Bir çox məktəblərdə eyni sinifdə 30-40 təhsil alır. Bu zaman müəllim onların hər birinin tapşırığını yoxlamalı, suallara cavab verməli, yeni dərsi izah etməli, summativ hazırlamalı, jurnal və digər yazı-pozuy işlərini etməlidir. Nəticədə isə dərsin keyffiyətinə zaman kifayət etmir, şagirdlər mövzuları tam dərindən qavraya bilmirlər.
Bu halda müəllimlər nə etməlidir? Sinifdə onlar üçün əlavə köməkçilərə ehtiyac varmı?
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov AzEdu.az-a açıqlamasında bildirib ki, dərsdə müəllimlərə köməkçilər ayırmaq olar:
“Müəllim uzun illərin təcrübəsinə malik olsa belə, 30-40 uşağa dərs keçmək onun üçün çətindir. Uşaqların hər birinə summativ hazırlamaq, dərs keçmək, ev tapşırıqlarını yoxlamaq, jurnal yazmaq və digər texniki işlər 45 dəqiqəlik dərs müddətində çox böyük çətinliklər yaradır. Amma reallıq ondan ibarətdir ki, məktəb çatışmazlığı, əhalinin miqrasiyasının paytaxt məktəblərində artması, eləcə də paytaxt məktəblərində yaranmış sıxlıq məsələni daha da aktuallaşdırır. Bütün bu amillər təhsilin və dərsin keyfiyyətinə təsir göstərir.
Nəzərə almaq lazımdır ki, sinifdə bütün uşaqlar eyni davranışa malik deyillər. Müəllim təkcə dərsini keçmir, əvvəlki dərslərə də nəzər salır, təkrar edir, şagirdlərin tədris və davranışının qiymətləndirməsini aparır. Bütün bunlar müəllimə 45 dəqiqə ərzində böyük çətinlik yaradır.
Düşünürəm ki, müəllimlərə dərslərdə köməkçilərin ayrılması təcrübəsi tətbiq etsək, fayda əldə edə bilərik. Düzdür, indiyə qədər ölkəmizdə belə bir təcrübə olmayıb, amma eksperiment kimi yoxlamağın faydalı olacağını düşünürəm”.
“Müəllim zamanın dəyərləndirilməsini o qədər peşəkarcasına aparmalıdır ki, 45 dəqiqə bütün uşaqları əhatə edə bilsin”,- deyə müsahibimiz vurğulayıb:
“45 dəqiqəlik dərs müddətinin düzgün bölünməsində müəllimin fərdi hazırlığından çox şey asılıdır. Çətin də olsa, çox zaman təcrübəli müəllimlər buna çıxış yolu tapırlar. Müəllim zamanın dəyərləndirilməsini o qədər peşəkar şəkildə aparmalıdır ki, 45 dəqiqə 30-40 şagirdi əhatə edə bilsin.
Gələcəkdə şagird kompleksi məsələsinə baxmalıyıq. Məktəbdə sıxlıq olduqda, əlavə sinif açıla bilmədikdə siniflərdə nəinki 30-40, hətta daha çox şagird olur. Elə məktəblər var ki, orada məcburən 3 növbəli dərslər də keçirilir. Nəzərə alsaq ki, 3 növbə belə böyük problemdir.
Məhz dərs saatı şagirdlərə yetmədiyi üçün valideynlər məcburən övladlarını repetitor yanına göndərirlər”,-deyə İ.Orucov fikrini yekunlaşdırıb.