Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri “2025 Green Tech Globalthon” (Qlobal Yaşıl Texnologiya Forumu 2025) hakatonunda uğur qazanıblar.
BMU-dan AzEdu.az-a bildirilib ki, Cənubi Koreyada İNHA Universitetinin SW Mərkəzi, LINC Biznes Qrupu, “Google Developers Group on Campus İNHA” və AIESEC İNHA təşkilatlarının birgə əməkdaşlığı ilə keçirilən bu hakaton BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun ağıllı həllərin hazırlanmasına yönəlib.
Həm beynəlxalq, həm də koreyalı tələbələrin qatıldığı ikigünlük tədbirdə komandalar texnoloji və innovativ həllər üzərində işləyərək öz layihələrini təqdim ediblər.
Hər komandada 4 nəfərlə təmsil olunan BMU-İNHA İDP tələbələrinin təqdim etdikləri innovativ həllər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Hakatonda BMU-İNHA İDP-nin 4-cü kurs tələbələri-Nəbi Şirinov (İnformasiya texnologiyaları ixtisası) “Enigma” komandası ilə Excellence Prize (2-ci yer) mükafatına, Alpər Qəhrəmanlı (Elektrik mühəndisliyi ixtisası) “80EGGSelent” komandası ilə Outstanding Prize (3-cü yer) mükafatına layiq görülüb.