Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sırasından olan şəxslərin əhatə dairəsi genişləndirilib. Bununla bağlı müvafiq qanuna dəyişiklik edilib.
Məsələ ilə bağlı Azedu.az-a təhsil eksperti Rizvan Fikrətoğlu danışıb.
Ekspert bildirib ki, ödənişsiz təhsil alanların siyahısı genişləndirilib.
“Əvvəllər hər iki valideyni vəfat edən və ya bir valideyni vəfat etmiş, digər valideyni isə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin övladları təhsil ödənişindən azad idisə, yeni dəyişiklik bu kateqoriyaya aid edilmiş şəxslərin siyahısını genişləndirib.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərə əsasən, bir valideyni vəfat etmiş və digər valideyni aşağıda sadalanan bəndlərdən hər hansı birinə aid olan şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab ediləcəklər. Bunlara bir valideynini itirmiş şəxsin digər valideyni cəzaçəkmə müəssisələrində cəzasını çəkirsə, digər valideyni məlum deyilsə, xəbərsiz itkin düşübsə, fəaliyyət qabiliyyəti yoxdursa (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan), ölmüş elan edilibsə, uşaq valideynlik hüquqlarından məhrum edilibsə və ya valideynlik hüquqları məhdudlaşdırılıbsa, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edilibsə, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən şəxslərin də uşaqları ödənişsiz təhsil alacaqlar. Ödənişsiz təhsil dedikdə burada ödənişli qəbul olub, dövlət hesabına təhsil alacaq tələbələrdən söhbət gedir".
Müsahibimiz qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar (övladlığa götürüldükdə belə) təhsil aldıqları müddətdə tam dövlət təminatına götürülürlər:
“Belə ki, dövlət və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani təhsilalma formasında və 23 yaşınadək ödənişli əsaslarla təhsil aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Əlavə olaraq, ödənişli və ya dövlət sifarişi ilə (ödənişsiz) təhsil almasından asılı olmayaraq onlara imtahan sessiyalarındakı orta bal göstəriciləri (ÜOMG) nəzərə alınmaqla müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda hər ay əlavə təqaüdlər verilir, təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müavinət ödənilir. Eyni zamanda təhsil müəssisələrini bitirdikləri zaman mövsümi paltar, ayaqqabı və birdəfəlik pul vəsaiti ilə təmin edilirlər. O cümlədən ilk dəfə işə düzələn zaman onlara birdəfəlik müavinət ödənilir", - deyə ekspert fikirlərinə yekun vurub.