Bu gün orfoqrafik qaydaların tez-tez dəyişməsi yazılı dilin istifadəsində çətinliklər yaradır. Bu hallar həm təhsilalanlar, həm də cəmiyyət üçün müəyyən narahatlıqlara səbəb olur.
Maraqlıdır, orfoqrafik qaydalar nə üçün tez-tez dəyişikliyə məruz qalır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı qeyd edib ki, orfoqrafiya normaları və onların əsasında orfoqrafiya lüğəti hazırlamaq üçün peşəkarlardan ibarət komanda lazımdır. Amma belə bir komanda yoxdur:
“Şübhəsiz ki, bu, subyektiv amillərlə bağlıdır. Orfoqrafiya normaları və onların əsasında orfoqrafiya lüğəti hazırlamaq üçün peşəkarlardan ibarət komanda lazımdır. Belə bir komanda yoxdur. Azərbaycan qanunvericiliyinə əsasən, orfoqrafiya lüğətləri 5 ildən bir yenidən çap olunmalıdır. Amma ölkəmizdə 2004-cü ildən sonra növbəti orfoqrafiya lüğəti 2012-ci ildə, yəni 8 il sonra çap olunub. Həmin lüğət ciddi nöqsanlara görə Prezident Administrasiyasının qərarı ilə ləğv edilib və satışdan yığışdırılıb. 2013-cü ildə eyni komanda yeni orfoqrafiya lüğəti hazırlayaraq nəşr edib. Amma həmin lüğətin də iki “xırda” səhvi olub:
Lüğət orfoqrafiya normaları Nazirlər Kabineti tərəfindən təsdiq olunmadan hazırlanıb (bunu vaxtın azlığı ilə əsaslandırmağa çalışırdılar).
Lüğətə 40 minə yaxın qondarma söz daxil edilib. Bu böyük biabırçılığa bəraət qazandırmaq üçün iddia edirdilər ki, həmin sözləri nəşriyyat işçilər daxil edib (!)”.
Müsahibimiz bildirib ki, sözlərin orfoqrafiyası daha çox empirik yolla, göz yaddaşı və əzbərləməklə mənimsənilir. 3-4 ildən bir dəyişən orfoqrafiya qaydaları ilə yazılan mətnlərdən insanlar dilin hansı imla xüsusiyyətlərini öyrənə bilər?
“Ötən əsrdən dilimizdə yazılışı “əskinas” kimi sabitləşən söz 2004-cü ildə “əsginaz”, 2013-cü ildə “əsginas” oldu. Eyni sözləri “apellyasiya”, “metafora” və s. onlarla söz barədə də demək olar. Hətta akademiklərin biri iddia edirdi ki, “orfoqrafiya” sözünün özü “ortoqrafiya” kimi yazılmalıdır, çünki “kökü belədir, Türkiyədə o cür yazılır” və s. Bütün bunlar yalnız çaşqınlığa xidmət edir, orfoqrafik xaos yaradır. Azərbaycan dili üzərində belə eksperimentlər aparılması imla qaydalarının mənimsənilməsi və icrasına ciddi zərbədir...
Orfoqrafiya mühafizəkarlığı sevir. Hələ 2018-ci ildə yeni orfoqrafiya normaları müzakirəyə çıxarılanda professor İdris Abbasov yazırdı: "Dünyada 274 milyon insanın danışdığı fransız dilinin son dərəcə çətin olan orfoqrafiyasında bir hərf dəyişikliyi belə edilmir. Hətta XVII əsrdə Por-Royal qrammatikləri belə bir təşəbbüslə çıxış etsələr də, bu, reallaşmayıb".
Başqa dillər də belədir. Rusların və bizim “Texas” adlandırdığımız “tənha ulduz ştatı”nın adı əslində “Teksas”dır. Amma ruslar bu “səhvi” düzəltmirlər. Eləcə də rus dilindəki “blizorukiy” sözünün “ruka” ilə heç bir əlaqəsi yoxdur, görməklə bağlıdır, əsli “blizozorokiy”dir, “Yaponiya” əslində “Capan”, “Yava” isə “Cava”dır. Amma dəyişmirlər. Doğru da edirlər.
Yazılışı səhv şəkildə sabitləşmiş sözlərə ötən əsrlərdə Şərqdə “qələti-məşhur” deyirdilər və qeyd olunurdu ki, onları dəyişmək doğru deyil. Çünki söz yalnız qəlibdir, qrafik adaptasiya və orfoqrafik sabitləşmədən sonra mənbə dildəki yazılış və ya tələffüz şəkli kimi arqumetlərlə onlara əl uzatmaq dilə qarşı qəsddir.
AMEA-nın Dilçilik İnstitutunun müvafiq şöbəsinin vəzifəsi sözlərin yazılışını tez-tez dəyişmək deyil, sadəcə, dildə gedən yeni proses və təzahürləri dilimizin qanunauyğunluqlarına görə tənzimləməkdir. Bu qurum heç bir halda ana dilinin yüz illər boyunca möhkəmlənmiş yazı qaydalarını dəyişmək iddiasına düşməməli, bu qaydalara müdaxilə etməməlidir. İnanmaq istərdik ki, institutun yeni rəhbərliyi yeni lüğət hazırlananda daha diqqətli olacaq".