Fevralın 21-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yüksəliş” müsabiqəsinin iştirakçılarının təşəbbüsü ilə “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” mövzusuna həsr olunan forum keçirilib.
AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev Azərbaycanın müstəqilliyini və suverenliyini gücləndirmək məqsədilə belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin dövlətçilik siyasətinin inkişafına və beynəlxalq mövqeyimizin daha da güclənməsinə xidmət edəcəyini vurğulayıb.
Daha sonra “Yüksəliş” müsabiqəsi tərəfindən Azərbaycanın suverenliyi mövzusunda hazırlanmış videoçarx forum iştirakçılarına nümayiş etdirilib.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva forumun müstəqil Azərbaycanın bütövlüyünün möhkəmləndirilməsinə töhfə verdiyindən danışıb. O bildirib ki, bu tədbir xalqımızda mübariz birliyin daha da möhkəmlənməyində, birlikdə iştirakçısı və şahidi olduğumuz tarixi prosesin gələcək nəsillərə ötürülməsində böyük rol oynayacaq.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, son 30 ildə Azərbaycan dövlət quruculuğu və qanunvericilik sahəsində böyük irəliləyişlər əldə edib. 2019-cu ildə Prezident İlham Əliyevin Konstitusiya ilə bağlı Fərmanına əsasən məhkəmə sistemində islahatlar aparılaraq cəmiyyətin məhkəmələrə inamı artırılıb. Daha sonra o qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın tərəqqisi, milli kimliyin güclənməsi və təhsilin inkişafı üçün möhkəm təməl yaradıb. Ulu Öndər Heydər Əliyevin və xalqımızın arzusu olan tam suverenlik və ərazi bütövlüyü bu gün gerçəkləşib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov vurğulayıb ki, Prezident İlham Əliyev məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Gündüz Kərimov qeyd edib ki, konstitusiya cəmiyyət inkişaf etdikcə dəyişikliklərə məruz qalır və bu dəyişikliklər dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. 2002, 2009 və 2016-cı illərdə edilən konstitusiya dəyişiklikləri dövlət idarəetməsini gücləndirib və 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın suverenliyinin tam əraziyə şamil olunması ilə nəticələnib.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycanın suverenliyi bütün ərazilərində bərpa edərək gücləndirilib. O qeyd edib ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən, Azərbaycanın ərazisi vahid, toxunulmaz və bölünməzdir, bu gün Konstitusiyamız ölkənin bütün suveren ərazisində hakimdir. O, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin Prezident kimi həyata keçirdiyi güclü dövlətçilik siyasətinin ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, dövlətin qarşısına qoyduğu hədəflərə çatmaq üçün insan resursları kapitala çevrilməlidir. O, Azərbaycanın inkişafının dərinləşməsi, hüquq sisteminin möhkəmlənməsi, iqtisadi imkanların artırılması və sosial rifahın yaxşılaşdırılması barədə danışıb. B.Muradova, həmçinin “Yüksəliş” müsabiqəsi iştirakçılarını Azərbaycanın inkişafı və suverenliyi naminə birliyə çağıraraq milli-mənəvi dəyərlərin qorunması üçün fəal olmağa səsləyib.
Forumda çıxış edənlər onu da vurğulayıblar ki, Azərbaycanın suverenliyini beynəlxalq aləmdə möhkəmləndirmək və ölkənin daxili siyasətində və iqtisadiyyatında davamlı inkişafı təmin etmək yalnız dövlətin gələcəyi üçün deyil, həm də xalqımızın rifahı, hüquqi, siyasi və iqtisadi müstəqilliyinin daha da genişlənməsi üçün böyük əhəmiyyət daşıyır. Onlar qeyd ediblər ki, Azərbaycan Respublikası Konstitusiyasının üzərində qurulan möhkəm təməl və suveren dövlət olaraq ölkəmizin müstəqilliyini daha da gücləndirmək üçün atılacaq addımlar beynəlxalq əlaqələrdə daha müsbət təsir yaradacaq və Azərbaycanın dünya siyasətində daha möhkəm mövqe tutmasına imkan verəcək.
Forum rəsmi çıxışlardan sonra panel müzakirələri ilə davam edib. Bu müzakirələrdə ölkəmizin müstəqilliyi və milli maraqlarının qorunması istiqamətində atılan vacib addımlarla yanaşı, gələcək nəsillər üçün strateji əhəmiyyət daşıyan məsələlər də geniş şəkildə müzakirə edilib. Forumun əsas məqsədi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, milli maraqların qorunmasını təmin etmək və qlobal çağırışlar fonunda suveren siyasətimizin inkişaf perspektivlərini dərindən müzakirə etmək olub.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin iştirakçılarının təşəbbüsü ilə artıq ikinci dəfə forum təşkil olunur. Ötən il baş tutan ilk forum müsbət trendləri müzakirə, müsabiqənin davamlılığını təmin etmək və perspektivli idarəçi kadrlar arasında peşəkar əlaqələri inkişaf etdirmək məqsədilə təşkil olunub.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalayıb.