“Uşaqlara sağlam qidalar yerinə, sintetik, paketlənmiş, uzun rəf ömrü olan şəkərli məhsulların verilməsi, qeyri-sağlam qidalanma vərdişlərinin yaranmasına və digər yaş dövrlərində sağlamlıq problemlərinin meydana gəlməsinə səbəb olur”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti,həkim pediatr Nigar Bayramova söyləyib.
“Dinamik böyümə və inkişaf prosesi keçirən uşaq orqanizmləri ətraf mühit amillərinə, xüsusilə də qida elementlərinin keyfiyyətinə çox həssasdır. Uşaqların erkən yaşda ehtiyacından artıq şəkər istifadəsi, gələcəkdə hipertenziya, qaraciyər yaşlanması, piylənmə, tip 2 şəkərli diabet, sinir sistemi xəstəlikləri kimi problemlərin yaranma ehtimalını artırır.
Şəkərlə alınan kalorinin həm keyfiyyəti, həm də qida dəyəri diqqətlə araşdırılmalıdır. Bu gün müasir dünyada 5 yaşa qədər olan uşaqların hər üçündən biri düzgün qidalanmır. Uşaqlara sağlam qidalar yerinə, sintetik, paketlənmiş, uzun raf ömrü olan şəkərli məhsulların verilməsi, qeyri-sağlam qidalanma vərdişlərinin yaranmasına və digər yaş dövrlərində sağlamlıq problemlərinin meydana gəlməsinə səbəb olur".
Bu problemlərin qarşısını almaq üçün valideynlərə bəzi tövsiyələrimiz var:
"Uşaqlarınıza zərərli şəkərləri mümkün qədər gec yaşlarda təqdim edin. Hazır meyvə suları və qazlı içkilər yerinə evdə hazırlanmış təbii meyvə suları, ayran və şəkərsiz kompot verin. Bu məhsulların miqdarına diqqət edin. Hazır qidaların tərkibində qarğıdalı siropu, dekstroz və fruktoza kimi şəkər tərkibli maddələr olmasını nəzərə alın. Uşaqlara paketlənmiş qidalar alarkən etiketləri oxumağı və "əlavə şəkər içərməz" yazısı olan məhsullara üstünlük verməyi də tövsiyə edirik.
Evdə hər hansı bir şirniyyat hazırlanacaqsa, şəkər yerinə lifli meyvə şəkərləri istifadə edin. Uşaqlara şəkərli məhsulların zərərlərini izah edərək, onlara qadağalar qoymaq əvəzinə, sağlam qidalanma ilə bağlı faydalı məsləhətlər verin və rol model olun. Valideynlər sağlam qidalanma vərdişlərinin formalaşmasında ilk növbədə örnək olmalıdırlar”.