"Təhsil siyasəti hər bir ölkənin strateji hədəflərində birinci yerdə durur, inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul edilir. Ölkəmizdə təhsilə qayğı və diqqət, onun inkişafının dəstəklənməsi Ümummilli Liderimiz Heydər Əliyevin dövlət quruculuğunun mühüm tərkib hissəsi olub.
Onun təhsil siyasətinin fəlsəfəsi Azərbaycan təhsilini artıq öz sistemini yarada bilməklə bərabər, uğurlu nəticələrini qazanmış ölkələrin təhsil təcrübələri ilə zənginləşdirməkdən ibarət idi".
Bu sözləri AzEdu.az-a açıqlamasında "Əməkdar müəllim", sabiq deputat Sona Əliyeva qeyd edib.
O, bildirib ki, XX əsrin 70-ci illərindən başlayaraq quruculuq missiyasını cəsarətlə həyata keçirən dahi şəxsiyyət, Ulu Öndər H.Əliyevin elm və təhsil sahəsində apardığı nəhəng islahatlar uğurlarımız üçün geniş zəmin və şərait yaratmışdır:
"Azərbaycanın inkişafı tarixinda əldə olunan nailiyyətlər, təhsil sahəsində aparılan islahatlar H.Əliyevin böyük və əvəzsiz xidmətlərinin nəticəsidir. Müasir Azərbaycanın elm və təhsilinin yorulmaz fədaisi, təəssübkeşi və himayədarı olan H.Əliyev 1969-cu ildən milli mənafelərə xidmət göstərmək məqsədilə mövcud rejimin sərt qanunları çərçivəsində Azərbaycanın intibahı və tərəqqisi, elm və təhsil, iqtisadiyyatın yüksəldilməsi yolunda düşünülmüş siyasət yeritdi. Elm və təhsilin inkişafına diqqət və qayğı artırıldı.
O, hakimiyyətə gələn kimi ilk növbədə təhsil məsələləri ilə məşğul olmağa başladı. Əvvəllər də dövlət işlərində çalışmış H.Əliyevi Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti daim maraqlandırmış və bu barədə xeyli məlumata malik idi. Ona görə də təhsilin nailiyyətləri, qüsurları, nöqsanlarını da bilir, təhsil məsələlərinə ciddi fikir verirdi. Ulu öndərin dahi bir şəxsiyyət kimi daim gələcəyə, irəliyə, sabaha baxıb, bütün işlərini Azərbaycanın gələcək müstəqilliyinin təmin edilməsi idealının gerçəkləşdirilməsinə yönəldirdi. Digər tərəfdən, azərbaycanlılar üçün o dövrün mürəkkəbliklərindən, çətinliklərindən biri də sovet Azərbaycanının partiya və inzibati orqanlarında kök salmış erməni mafiyası idi.
Bakıda yaşayan ermənilər siyasi-iqtisadi, hərbi və hüquq-mühafizə orqanlarında, hakimiyyətin bütün pillələrində isti yuva qurmuşdular və qüvvələrini milli kadrların yetişməsinin qarşısını almağa yönəltmişdilər. Belə ziddiyyətli, ağır və mürəkkəb bir dövrdə, 1969-cu ildə H.Əliyev Azərbaycana rəhbər təyin olundu. Dahi liderin siyasətinin başlıca məramı güclü iqtisadiyyata malik dövlət qurmaq və sağlam milli kadrlar yetişdirmək idi. Ölkə rəhbəri milli təhsilin səviyyəsini və keyfiyyətini yüksəltmək üçün fəal təhsil və kadr konsepsiyasını irəli sürdü.1972-ci il avqustun 10-da “Ümumi icbari təhsilə keçidin başa çatdırılması haqqında” xüsusi qərar qəbul edildi. Qərara əsasən orta məktəblər şəbəkəsinin genişləndirilməsi, yüksək ixtisaslı müəllimlərin sayının artırılması, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi və s. məsələlərin həlli öz əksini tapdı".
Həmsöhbətimiz vurğulayıb ki, gənclərin orta təhsillə tam əhatə olunması, məktəblərin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, məktəb binalarının tikintisi və təmiri məsələlərinə ciddi nəzarət edildi, məktəb binalarının digər müəssis və idarələrə verilməsi qadağan edildi:
"Nəticədə orta təhsil alan uşaqların sayı 1980-ci ildə 710 minə qədər artdı. 1970-1980-ci illərdə respublikada geniş vüsət alan tikinti quruculuq işlərini yüksək ixtisaslı mütəxəssislərlə təmin etmək üçün Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) yaradıldı, daha sonra Gəncədə Azərbaycan Texnologiya İnstitutu (hazırkı Azərbaycan Texnologiya Universiteti), Gəncə Pedaqoji İnstitutu, Azərbaycan Pedaqjoi Rus dili və Ədəbiyyatı İnstitutu (hazırkı Bakı Slavyan Universiteti), N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, C.Naxçıvanski adına Hərbi Məktəb, BDU-nun şərqşünaslıq fakültosinin bina və tədris korpusları tikilib istifadəyə verilmişdir. Ümumiyyətlə, 1970-1982-ci illərdə Azərbaycanda beş yeni ali məktəb yaradılmış, çoxlu ixtisaslar, kafedralar, problem laboratoriyaları açılmışdır.
Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəb, bunlarda 105 fakültə, 450 kafedra mövcud idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi ki, bütün bu uğurlar H.Əliyevin ali təhsilin inkişafina, respublikanın milli kadr potensialının gücləndirilməsinə vətəndaş qayğısının nəticəsində mümkün olmuşdu. 1993-cü ilin iyunundan başlayaraq H.Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə respublikamızın mövqeləri və müstəqilliyi daha da möhkəmləndirdi.Digər sahələrdə olduğu kimi elm və təhsil sahəsində də tənəzzülün, təhlükəli, dağıdıcı meyllərin qarşısı alındı. Milli təhsil sisteminin bərpası və yeni şəraitin tələblərinə uyğun olaraq inkişaf etdirilməsi üçün əlverişli siyasi, iqtisadi, hüquqi mühit yarandı.
H.Əliyev tərəfindən belə bir konsepsiya, strateji xətt hazırlanıb həyata keçirilməyə başlandı ki, dövlətin, dövlətçiliyin təməl prinsipləri içərisində milli təhsil və bəşəri elm müstəsna yer tutmalıdır. Onun milli müstəqillik, milli dövlət quruculuğu strategiyasında isə belə bir ideya əsaslandırıldı ki, dövlət müstəqilliyinin əbədiliyinin, vətəndaş cəmiyyətinin demokratik inkişafının magistral və hamar yolu mütləq və mütləq milli təhsildən keçir. Təhsil dövlətin təməl daşı, millətin gələcəyidir.
Buna görə də o, prioritet sahə olan təhsilə, elmə, mədəniyyətə qayğını dövlətin əsas strateji xətti kimi ön plana çəkdi.2000-ci il iyunun 13-də H.Əliyev “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” yeni bir fərman imzalamışdır. Həmin fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratmışdır. Fərmana müvafiq olaraq, ali təhsil müəssisələrinin şəbəkəsi optimallaşdırılmış, bir sıra universitetlərə muxtariyyat hüququ verilmiş, ölkəmizdə müəllim hazırlığın keyfiyytinin yüksəldilməsi məqsədilə Azərbaycan Müəllimlər İnstitutu va onun 12 filialı yaradılmış, müəllimlərin təkmilləşdirilməsi, ixtisasının artırılması üzrə dayaq məntəqələri şəbəkəsi təşkil edilmiş, keyfiyyətə nəzarətin müasir mexanizmlərinin yaradılması üzrə işçi qrupu müəyyənləşdirilmiş, həmin isçi qrupu tərəfindən müasir monitorinq və qiymətləndirmə mexanizmi hazırlanmışdı".
S.Əliyevanın sözlərinə görə, H.Əliyev 2002-ci ilin avqustun 30-da ali məktəblərə ən yüksək balla daxil olmuş tələbələrlə görüşmüşdür:
"Həmin görüşdə orta təhsilin keyfiyyətinin yüksəldilməsinin ölkə üçün strateji əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanmışdır və bu sahədə müvafiq orqanlar və təhsil müəssisələri qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur.Azərbaycan Respublikasının orta təhsil sistemində ən ciddi problemlərindən biri məktəb tikintisi, mövcud ümumtəhsil məktəblərinin təmiri və avadanlıqlarla təchizatı ilə bağlıdır. 2002-2003-cü dərs ilinin ilk günündə H.Əliyev öz çıxışında “Mən bu gün bəyan edirəm ki, yaxın zamanlarda Azərbaycanda məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla təmin olunması, təmir edilməsi ilə əlaqədar ciddi tədbirlər haqqında öz təkliflərimi irəli sürəyəcəm”-deməsi ölkə rəhbərinin problemə nə qədər böyük diqqət yetirməsinin əyani təzahürü idi. Ulu öndərin fərmanı ilə “Dövlət dili haqqında” qanun qəbul edilmişdir. Həmin qanuna görə, bütün təhsil pillələrində Azərbaycan dilinin tədrisi ön plana çəkilmiş və qəbul imtahanlanında bu fənnin üstün mövqeyə malik olduğu xüsusi vurğulanmışdır.
O, təhsil işçiləri və gənclərlə çoxsaylı görüşlərində doğma ana dilinin, Azərbaycan ədəbiyyatının, tarix və coğrafiyasının dərindən öyrənilməsinin vacibliyini dəfələrlə qeyd etmiş, bütün bunlarla əlaqədar qarşıya çox ciddi vəzifələr qoymuşdur.Müstəqil dövlətimizin milli kadr potensialının yaradılmasında və inkişafında təhsilin, onun keyfiyyətinə obyektiv münasibətin, istedadlı gənclərə hərtərəfli qayğı göstərilməsinin vacibliyini ortaya qoyur. Məhz təhsilin səviyyəsi Azərbaycanın milli şüurumu, ictimai rəyini dünyada gedən sürətli proseslər səviyyəsinə qaldırır və respublikamızın özünə layiq yer tutmasına təminat verir.
H.Əliyev görüş və çıxışlarında müstəqilliyimizin möhkəmləndirilməsi xətti ilə təhsilin müasir standartlara yaxınlaşdırılması siyasəti arasındakı əlaqəni daim önə çəkir, ölkəmizin dünya birliyində tutduğu yeri, onun elm, təhsil sahəsinə inteqrasiyasımı, iqtisadiyyatımızın daim inkişafını, xarici siyasətimizin səmərəliliyinin artırılmasını, dünya arenasına çıxa bilən, müasir biliklərlə silahlanmış intellektual kadrlara böyük ehtiyac olduğunu bildirirdi".