Azedu.az

Britaniya jurnalı Azərbaycan kəlağayısına həsr olunmuş məqalə nəşr edib

Xəbərlər

15 Fevral 2025, 10:08
Britaniya jurnalı Azərbaycan kəlağayısına həsr olunmuş məqalə nəşr edib

Britaniyada dünyanın aparıcı ixtisaslaşmış nəşrlərindən olan “Hali” jurnalında “Heads Held High” adlı material dərc edilib. Məqalədə örpəyin Azərbaycan xalqının milli kimliyinin simvoluna çevrilməsi və ənənə kimi zamanla necə yeniləndiyi barədə araşdırma təqdim edilib. Bu geniş materialın müəllifi Smitson İnstitutunun Milli Təbiət Tarixi muzeyinin antropoloq-tədqiqatçısı, muzeyin Asiya mədəniyyəti tarixi proqramının direktoru və Asiya, Avropa və Yaxın Şərq etnologiya şöbəsinin kuratoru Pol Maykl Teylordur.

 

AzEdu.az xəbər verir ki, məqalədə qeyd olunub ki, “Azərbaycan kəlağayısı (ipək qadın baş örtüyü) qədimdən ənənəvi Azərbaycan geyiminin məşhur elementlərindən olub, Azərbaycan milli kimliyinin vacib simvoludur. 2014-cü ildə kəlağayı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib”.

 

Bu parçalar, onların istehsalı və simvolikası haqqında ingilis dilində çox az məlumat mövcuddur. Buna görə də ənənəvi Azərbaycan baş örtüyünün istehsalı barədə dünyanın aparıcı ixtisaslaşmış elmi nəşrində etnoqrafiya, etnobiologiya, dilçilik antropologiyası, incəsənət və Asiyanın maddi mədəniyyəti üzrə çoxsaylı elmi kitab və məqalələrin müəllifi, iyirmi bir muzey sərgisinin (beş virtual sərgi də daxil olmaqla) kuratoru və etnoqrafik filmlər üzrə məsləhətçi-antropoloq Pol Maykl Teylor tərəfindən ətraflı məlumatın təqdim edilməsini Azərbaycan mədəniyyətinin təbliği sahəsində qazanılan növbəti qələbələrdən hesab edilə bilər. Azərbaycan kəlağayısının tarixi nümunələrini həm ölkəmizdə, həm də ölkə xaricində böyük muzey və kolleksiyalarda tapmaq olar.

 

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qeyd edib ki, ölkəmizin xalq tətbiqi ənənəvi sənətinə bu cür böyük və hörmətli nəşrin diqqət yetirməsi sevindirici haldır. Bu, bir daha sübut edir ki, bizim incəsənət dünya incəsənətinin ayrılmaz hissəsidir.

 

“Azərbaycan haqlı olaraq, zəngin mədəniyyəti ilə fəxr edir. Ölkə tarixən qədim “İpək yolu”nun bir hissəsi olub və məqalədə də qeyd olunduğu kimi XIII əsrdə Marko Polonun səfərinə kimi artıq ipəkçiliyin mühüm mərkəzlərindən birinə çevrilib. Xatırlatmaq istərdim ki, Pol Maykl Teylor dəfələrlə Azərbaycanda olub. Çünki, o, kəlağayının hazırlanması ilə bağlı bütün incəlikləri yerində öyrənməyin tərəfdarı olub. Bundan başqa onun xahişi ilə ona bu mövzuda ədəbiyyat göndərmişik. Deyə bilərəm ki, Pol Azərbaycana vurğun bir insandır. “Hali” jurnalındakı məqaləsi də buna sübutdur. Jurnalın böyük nüfuzu mühüm mükafatlarla müqayisə edilə bilər. Bu da bizim üçün qürur mənbəyidir”, - deyə Əminə Məlikova qeyd edib.

 

2018-ci ildə nəşr olunan “Kəlağayı sənəti” kitabına istinad edən Teylor məqalədə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikovanın fikirlərindən də misal gətirib.

 

Kəlağayının istehsal olunduğu ərazi ilə aralarında olan incə nüanslara toxunan müəllif vurğulayır ki, “bəzək naxışları və rəng seçimi, hətta hazır şərfin qatlanma üsulu belə xüsusi məna daşıyır”. Məqalədə müəllif həm də hesab edir ki, “Azərbaycan milli kimliyi üçün kəlağayının özəlliyini ölkənin təsviri incəsənətində də görmək olar”.

 

Teylor qeyd edir ki, Azərbaycan müstəqillik əldə edəndən sonra ənənəvi sənətlərin bərpa olunması və inkişafına xüsusi diqqət ayırıb, özəlliklə də kəlağayı istehsalı bu istiqamətdə atılan mühüm addım olub ki, bu da yenilikçi ideyaları ilə seçilən gənc rəssamları cəlb edib. Müəllif nümunə olaraq Azərbaycan rəssamı Fərhad Fərzəlinin yaradıcılığını misal çəkib. O, Basqal emalatxanalarına baş çəkdikdən sonra kəlağayıya həsr olunmuş silsilə rəsmlər çəkib və 2014-cü ildə BƏƏ-nin paytaxtı Şarjada İslam İncəsənəti Festivalında nümayiş etdirib.

 

“Hali” jurnalı 1978-ci ildən Londonda nəşr olunur. Burada əsasən mütəxəssis araşdırmaları və ekspertlərin fikirləri, xalçaçılıq sahəsində yeniliklərə həsr olunmuş məqalələr dərc edilir.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox