıdır. Əgər ağıllı lövhələr mövcud deyilsə, proyektorlar vasitəsilə görüntülənməsi təmin edilməlidir. Bu istiqamətdə gələcəkdə bir sıra işlər görüləcək. Ümumilikdə, indiki dövr bunu tələb edir, çünki informasiya texnologiyaları sürətlə inkişaf edir və biz informasiya əsrində yaşayırıq. Təxminən əsrin sonlarına doğru tamamilə başqa bir vəziyyət müşahidə edəcəyik.
Hazırda süni intellektin yaradılması, inkişaf etdirilməsi və dünyanın güc dövlətlərinin bu sahəyə yatırım etmələri gələcəyin bu istiqamətdən asılı olacağını deməyə əsas verir. Ümumi dəyişikliyin təhsilimiz üçün faydaları olacaq. Məsələn, rəqəmsal məktəb layihəsi sayəsində valideynlər övladlarını davamiyyətini, qiymətləndirilməsini izləyə bilərlər. Bu da valideynlərə məktəb rəhbərliyinə fikirlərini bildirmək imkanı verəcək.
Əgər dərsliklər və təhsil resursları rəqəmsallaşdırılarsa, bu həm müsbət, həm də mənfi tərəfləri ilə nəticələnə bilər. Eyni zamanda, gələcəkdə hər bir şagirdin evdən təhsil alması da mümkündür. Artıq pandemiya dövründə şagirdlər distant təhsil alırdılar, gələcəkdə də evdən təhsil alma imkanı artacaq. Bu sistem bəzi dünya universitetlərində artıq tətbiq olunur. Lakin Azərbaycanın yaxın gələcəyində, böyük ehtimalla, bu tətbiqləri 10-15 ildən sonra görəcəyik".