Azedu.az

Müəllimlərin psixoloji sağlamlığı TƏHLÜKƏDƏDİR: "Yoxlanışdan keçməlidirlər" 

Müəllimlər və elm adamları

23 Dekabr 2024, 14:45
Müəllimlərin psixoloji sağlamlığı TƏHLÜKƏDƏDİR: "Yoxlanışdan keçməlidirlər" 

Müəllimin şagirdin üzərinə stul atdığı görüntülər hələ də gündəmin əsas mövzularından biridir. Bir çox insan hesab edir ki, müəllimlərin psixoloji vəziyyəti mütəmadi olaraq yoxlanılmalı və onlara psixoloqlar tərəfindən əlavə dəstək göstərilməlidir. Məlumdur ki, hər sinif otağında müxtəlif xarakterə və tərbiyəyə malik şagirdlər olur.

 

Buna baxmayaraq, müəllimlər onlarla necə davranmalı və çətin vəziyyətlərdə özlərini necə idarə etməlidir?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Səbinə Bayramova qeyd edib ki, gələcəyimizin təminatı olan nəsilləri yetişdirən müəllimlərin psixoloji dözümlülüyünün yüksək olması, onların təhsil verdikləri şagirdlərin də yaxşı təhsil almasını təmin edir:

151935

“Təhsil sahəsində müəllimlərin emosional rifahı həm onların, həm də şagirdlərin uğuruna əhəmiyyətli dərəcədə təsir edir. Tədqiqatlara görə, müəllimliyin stressə məruz qalma baxımından yüksək risk qrupunda yer aldığı və müəllimlərin öz peşələrini çox stressli bir peşə olaraq qəbul etdikləri müəyyən edilmişdir. Yüksək stress yaşayan bir müəllimin peşəsində uğurlu olması çətindir. Buna görə də, müəllimlərin peşənin stressli tərəfləri və tükənmişliklə baş etmələri üçün psixoloji dözümlüklərinin artırılması çox vacibdir.

 

Müəllimlərin psixoloji dözümlülüyünün dörd əsas aspekti vardır: peşəkar, emosional, motivasiyaedici və sosial. Peşəkar aspekt, peşə ilə bağlı yönləri əhatə edir. Bunlara təşkilatçılıq və hazırlıq, effektiv tədris bacarıqlarının istifadəsi, şagirdlərə bağlılıq və reflektiv olma daxildir. Emosional aspekt, emosionallıqla bağlı yönləri əhatə edir. Bunlara tədris təcrübələrinə verilən emosional reaksiyalar, emosiya idarəetməsi və stresslə başa çıxmaq daxildir. Motivasiyaedici aspekt özünəinam, davamlı inkişaf və öyrənməyə fokuslanma, davamlılıq və əzm kimi xüsusiyyətləri əhatə edir”.

 

Psixoloq bildirib ki, müəllim dözümlülüyünün motivasiyaedici xüsusiyyəti davamlı inkişafa, problemlərə qarşı nikbin münasibətə, ümidli qalmağa və özünə inama diqqət yetirməkdən ibarətdir:

 

“Özünəinamı yüksək olan müəllimlər öz qabiliyyətlərinə daha çox güvənir, özünəinamı aşağı olan müəllimlər isə özlərindən daim şübhələnir. Sosial aspekt isə iş mühitindəki sosial qarşılıqlı əlaqələri əhatə edir. Bunlara dəstək şəbəkəsi qurmaq, yardım istəmək və məsləhət almaq daxildir. Tədqiqatçılar həmkarlarla məhsuldar işləmək üçün üç vacib faktor müəyyən ediblər: əhatəli mühit, əməkdaşlıq üçün formal strukturlar və ortaq bir missiya. Əhatəli mühit həmkarlar arasında hörmət və inamla xarakterizə edilir. Məhsuldar bir iş mühiti üçün zəruri olan ikinci sahə məhsuldarlığı təşviq edən rəsmi strukturlardır. Üçüncü sahə isə müəllimlər arasında ortaq bir missiyadır.

 

Nəticə olaraq, müəllimlərin psixoloji dözümlülük səviyyələrinin yüksək olması müsbət bir xüsusiyyət kimi dəyərləndirilir və bu, onların məktəb mühitində qarşılaşacaqları çətinliklərlə asanlıqla mübarizə apara biləcəyini göstərir. Müəllimlərin psixoloji dözümlülüyünün yüksək olması, həm də şagirdlərin yaxşı təhsil almasına şərait yaradır. Müəllimlər çox müxtəlif xarakter və tərbiyəyə malik şagirdlərlə işləyirlər və bu, onların işini çətinləşdirə bilər".

 

Müsahibimiz qeyd edib ki, müəllimlərin iş mühitində stressli vəziyyətlər tez-tez baş verir və bu, onların psixoloji sağlamlığını risk altına alır. Mütəmadi olaraq psixoloji yoxlanışlar, onların stress səviyyəsini təyin etməyə və lazımi dəstəyin göstərilməsinə kömək edir:

 

“Psixoloji dəstək müəllimlərin emosional sağlamlığını qorumağa kömək edir. Bu, onların işlərinə olan motivasiyasını artırır və ümumi rifahlarını yaxşılaşdırır. Peşəkar psixoloji dəstək müəllimlərə stress idarəetməsi, konfliktlərin həlli və effektiv kommunikasiya texnikaları kimi mövzularda faydalı ola bilər. Hər bir şagirdin unikal xarakteri və tərbiyəsi olduğu üçün müəllimlər fərdi yanaşma tətbiq etməlidir. Şagirdlərin ehtiyaclarını və güclü tərəflərini anlamaq, onlara uyğun dərs metodları seçmək vacibdir. Müəllimlər şagirdlərlə pozitiv və açıq kommunikasiya qurmalıdır. Müsbət motivasiya və dəstək, şagirdlərin təhsil uğurunu artırır. Çətin vəziyyətlərdə problem həll etmə bacarıqları vacibdir. Müəllimlər vəziyyətləri analiz etməli və müvafiq strategiyalar inkişaf etdirməlidirlər. Psixoloji dəstək alan müəllimlər mütəmadi olaraq seanslarda iştirak edir və özlərini inkişaf etdirirlər. Bu, onların peşəkar bacarıqlarını artırır və çətin vəziyyətlərlə daha yaxşı başa çıxmalarına kömək edir. Müəllimlərin psixoloji vəziyyətinin davamlı olaraq yoxlanılması və onlara peşəkar dəstək verilməsi, təhsil prosesinin keyfiyyətini artırmaq və müəllimlərin iş şəraitini yaxşılaşdırmaq üçün önəmlidir”.

Rus ordusu Razlivi ələ keçirdi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox