Bir neçə gün sonra 2024-cü il bitir. Bu il təhsil sahəsində yeniliklərlə yadda qaldı. Ekskuliziv xəbərlər, yenidənqurmalar, reytinq cədvəlləri, akkreditasiyalar ilin əsas gündəmini əhatə etdi.
AzEdu.az Təhsil Portalı 2024-cü ilin ali təhsil gündəminə nəzər salır.
Bu il Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayıb.
28 noyabr 2023-cü ildə Prezident İlham Əliyev "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncam imzaladı. İlk tədris ilində Qarabağ universitetinə 101 abituriyent 600 baldan yüksək nəticə göstərməklə qəbul oldu.
Hazırda universitetinin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. 2024-2025-ci tədris ili üzrə universitetə 1104 tələbə qəbul olunub. Plan yerinin 98.5% dolub.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev müsahibələrinin birində Xocalı və Şuşada da Qarabağ Universitetinin yeni korpuslarının açılacağını qeyd edib.
İlk tədris ilində Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi fakültəsinə qəbul üçün ən yüksək bal 684,9 olub. Hazırda universitetdə 83 tələbə təhsil alır.
Bu il ilk dəfə 2024/2025-ci tədris ili üzrə 3 yeni ali təhsil müəssisəsində SABAH qrupları layihəsi çərçivəsində tələbə qəbulu aparılıb.
Belə ki, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Qarabağ Universitetində SABAH qrupları layihəsi çərçivəsində tələbə qəbulu aparılıb.
Bu il 102 tələbəyə Prezident təqaüdü verilib.
Təqaüdçülərin ən çoxu - 33 nəfəri Bakı Ali Neft Məktəbinin, bir nəfəri isə yeni yaradılmış Qarabağ Universitetinin tələbəsidir.
Bundan əlavə Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyasının 7 tələbəsi, Bakı Dövlət Universitetinin 4 tələbəsi, Aərbaycan Tibb Universitetinin 25 tələbəsi, Azərbaycan Dövlət İqtisad Universitetinin 12 tələbəsi, ADA Universitetinin isə 20 tələbəsi Prezident təqaüdünə layiq görülüb.
2024-cü ildə 2 abituriyent ali məktəblərə qəbul imtahanından maksimum bal toplayıb.
Ötən il 700 bal toplayıb, ali məktəbə daxil olan abituriyent olmasa da, bu il 2 nəfər maksimum nəticə göstərdi.
Belə ki, Zərifə İlyasova və Şəbnəm Novruzova ali təhsil müəssisələrinə qəbul imtahanından maksimum bal toplayıblar. Hər ikisi hazırda "ADA" Universitetində təhsil alır.
Xatırladaq ki, 2024-cü il keçirilən buraxılış imtahanlarından isə 54 nəfər maksimum – 300 bal topladı.
SABAH qrupları layihəsinin bakalavriat səviyyəsində 4 yeni ixtisas, magistratura səviyyəsində isə 5 yeni ixtisaslaşma üzrə tələbə qəbulu elan edilib.
Ümumilikdə, tədris ilində SABAH qruplarının bakalavriat səviyyəsi üzrə 895, magistratura səviyyəsi üzrə isə 512 tələbə qəbul olmuşdur. Hazırda SABAH qruplarında 4225 tələbə təhsil alır.
Belə ki, SABAH qrupları layihəsinin magistratura səviyyəsi üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni açılan Menecment (Ali təhsilin təşkili və idarə olunması) və Təhsildə qiymətləndirmə və monitorinq ixtisaslaşmalarının Təhsil Proqramının təkmilləşdirilməsi məqsədilə komissiya yaradılmış və yeniməzmunlu proqramlar işlənilib.
2024-cü ildə müvafiq indikatorlar əsasında 13 ali təhsil müəssisəsi üçün fəaliyyət planı hazırlanıb və təsdiq edilib.
Planın uğurlu icrasını təmin etmək məqsədilə müəssisələrə zəruri maliyyə vəsaitləri ayrılıb və işlərin gedişatı üzərində mütəmadi monitorinq aparılıb.
2024-cü ildə Azərbaycan universitetləri qlobal reytinq cədvəllərində irəliləyib və bir neçə universitet ilk dəfə müvafiq reytinq cədvəllərinə daxil olub.
Azərbaycan universitetləri “Times Higher Education (THE) World University Rankings” və "Quacquarelli Symonds" (QS) və digər reytinq cədvəllərində təmsil olunur.
Belə ki, cari ildə 3 ali təhsil müəssisəsi “QS” qlobal reytinqinə (QS World University Rankings) daxil olub və Bakı Dövlət Universiteti həmin reytinqdə son 5 ildə ilk dəfə yenidən top 1000-də təmsil olunub. 4 ali təhsil müəssisəsi isə “QS” sahələr üzrə reytinqdə (QS Subject Ranking) təmsil olunub. 2 ali təhsil müəssisəsi isə top 150-də yer alıb. İlk dəfə 7 ali təhsil müəssisəsi QS Dayanıqlılıq (QS Sustainability Ranking) reytinqinə daxil olub. Ötən ilə nisbətən bu göstərici 3.5 dəfə artıb. 9 ali təhsil müəssisəsi isə “QS” Avropa (QS Europe Ranking) reytinqində təmsil olunub.
“Times Higher Education” qlobal reytinqində (THE World University Rankings) 2 ali təhsil müəssisəsi təmsil olunub.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilk dəfə bu reytinqə daxil olub. “THE Impact” reytinqində ilk dəfə olaraq 18 ali təhsil müəssisəsi təmsil olunub və bu siyahıda Azərbaycan universitetlərinin sayı əvvəlki ilə nisbətən 2 dəfədən çox artıb. İlk dəfə elan olunan “THE” fənlərarası elm (THE Interdisciplinary Science Ranking) reytinqində 3 ali təhsil müəssisəsi TOP 500-də yer alıb.
Eyni zamanda, digər reytinqlərdə (RUR, Greenmetric və s.) də Azərbaycan ali təhsil müəssisələrinin sayı artıb və mövqeyi irəliləyib.
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2024/2025-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb.
Müvafiq Sərəncama əsasən hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq. Beləliklə, 2022-ci ildən başlayan qəbul nəzərə alınmaqla indiyədək 1252 nəfər proqram çərçivəsində təhsil almaq hüququ qazanıb.
Hazırda proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 140 ali təhsil müəssisəsində 981 tələbə təhsil alır, bugünədək 156 nəfər Dövlət Proqramı məzunu adı qazanıb.
2024-cü ildə Nazirlər Kabinetinin ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları ilə bağlı müvafiq qərarı ilə bəzi ixtisaslar dəyişib, siyahıya yeniləri əlavə edilib:
Yeni təsnifata bakalavriat səviyyəsi üzrə 153, əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə 3, magistratura səviyyəsi üzrə 129, rezidentura səviyyəsi üzrə 44 ixtisas daxil edilib.
Bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas (“Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları”) təsnifata əlavə olunub, eyni zamanda 9 ixtisasın adında dəyişiklik edilib.
Magistratura səviyyəsi üzrə 34 ixtisasın təsnifatı dəyişdirilib, 20 ixtisas təsnifatdan çıxarılıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb.
Gəncə Dövlət Universitetinin institusional akkreditasiya nəticəsi isə “qismən uyğundur” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il müddətinə uzadılması və sözügedən təhsil müəssisələrinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.
2 universitetin yeni korpuslarının yaradılacağı elan edilib.
AzMİU-dan verilən məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonu, A. Sultanova küçəsi, 11 ünvanında Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU) üçün yeni korpus binasının tikintisinə başlanılacaq.
Eyni zamanda, Xəzər Universiteti Buzovnada 27 hektar ərazini əldə edib. Bu geniş ərazidə universitetin inkişafı və yeni təhsil layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Bu ilin sonuna qədər 46 minə yaxın Tələbə Təhsil Krediti müqaviləsi rəsmiləşib.
Bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb. Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan faydalanmaq üçün yaş məhdudiyyətinin olmadığı, hətta 23 ailədə valideyn və övladlarla da daxil olmaqla, ümumilikdə 69 nəfərin, 1069 ailədə isə 2 nəfərin, ümumilikdə 2318 nəfərin tələbə adı qazanaraq TTK götürüb.
400-ə yaxın standart TTK almış məzunda isə bu güzəşt 25% təşkil edilib. Hesabat dövrü ərzində təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanmış vəsaitin ümumi məbləği təqribən 444 min azn təşkil edib.
2024-cü ildə üç il ərzində ən çox kredit rəsmiləşdirilmiş universitetlerin adları açıqlanıb.
İlk onluqda İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Texniki Universitet, Bakı Dövlət Universiteti, Koorperasiya Universiteti, Lənkəran Dövlət Universiteti, Baki Biznes Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Mingəcevir Dövlət Universiteti və Odlar yurdu Universiteti yer tutur.