Hər gün müxtəlif cinayətlərin şahidi oluruq, təəssüf ki, bu cinayətlərin bir çoxu ailədaxili olur. Bəzi valideynlər, hətta övladlarının gözü qarşısında yoldaşına qarşı cinayət törədir. Əgər valideyn bu hadisəni gizlədirsə və 18 yaşına qədər olan övlad da cinayətin şahidi olub bunu gizlədirsə, belə halda uşağın cinayətə cəlb olunub-olunmaması məsələsi gündəmə gəlir.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Babək Umudov bildirib ki, əvvəla, cinayəti gizlətmə ilə cinayət barədə xəbər verməmə əməllərini fərqləndirmək lazımdır:
“Cinayəti gizlətmə aktiv hərəkətlərlə cinayət əməlinin nəticələrini, cinayət alətini, predmetini gizlətməyə, yox etməyə yönəlmiş əməllərdir. Cinayət barədə xəbər verməmə isə cinayət əməlinin şahidi olmuş şəxs tərəfindən hüquq-mühafizə orqanına bu əməlin baş verməsi barədə məlumat verməmək deməkdir.
Qeyd etmək istərdim ki, Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə cinayət məsuliyyətinə səbəb olan əməldir. Ancaq qanunvericilik burada hər cinayəti nəzərdə tutmur. Belə ki, yalnız ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə (maddə 307.1), eləcə də qabaqcadan vəd etmədən ağır və ya xüsusilə ağır cinayəti gizlətmə (maddə 307.2 və 307.3) cinayət məsuliyyəti yaradır.
Ailə daxilində baş verən, 18 yaşına çatmış və ya çatmamış uşaqların gözü qarşısında törədilən cinayətlərə görə yaxın qohumların, o cümlədən uşaqların məsuliyyətinə gəldikdə isə, qanunvericilik arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumları tərəfindən hazırlanmış və ya törədilmiş cinayət barəsində xəbər verməyən şəxsləri bu cür məsuliyyətdən azad edir.
Belə ki, Cinayət Məcəlləsinin 307-ci maddəsinin qeyd hissəsinə əsasən, arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumları tərəfindən hazırlanmış və ya törədilmiş cinayət barəsində xəbər verməyən şəxs bu Məcəllənin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Ancaq əgər bu cür cinayətlərin şahidi olmuş şəxs və ya şəxslər həmin cinayətin gizlədilməsinə (cinayətin izlərini itirməyə, cinayət alətlərini gizlətməyə, qətl edilmiş şəxsi basdırmağa və s.) yardımçı olurlarsa bu şəxslər məsuliyyətə cəlb olunacaqlar.
Əlavə olaraq bildirim ki, Cinayət Məcəlləsinin 307.2 və 307.3-cü maddələrdə göstərilən ancaq 16 yaşdan 18 yaşınadək olan uşaqlar cəlb oluna bilərlər”.