Azedu.az

Gənclərin əxlaqi və hüquqi məsuliyyəti: Hansı hallarda ictimai qaydalar pozulur? 

Xəbərlər

14 Fevral 2025, 11:46
Gənclərin əxlaqi və hüquqi məsuliyyəti: Hansı hallarda ictimai qaydalar pozulur? 

“Ölkəmizdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ayrı-ayrı fərdlərin, bütövlükdə cəmiyyətin, o cümlədən dövlətin təhlükəsizliyinə zəmanət verir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamsında Vəkillər Kollegiyasının üzvü Babək Umudov söyləyib.

154934

 

Həmsöhbətimiz qeyd edib ki, hazırda qanunvericiliyimizdə insanlar arasında yaxın münasibətləri qadağan edən konkret norma olmadığından bu cür hərəkətlərə görə fərdlərin cinayət və ya inzibati məsuliyyətə cəlb olunması qanunsuzdur.

 

“İnkişaf edən dövlətlərin cəmiyyətində hüququn əsas mühafizə etdiyi ictimai münasibətlər sırasında ictimai qayda xüsusi əhəmiyyətə malikdir. İctimai qayda yaşından, cinsindən, statusundan və digər cəhətlərindən asılı olmayaraq, cəmiyyət üzvlərinin hamısını əhatə edir. Ölkəmizdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ayrı-ayrı fərdlərin, bütövlükdə cəmiyyətin, o cümlədən dövlətin təhlükəsizliyinə zəmanət verir.

 

Polis haqqında Qanunun 4-cü maddəsinə əsasən polisin əsas fəaliyyət istiqamətlərindən biri ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsidir.

 

Həmin Qanunun 14-cü maddəsinə görə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri sırasına digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə azyaşlılar arasında hüquq qaydasının pozulmasının və nəzarətsizliyin qarşısının alınmasında iştirak etmək daxildir”.

 

"Təəssüf ki, qanunvericiliyimizdə ictimai qaydaya vahid bir anlayış verilmir", - deyə B. Umudov qeyd edib:

 

“Ancaq müxtəlif ölkələrin hüquq ədəbiyyatlarında qeyd edilir ki, ictimai qayda - sosial-hüquqi kateqoriya kimi, sosial normalara (hüquq normalarına, əxlaq qaydalarına, ümumqəbul olunmuş birgəyaşayış qaydalarına və s.) riayət edilməsi nəticəsində təsis edilən və toxunulmazlığına dövlət və cəmiyyətin bütün siyasi sistemi tərəfindən təminat verilən ictimai münasibətlər sistemidir.

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli 1 №-li qərarında ictimai qaydaya belə anlayış verilir: ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür".

 

İctimai yerlərdə insanların yaxın münasibət sərgiləməsi, məsələn, qucaqlaşması, öpüşməsi, əl-ələ tutması və s. bu kimi sevgi göstərən hərəkətlərinin ictimai qaydanı pozması barədə birmənalı fikir söyləmək çətindir:

 

“Belə ki əvvəla, ictimai qaydanın tərkibinə nələrin daxil olduğu konkret deyildir. İkincisi, ictimai münasibətlər, əxlaq normaları, etik davranış normaları sürətlə dəyişir və qanunvericiliyi bu cür sürətli dəyişikliklərə uyğunlaşdırmaq çətindir. Eyni zamanda ictimai qaydaya daxil olan adət və ənənələr, əxlaq normaları, birgəyaşayış qaydaları bölgədən-bölgəyə dəyişiklik göstərə bilir. Məsələn, Bakı şəhərində adətən normal qəbul edilən hansısa hərəkət başqa bir regionda tamamilə qəbuledilməz hesab edilə bilər.

 

Digər tərəfdən, hüququn prinsiplərindən biri olan “Nulla poena sine lege” (latınca Qanunsuz cəza yoxdur) prinsipinə görə, heç kim qanunla qadağan edilməyən hərəkətə görə cəzalandırıla bilməz".

 

Onun sözlərinə görə hazırda qanunvericiliyimizdə insanlar arasında yaxın münasibətləri qadağan edən konkret norma olmadığından bu cür hərəkətlərə görə fərdlərin cinayət və ya inzibati məsuliyyətə cəlb olunması qanunsuzdur:

 

“Odur ki, bu cür hallarda polis əməkdaşının şəxslərə yaxınlaşaraq onları cərimələməsi, onların barəsində protokol tərtib edilməsi qanunaziddir. Bununla belə, polis əməkdaşı həmin şəxslərin yerindəcə şəxsiyyətini müəyyən edə bilmədikdə şəxsiyyətlərini müəyyən etmək üçün polis bölməsinə dəvət edə bilər.

 

İctimaiyyət arasında insanların bir-birinə qarşı yaxın münasibətləri ictimaiyyətə qarşı açıq kobudluq, hörmətsizlik forması aldığı, yaxud zor tətbiqi ilə müşayiət olunduğu zaman inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər. Bununla bağlı Türkiyə Respublikasının cinayət qanunvericiliyi konkret norma da müəyyən etmişdir. Belə ki, “Hayasızca hareketler (teşhircilik) suçu ve cezası”, 4721 saylı Türk Cinayət Qanununun 225-ci maddəsində və “Ümumi Əxlaqa Qarşı Cinayətlər” bölməsində Tənzimlənir. Həmin maddəyə görə, açıq cinsi əlaqədə olan və ya nümayiş etdirən şəxs 6 aydan 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Polis işçiləri onlara həvalə edilən vəzifələrin icrası zamanı ictimai qayda anlayışı bəzən həddən artıq geniş mənada nəzərə aldıqda insanlar arasındakı yaxın münasibət hərəkətlərini ictimai qaydanın, ictimai asayişin pozulması kimi dəyərləndirərək belə hərəkətlər sərgiləyən şəxsləri məsuliyyətə cəlb etməyə, cərimələməyə, yaxud bölməyə (şöbəyə) aparmağa çalışırlar. Bu zaman polis işçisinin istinad etdiyi müddəalar ya İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi*, yaxud İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi** olur.

 

*İXM 510. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - 50 manatdan 100 manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 günədək müddətə inzibati həbs tətbiq olunur.

 

**İXM 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər 200 manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə 1 ayadək müddətə inzibati həbs tətbiq olunur".

 

Müsahibimizin fikrincə ictimaiyyət arasında insanların bir-birinə qarşı yaxın münasibətləri qanunazidd olmasa da, dini dəyərlərin, əxlaqi normaların qorunduğu, mühafizəkar bir cəmiyyətdə, Azərbaycanda o qədər də xoş qarşılanmadığı üçün polis işçilərinin belə hərəkətləri müşahidə etdikdə yaxınlaşıb həmin şəxslərlə tərbiyəvi, maarifləndirici söhbət apararaq şəxsləri bu cür hərəkətləri dayandırmağa dəvət etməsi daha doğru olar.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox