AzEdu.az Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitet və məktəblərin fəal tələbə - şagirdləri ilə “Atüstü söhbət” rubrikasını davam etdirir.
Rubrikamızın ilk şagird qonağı Bakı şəhəri 214 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi İbrahim Cəfərovdur.
İbrahim Cəfərovla “Atüstü söhbət”i təqdim edirik:
“Həkim olub, insanlara pulsuz xidmət göstərmək istəyirəm”
-İbrahim, əvvəlcə, nümunəvi şagird necə olar, onu de...
-Nümunəvi şagird - müəllimlərin verdiyi bütün tapşırıqları yerinə yetirən, dərsini yaxşı cavablandırandır. Nümunəvi şagird ilk növbədə, nümunəvi övlad olmalıdır. Çünki hər bir şagird öz ailəsinin təmsilçisidir.
-Dərslərində çətinlik çəkirsən?
-Yaxşı oxumağa çalışdığım üçüm çox zaman dərslərimdə çətinlik çəkmirəm. Amma fənlərin şahı olan Riyaziyyatdan – müəllimlər belə deyir - bəzən, problemim olur.
-Dərslərində “2” alanda nə hisslər keçirirsən?
-Özümü çox pis hiss edirəm. Evə getməyimə, valideynimin qarşısına çıxmağa utanaram ki, “2”aldım. Axı heç bir valideyn istəməz ki, övladı aşağı qiymət alsın...
- Səncə, “dostluq” sözünün anlamı nədir?
-Dostluq - mənim üçün zəncirdir. Heç kimin onu qırmağa gücü çatmaz. Hər bir insanın həyatında dostu olmalıdır. Öz dostunu məktəb illərindən qazanmaq çox gözəldir...
“Dostluq” sözünün mənası çox böyükdü. Dost dediyin insan heç vaxt dostunu dar gündə qoymaz, ona yalan danışmaz. Mənim bir dostum var, adı Raman, o, tərbiyəlidir, həm də heç vaxt yalan danışmır. Çalışırıq, dərslərimizdə çətinlik olduğu zaman bir-birimizə kömək edək. Mən bir dəfə xəstə olub dərsə getmədim. Raman evə qədər gəldi, bu, mənə böyük dəstək oldu.
-Bəs sənin üçün Vətən nə deməkdir?
-Vətən insanın anadan olduğu, dədə-babalarının, qohum-əqrəbalarının yaşadığı torpaqdır. Vətən xüsusi sevgi və hörmətə layiq olan müqəddəs diyardı. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Vətən bizim anamız, and yerimizdir. Vətənə sevgi hissi də həm ailədə, həm məktəbdə , həm də cəmiyyətdə tərbiyə olunmalıdır. Mənim vətənimə olan sevgim sonsuzdur. Biz hamımız vətən uğrunda canımızdan keçməyə hazır olmalıyıq. Əbəs yerə deyilməyib ki, Vətəni üçün ölmüş bir insan məsud insandır.
-Bəs, sevgi...?
-Ümumiyyətlə, sevgi anlayışı mənə görə genişdir. Sevgi duyğuların ən alisidir. İnsanda sevgi olmasa, o, vətənini, valideynlərini dostlarını sevə bilməz. Sevgi hər şeydən üstündür o puldan və var-dövlətdən yaranmır.
-Gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən?
-Anam istəyir ki, gələcəkdə həkim olum. Özümün də o peşəyə sevgim çox böyükdür. Həkim olub insanlara pulsuz xidmət göstərmək istəyirəm. Ehtiyacı olan insanlara hər an kömək olmaq çox yaxşıdır. Həkim olsam, heç vaxt qoymaram ki, anam xəstələnsin. Axı analar müqəddəsdir. İnanıram ki, o ağ xələti əynimə geyəcəyəm, cəmiyyətimizə layiqli, faydalı həkim olacağam.
-“Yaxşı müəllim” səncə, necə olmalıdır?
-Yaxşı müəllim şagirdlərlə yaxşı davranmalı, onların hər bir sualı mehribancasına cavablandırmalıdır. Şagirdlərin aydın olmadığı, başa düşmədiyi dərsi asanlıqla başa salmalıdır. Qadın müəllim şagirdə ikinci ana, kişi müəllimləri isə ikinci ata olmalıdır. Müəllimlər ikinci valideyn olaraq öz şagirdlərinə daim qayğıkeş olmalıdır. Belə olduğu halda həm də şagirdlər dərslərini sevər. Axı məktəb biz şagirdlərin ikinci evidir. Çünki evdən daha çox vaxtımızı məktəbdə keçiririk.
-Məktəbdə heç sevmədiyin müəllim var?
-Təəssüf, var... Sevmədiyim müəllim şagirdlərlə kobud davranan, ev tapşırığı yerinə yetirmədikdə səbəb soruşmadan ona aşağı qiymət yazandır. Çünki müəllim şagirdlərə kobud sözlər deməklə daha da şagirdlərin dərsə olan sevgisini azaldır.
Sevmədiyim müəllimim var ki, ev tapşırığını hazırlamayanda səbəb soruşmadan “2” yazır. Axı bəzən elə hallar olur ki, hər dəfə ev tapşırığını yazmaq olmur.
-Gələcəkdə bu peşəni seçsən, necə müəllim olarsan?
-Şagirdlərlə gözəl rəftar edən, onlara dost kimi yanaşan müəllim olardım. Onları daim öz dərslərini sevməyə həvəsləndirərdim. Şagirdlərimi heç vaxt döyməz, onlara kobud sözlər deməzdim. Onları yaxşı oxumaqları üçün əlimdən gələni edərdim. Çünki cəmiyyətimizin gələcəyi biz şagirdlərin əlindədir.
-Şagirdlərin sosial şəbəkədən istifadəsinə necə baxırsan?
-Şagirdlərin sosial şəbəkədən istifadəsinə yaxşı baxmıram. Çünki uşaqlar sosial şəbəkədən istifadə edəndə dərslərinə yaxşı hazırlaşmır. Amma internet resurslardan şagirdlərə faydalı olan onlayn test, digər faydalı olan məlumatları öyrənməyin tərəfdarıyam. Çünki yaşadığımız dövr internet əsri olduqdan bəzən kitablarda olmayan bilikləri internetdən öyrənə bilərik.
-Şagird asudə zamanlarını necə dəyərləndirməlidir?
-Şagirdlər asudə zamanlarını nağıllar, rəvayətlər digər kitablar oxumaqla dəyərləndirməlidir. Onlar təmiz havaya çıxmalı bəzən də oyunlar oynamalıdır.