Son dövrlər cərrahlarla bağlı məlumatlar gündəmə gəlir. Çoxları cərrah kimi fəaliyyət göstərənlərin saxta diplomlu olduğunu qeyd edirlər.
Bəs görəsən, hansı təhsil pilləsindən məzun olanlar cərrah kimi fəaliyyət göstərə bilərlər?
Səhiyyə Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cərrah kimi fəaliyyət göstərmək istəyən şəxslər yalnız həkim-mütəxəssis dərəcəsini aldıqdan sonra fəaliyyət göstərə bilərlər.
“Mövcud məsələ “Təhsil haqqında” Azərbaycan Respublikasinin Qanununun 22.6 Maddəsinə əsasən tənzimlənir.
Qanunda göstərilir ki, əsasən ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir.
Həkim – mütəxəssis dərəcəsinin alınması üçün rezidenturaya qəbul şərtləri və təhsil müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na uyğun həyata keçirilir.
Rezidentura üzrə ixtisas sayı və təhsil müddətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarına əsasən yenilənib”.