Azedu.az

Arxeoloji tədqiqatlar barədə elmi sərgi keçirilib

Xəbərlər

AMEA

20 Fevral 2025, 11:01
Arxeoloji tədqiqatlar barədə elmi sərgi keçirilib

Yaponiyanın paytaxtı Tokio şəhərində Azərbaycan və Yaponiya arxeoloqlarının əməkdaşlığı çərçivəsində aparılan elmi tədqiqatların nəticəsinə dair elmi tədbirlər silsiləsi keçirilib. Tədbirlər elmi müzakirələri və Azərbaycanın Qazax rayonunda yerləşən Damcılı mağarasının elmi əhəmiyyətini ictimaiyyətə tanıdan sərginin təşkilini ehtiva edib.

Bu barədə AZƏRTAC-a AMEA Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, Tokio Universiteti və Universitet Muzeyinin dəvəti ilə tədbirlərdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi doktorant Ülviyyə Səfərova, Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev də iştirak ediblər.

Azərbaycandan olan ziyarətçilər Tokio Universitet Muzeyinin, həmçinin İntermediateka muzeyinin (JP Tower Intermediatheque / IMT) müxtəlif dövrlərə və regionlara aid eksponatları ilə tanış olublar. Eyni zamanda, səfər çərçivəsində tədqiqatçılar və alimlərin iştirakı ilə keçirilən elmi seminarda professor Yoşihiro Nişiaki Azərbaycanın qərb bölgəsində aparılan elmi-tədqiqat işləri ilə bağlı geniş məruzə ilə çıxış edib.

Xatırladaq ki, 2015-ci ildə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Tokio Universiteti arasında imzalanmış memoranduma əsasən Yaponiya - Azərbaycan birgə beynəlxalq arxeoloji ekspedisiyası təşkil edilib. Tədqiqatların başlıca məqsədi - Cənubi Qafqaz regionunun Orta Kür hövzəsində Mezolitdən Neolitə keçidin tədqiqi ilə yanaşı, Paleolit və Mezolit ovçu-yığıcıların sosial-iqtisadi həyatı haqqında məlumat əldə etmək idi. 2016-2019-cu və 2022-ci illərdə baş tutmuş arxeoloji tədqiqatlara Yaponiya tərəfdən Tokio Universitetinin professoru, Tokio Universitet Muzeyinin direktoru Yoşihiro Nişiaki rəhbərlik edib.

Bu qazıntılar Damcılı mağarasının Cənubi Qafqazın nadir çoxtəbəqəli arxeoloji abidəsi olduğunu sübut etməyə imkan yaradıb və bir sıra elmi məsələlərin həllinə töhfə verib.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox