Hamiləlik vaxtında həbsxanaya düşmüş qadınlar həbsdə doğum edəndə uşaqlar anayla birlikdə həmin müəssisəyə yerləşdirilir.
Bəs görəsən, həbsxanada doğulan uşaqlar neçə yaşına qədər anayla birlikdə yaşaya bilirlər?
AzEdu.az Təhsil Portalı olaraq, məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanladıq.
Nazirliyin mətbuat xidmətindən bildirildi ki, Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq cəzaçəkmə müəssisələrində məhkum qadınların üç yaşına çatmayan uşaqlarının yerləşdirilməsi üçün uşaq evləri təşkil edilir:
“Uşaq evləri uşaqların normal inkişafı və yaşayışı üçün zəruri şəraitlə təmin edilir. Məhkum qadınlar asudə vaxtlarında uşaqlarla məhdudiyyətsiz görüşə bilərlər. Onların uşaqla birgə yaşayışına icazə verilə bilər.
Məhkum qadınların uşaqları ananın razılığı ilə onun qohumlarına və ya ananın razılığı, qəyyumluq və himayəçilik orqanlarının qərarı ilə digər şəxslərə verilə, habelə üç yaşı tamam olduqdan sonra müvafiq uşaq müəssisələrinə göndərilə bilərlər.
Üç yaşı tamam olmuş uşaqların anasının cəzaçəkmə müddətinin qurtarmasına bir ildən çox qalmazsa və o, analıq borcunu vicdanla yerinə yetirərsə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti uşağın uşaq evində saxlanma müddətini cəzaçəkmə müddətinin sonuna qədər artıra bilər”,- deyə qeyd etdilər.