Bronxial astma, atopik dermatit və allergik rinit allergik xəstəliklərə aiddir. Bəzi statistik məlumatlara əsasən, dünyada hər dörd uşaqdan biri müxtəlif maddələrə qarşı allergiyadan əziyyət çəkir.
Bu sözləri AzEdu.az-a açıqlamasında pediatr Günay Rəsulova bildirib.
“Allergiyanın ən qorxulu forması anafilaktik şokdur. Anafilaktik şok, həyati vacib orqanların zədələnməsi ilə gedən, çox sürətli bir allergik reaksiyadır. Bu vəziyyət yalnız allergik uşaqlarda deyil, sağlam uşaqlarda da baş verə bilər. Lakin allergik uşaqlarda anafilaktik şokun baş vermə riski, sağlam uşaqlara nisbətən daha yüksəkdir".
Pediatr qeyd edib ki, allergiyaya meyllilik irsi faktordur:
“Ancaq tam sağlam olan valideynlərdə heç bir allergiya olmadığı halda, onların övladlarında müxtəlif zərərli amillərin təsiri nəticəsində allergiya inkişaf edə bilər. Uşaqlarda allergiyanın profilaktikasına hamiləlik dövründən başlamaq vacibdir. Gələcəkdə ana olmağa hazırlaşan qadın hamiləlik dövründəki toksikoz və digər xəstəliklərini vaxtında müalicə etməlidir. İstənilən allergenə (dərman, toz, qida və s.) allergiyası olan uşağın otağı hipoallergen olmalıdır. Allergiyaya meylli uşaqlar üçün ev heyvanları təhlükəli sayılır. Ev heyvanı nə qədər yaxşı saxlanılsa da, onun tükü, yunları və lələkləri otaqda yayılaraq allergik reaksiyaya səbəb ola bilər. Buna görə də, allergik uşaqların olduğu evlərdə ev heyvanlarından imtina etmək tövsiyə olunur.
Bir çox hallarda, allergik uşaqları açıq havada da qorumaq lazımdır. Bu xüsusilə bitkilərin aktiv şəkildə çiçəkləndiyi və havada çiçək tozcuqlarının çox olduğu yaz fəslində mühüm olur. Çiçək tozcuqları allergik reaksiyalara səbəb ola bilər.
Allergiyası olan uşaqlar üçün bəzi dərmanlar (antibiotiklər, vitaminlər və s.) təhlükəli ola bilər. Zülalları əsaslı olan peyvəndlər də bu uşaqlar üçün potensial təhlükə yarada bilər. Lakin bu, allergik uşaqların profilaktik peyvəndlərdən imtina etmələri anlamına gəlmir".
Pediatr əlavə edib ki, uşağın tez-tez xəstələnməsi (xüsusilə KRVİ və mədə-bağırsaq infeksiyaları) allergiyanın inkişafını sürətləndirə bilər. Allergiyası olan uşaq qrip, KRVİ və s. ilə yoluxarsa, ana dərman seçimi zamanı çox diqqətli olmalıdır:
“Uşağında allergiya olan hər bir ananın, uşaqda allergiyaya səbəb olmuş preparatların siyahısını saxlamaq vacibdir. Bu siyahı mütləq uşağa müalicə təyin edən həkimə təqdim edilməlidir. Çoxtərkibli dərmanların istifadəsindən mümkün qədər qaçınmaq lazımdır, çünki allergiyanın səbəbinin hansı komponentdən qaynaqlandığını müəyyənləşdirmək çətin ola bilər. Xardal kağızı, kəskin iyi olan sürtkü vasitələri və tərkibində bal olan preparatlar allergiyası olan uşaqlar üçün təhlükəlidir və istifadə edilməməlidir”.