“Valideynlə emosional bağ qurmaqdan məhrum olan uşaqlar televiziyaya və ya telefona yönəlirlər”
Bu sözləri təhsil psixoloqu Əhməd Əliyev AzEdu.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, uşaq "Onsuz da məni heç kim anlamır" düşüncəsi ilə evində yad hiss etməyə başlayır:
“Cəmiyyətimizdə uşaqların duyğuları çox vaxt valideynlərin təkidi ilə basdırılır. Uşaq valideynləri ilə oyun oynamaq istədikdə, onlar yorğun olduqları üçün vaxt keçirmirlər. Bu halda uşaq vaxtını telefonda keçirməyə başlayır, valideyn də ona müəyyən müddətə icazə verir. Lakin zamanla bu müddət artır, uşaq telefondan daha gec ayrılır. Nəticədə, valideyn üçün bu vəziyyət rahat olur, çünki artıq işdən evə qayıtdıqda uşaq onunla oynamağı tələb etmir”.
"Valideynlər övladları ilə necə vaxt keçirəcəklərini bilmədikləri üçün onların gözündə düzgün nümunə formalaşdıra bilmirlər",- deyə Əhməd Əliyev qeyd edib:
“Bu da uşaqların valideynlərindən uzaqlaşmasına səbəb olur. Emosional bağ qurmaqdan məhrum uşaqlar televiziyaya və ya telefona yönəlirlər. Son illərdə televiziyaya maraq azalıb, çünki telefondakı oyunlar və video çarxlar uşaqlarda daha güclü asılılıq yaradır. Uşaq "anam və ya atam mənimlə oynasın" düşüncəsindən çox, oyunlara və videolara fokuslanır.
Digər bir səbəb isə uşağın şəxsiyyət kimi formalaşmasına dəstək verilmədiyini hiss etməsidir. O, öz düşüncələrini içinə çəkir və daxili aqressiya yaranır: “Onsuz da məni heç kim anlamır” düşüncəsi ilə evində yad hiss etməyə başlayır".
Həmçinin, psixoloq vurğulayıb ki, uşaqlar anadan sevgi və şəfqət, atadan isə güvən hissi almalıdır:
“Əgər ata qız övladı ilə dərslər, məktəbdəki təcrübələr və dostları haqqında danışmırsa, uşaq güvən hissini tam qazana bilmir və “özümdən başqa heç kimə güvənə bilmərəm” düşüncəsinə qapılır. Təəssüf ki, valideynlər çox vaxt uşaqlarının bu düşüncələrini ciddiyə almır və absurd hesab edirlər. Lakin həm böyüklər, həm də uşaqlar üçün daxili dünya olduqca həssas və mürəkkəbdir. Valideynlər övladlarının emosional ehtiyaclarını anlamalı, onlarla vaxt keçirmək və sağlam ünsiyyət qurmaq üçün daha çox səy göstərməlidirlər”.