Azedu.az

Rektordan bayram təbriki

Paytaxt təhsili

Universitetlər

Müəllimlər və elm adamları

31 Dekabr 2024, 09:19
Rektordan bayram təbriki

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Professor Gülçöhrə Məmmədova Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə universitet heyətini və tələbələri təbrik edib. 

AzEdu.az təbrik mesajını təqdim edir.

Hörmətli professor-müəllim heyəti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dəyərli kollektivi və əziz tələbələr!

Sizi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə sağlamlıq, xoşbəxtlik, uğurlu və bol səmərəli bir il arzulayıram. Yeni ilin Sizə böyük nailiyyətlər gətirməsini diləyirəm. 

2024-cü il AzMİU üçün yadda qalan bir il oldu. Bu dövr ərzində universitetimiz yalnız elm və təhsil sahəsində deyil, həm də ölkəmizin inkişafında mühüm yer tutdu. Beynəlxalq akkreditasiyalardan keçərək, ixtisaslarımızın qlobal standartlara uyğunluğunu təmin etdik və beynəlxalq reytinqlərdə mövqeyimizi əhəmiyyətli dərəcədə gücləndirdik. Avropa və Mərkəzi Asiya Universitetləri ilə qurduğumuz əməkdaşlıqlar, bizim elmi və akademik əlaqələrimizi yeni bir mərhələyə daşıdı, universitetimizin beynəlxalq aləmdə nüfuzunu daha da artırdı. Bu ilin mühüm hadisələrindən biri də universitetimizin təşkil etdiyi nüfuzlu beynəlxalq konfranslar oldu ki, bu da AzMİU-nu qlobal elmi arenada daha nüfuzlu sıralara daşıdı.

Bu gün işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri davam etdirilir, “Böyük Qayıdış” proqramı çərçivəsində ardıcıl uğurlu addımlar atılır, bu ərazilərə soydaşlarımızın köç prosesi sürətləndirilir. Davam edən bərpa-quruculuq işləri əminlik yaradır ki, soydaşlarımız torpaqlarımıza qayıtdıqdan sonra daha yaxşı və firavan yaşayacaq, Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək azad olunan torpaqlarımızın çiçəklənməsinə öz töhfələrini verəcəklər.

Sevindirici haldır ki, universitetimiz də bu tarixi prosesdə yaxından iştirak edir. İşğaldan azad edilən torpaqlarımızda AzMİU-nun məzunları olan yüksək ixtisaslı mütəxəssislər böyük həvəslə çalışır. 

Universitetimiz eyni zamanda ekoloji və davamlı inkişaf sahələrində irəliləyişlərə də imza atır. 2024-cü ilin sonunda ölkəmiz dünya miqyasında nüfuzlu tədbirlərdən biri olan COP29-a ev sahibliyi etdi. Azərbaycanın təqdim etdiyi nümunəvi layihələr, ölkəmizin qlobal ekoloji məsələlərə verdiyi töhfəni bir daha gündəmə gətirdi. Bu konfransda universitetimizin akademik heyəti inşaat sektoru və urbanizasiya sahələrindəki dayanıqlı inkişaf və ekoloji layihələrini beynəlxalq ictimaiyyətə təqdim etdi və bu sahələrdəki təcrübələrimiz yüksək qiymətləndirildi. Bizim iqlim dəyişikliyi ilə mübarizə, enerji səmərəliliyi və yaşıl tikinti sahələrindəki fəaliyyətlərimiz əhəmiyyətli addımlar kimi dəyərləndirildi.

Geridə qoyduğumuz ildə əldə etdiyimiz nailiyyətlər, gələcəkdəki inkişafımıza əhəmiyyətli bir stimul yaradacaq. Üzümüzə gələn il isə AzMİU üçün daha əlamətdar bir ildir.  Çünki ölkəmizdə memarlıq və inşaat təhsili istiqamətində köklü universitet olan AzMİU-nun yaranmasından nə az, nə çox düz 50 il ötür.  Bu yubiley tədbirinin geniş şəkildə qeyd edilməsi istiqamətində artıq hazırlıq işləri həyata keçirilir. 

2025-ci ildə qarşıya qoyduğumuz məqsədlər daha böyük və hədəfyönlü olacaq. İnşaat və memarlıq sahəsindəki əldə edilən uğurların fonunda, universitetimizi yeni səviyyələrə daşımağa davam edəcəyik. Məhz buna görə də fürsətdən istifadə edərək tələbələrimizi və professor-müəllim heyətini daha dinamik, mütəşəkkil və innovativ işlərə imza atmağa çağırıram. 

Son olaraq, möhtərəm cənab Prezident İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqını, dünya azərbaycanlılarını, soydaşlarımızı və universitetimizin professor-müəllim heyətini, tələbələrimizi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bir daha təbrik edirəm. Yeni ilin hər birinizə sağlamlıq, müvəffəqiyyət və xoşbəxtlik gətirməsini arzulayıram.

Ehtiyatda olan hərbçilər orduya çağırıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox