AzEdu.az xarici KİV-lərə istinadən Fizika, Kimya, Tibb, Ədəbiyyat, İqtisadiyyat sahələri üzrə ən çox Nobel mükafatı qazanan ilk 10 universiteti və onlar haqda məlumatı təqdim edir.
ABŞ-ın ən məşhur universitetlərindən biri olan Kolumbiya Universiteti ən çox Nobel mükafatı alan ali təhsil müəssisəsi kimi ilk yerdə qərarlaşıb. Universitet Nyu-York şəhərinin Manhetten rayonunda yerləşir. Kolumbiya Universiteti çoxsaylı dünya şöhrətli məzunlar yetişdirib.
Kembric Universiteti Böyük Britaniyanın yaranma tarixinə görə Oksford Universitetindən sonra ikinci ali təhsil müəssisəsidir.. Ən çox Nobel mükafatını alan ali təhsil müəssisələri kimi pillədə ikinci yerdə qərarlaşıb.
ABŞ-ın Çikaqo şəhərində, İllinoys ştatında yerləşən Çikaqo Universiteti pillədə üçüncü yerdə qərarlaşıb. Bu universitet ABŞ-da Amerika fənlərarası humanitar elmlər kollecini və alman tədqiqat universitetlərini birləşdirən ilk ali təhsil ocağıdır. ABŞ-da ən böyük universitet nəşriyyatı bu təhsil ocağında yerləşir, Universitetin nəzdində ölkədə ilk olaraq müstəqil Sosiologiya Məktəbi yaradılıb.
Massaçusets Texnologiya İnstitutu ən çox Nobel mükafatı alan ali təhsil müəssisəsi kimi bu pillədə dördüncü yerdə qərarlaşıb. Universitet ABŞ-ın Massaçusets ştatında yerləşir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitutda təhsil alan tələbələr üçün lazımi şərait yaradılıb.
Harvard Universiteti ABŞ-ın və dünyanın ən məşhur universitetlərindən biridir. Əsası 1636-cı ilin 8sentyabrında qoyulub. Harvard Universiteti ABŞ-ın ən qədim ali təhsil ocağıdır. Ən çox Nobel mükafatı alan ali təhsil müəssisəsi kimi bu pillədə beşinci yerdə qərarlaşıb. Harvard Universitetini çox sayda dünya şöhrətli şəxslər bitirib.
Paris Universiteti Fransanın paytaxtında yerləşir. Ölkənin məşhur universitetlərindən biridir. Universitet ən çox Nobel mükafatı alan ali təhsil müəssisəsi kimi pillədə altıncı yerdə qərarlaşıb.
Oksford Universiteti Böyük Britaniyanın ən məşhur universitetlərindən biridir. Universitetin əsası XII əsrdə qoyulub.Ən çox Nobel mükafatı alan ali təhsil müəssisəsi kimi bu pillədə yeddinci yerdə qərarlaşıb.
Heydelberq Universiteti Almaniya Federativ Respublikasının Heydelberq şəhərində yerləşir. Bu ali təhsil müəssisəsi Müqəddəs Roma imperiyasında yaranmış dördüncü, Almaniyada isə ən qədim universitetdir. Almaniyanın ən qədim və ən prestijli universitetlərindən biri olan bu ali təhsil müəssisəsi isə pillədə səkkizinci yerdə qərarlaşıb.
Stanford Universiteti ABŞ-ın və bütün dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Amerika alimləri kəşflərinin əksəriyyəti, həmçinin elm və texnikanın ən qabaqcıl sahələri üzrə – biomühəndislikdən başlayaraq ən yeni kompüter texnologiyaları və kosmik tədqiqatlara qədər bu universitetin institut və laboratoriyalarında həyata keçirilir. Ən çox Nobel mükafatı alan ali təhsil müəssisəsi kimi bu pillədə doqquzuncu yerdə qərarlaşıb.
Yale Universiteti Amerikanın ən qədim universitetlərindən biridir. 1861-ci ildə Yale Universiteti ABŞ-da ilk elmlər doktorluğu dərəcəsi verən universitet olub. Ən çox Nobel mükafatı alan ali təhsil müəssisəsi kimi pillədə onuncu yerdə qərarlaşıb.