Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin doğum günüdür.
AzEdu.az Təhsil Portalı İlham Əliyevin Azərbaycan təhsilinə verdiyi töhfələrdən, onun uzaqgörən siyasətindən, eləcə də Azərbaycanın beynəlxalq sferada tanınması üçün gördüyü işlər barədə xatırlatma edir.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti olaraq, ölkənin müxtəlif sahələrində irəliləyişlər əldə edilməsi üçün əhəmiyyətli islahatlara imza atıb. Təhsil Prezidentin diqqət yetirdiyi ən vacib sahələrdən biridir. Azərbaycan təhsilinin inkişafında göstərdiyi xidmətlər onun yalnız rəhbərliyinin strategiyasını deyil, həm də şəxsi təcrübəsini və təhsilə olan baxışını da əks etdirir.
İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. O, 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. Orta təhsilini bitirdikdən sonra 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) qəbul olunub. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.
İlham Əliyevin müəllim kimi fəaliyyəti,onun təhsilə olan yanaşmasını və ölkədəki təhsil sisteminə verdiyi töhfələri aydın şəkildə nümayiş etdirir.
Prezidentin rəhbərliyi altında məktəb və universitetlərin müasir standartlara uyğunlaşdırılması, müəllimlərin peşəkar inkişafı və təhsil texnologiyalarının tətbiqi sahələrində mühüm addımlar atılıb. Fəaliyyəti dövründə təhsil mühitinin yaxşılaşdırılması və təhsil işçilərinin daha yaxşı şəraitdə fəaliyyət göstərməsi İlham Əliyevin əsas prioritetlərindən biri olub.
İlham Əliyev 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.
O, 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.
İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib.
5 dəfə ardıcıl Prezident seçilən İlham Əliyev sonuncu dəfə bu ilin fevral ayının 7-də növbədənkənar Prezident seçkilərində 92,12 faiz səs toplayaraq birinciliyini qoruyub.
Cənab Prezident ölkədə savadlı və öz intellekti ilə seçilən gənclərin tanınmış xarici ali təhsil müəssisələrində dövlət hesabına oxuyub, Vətənə savadlı kadr kimi dönmələri üçün lazımi şərait yaradıb.
Belə ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) çərçivəsində 2024/2025-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb.
Ümumilikdə 2022-ci ildən başlayan qəbulda 1252 nəfər proqram çərçivəsində təhsil almaq hüququ qazanıb.
Cənab Prezident ölkənin təhsil sahəsində keçirdiyi islahatlar bununla da bitmir. O, işğaldan azad edilmiş Qarabağda təhsilin bərpası və inkişafına böyük diqqət ayırır.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həmin ərazilərdə məktəb infrastrukturu yenidən qurulur.
Azərbaycan hökuməti, Qarabağ və ətraf ərazilərin azad edilməsindən sonra, bölgənin bərpası və inkişafına böyük önəm verərək, təhsil infrastrukturunun yenidən qurulmasına xüsusi diqqət yetirib. 2020-ci ilin noyabr ayında Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi tarixi zəfərdən sonra, dövlətin sürətli və effektiv fəaliyyəti nəticəsində bu bölgənin bərpası üçün bir sıra önəmli layihələr icra olunmağa başlanıb.
Qarabağdakı təhsil müəssisələrinin bərpası, regionda sosial və iqtisadi həyatın sürətli şəkildə bərpası ilə paralel olaraq həyata keçirilib. Qarabağda məktəblər, universitet və digər təhsil ocaqları tamamilə yenidən qurulub, bərpa edilib və ya yeni təhsil binalarının inşasına başlanılıb.
Bu il Şuşa şəhəri 1 nömrəli, Xankəndi şəhəri 4 nömrəli, Xocalı şəhəri 1 nömrəli tam orta məktəblər açılıb, hər cür yeni, müasir tipli infranstrukturla təchiz olunub.
Uzun illər Xankəndi Universiteti kimi tanınan ali təhsil müəssisəsi bu il Qarabağ Universiteti kimi bərpa olunaraq qapısını tələbələrin üzünə açdı. Universitet ənənəvi və müasir ixtisasların tədrisi, yüksək potensiallı müəllimlər və öz intellekti ilə seçilən tələbələrlə ölkədə və xaricdə böyük səs-səda doğurdu.
Prezidentin Qarabağın inkişafına verdiyi dəstəyi ilə növbəti illərdə Şuşa və Xocalıda da Qarabağ Universitetinin filialları açılacaq, universitet beynəlxalq arenada daha da tanınacaq.