Özəl bağçalarda uşaq psixoloqu ştatı olsa da, dövlət bağçalarında belə bir ştat yoxdur. Amma tez-tez müzakirə olunur ki, dövlət bağçalarında psixoloqlara ehtiyac var.
Bəs görəsən, psixoloqlara həqiqətən də ehtiyac varmı?
ADPU-nun Təlim-Tədris Mərkəzinin müdiri, p.ü.f.d, məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında bildirib ki, hazırda bağçalarda hər hansısa bir psixoloqun olmasına ehtiyac yoxdur:
“Məktəbəqədər təhsil ixtisası üzrə oxuyan şəxslər Pedaqogika-Psixologiya fakültəsindən məzun olduqları üçün onlara uşaq psixologiyası ilə bağlı bütün fənlər tədris olunub. Uşağın psixoloji vəziyyətlərinin təhlili, ona hansı köməkləri etmək olar, valideynlərlə işləmə qaydaları və s. kimi proseslər məktəbəqədər təhsil müəssisəsindəki tərbiyəçi-müəllimlərə keçirilib. Buna görə də bağçaların ştat vahidləri qurularkən bu nüanslar nəzərə alınaraq, məktəbəqədər təhsil müəssisələrində psixoloqun olmasına ehtiyac duyulmayıb.
Fikrimcə, hazırda bağçalarda hər hansısa bir psixoloqun olmasına ehtiyac yoxdur. Əgər uşağın psixoloji dəstəyə ehtiyacı varsa, burada problem kompleks şəkildə həll olunmalıdır, yəni həm uşaq, həm də valideyn birlikdə prosesdə iştirak etməlidir. Ancaq bağçalar qapalı müəssisələr olduğu üçün orada xüsusi korreksiya işlərinin aparılması mümkünsüzdür. Buna görə də bağçalarda psixoloqların olmasına o qədər də ehtiyac yoxdur. Uşaqların davranışındakı məqamları tərbiyəçi-müəllimlər müşahidə edərək, lazım olduğu təqdirdə valideynə onu psixoloq yanına aparmalı olduqlarını bildirirlər.
Özəl bağçalarda psixoloqların iş prosesini uzun müddətdir izləyirəm və düşünmürəm ki, onlar məktəbəqədər yaşlı uşaqlarla xüsusi iş görürlər. Özəl məktəbəqədər təhsil müəssisələrində psixoloqların işi sırf bağçalardakı uşaqların özləriylə məşğul olmaq deyil, daha çox əlavə pul qazanmaqdır. Onlar psixoloji dəstəyi pullu şəkildə edirlər.
Əgər həqiqətən də uşaq psixoloqları üçün xüsusi əsasnamə hazırlansa, uşaq bağçalarına xas bu işin proqramı yazılsa, o zaman uşaq psixoloqlarının xüsusi iş gördüyündən bəhs edə bilərik. Lakin hazırki vəziyyətdə bağçalardakı məhz məktəbəqədər təhsil ixtisasından məzun olmuş tərbiyəçi-müəllimlər özəl müəssisələrdəki psixoloqların gördüyü işləri asanlıqla özləri edə bilirlər".
X. Musayevə onu da əlavə edib ki, qeyri-ixtisasçıların işlədiyi bağçalarda uşaq psixoloqlarına ehtiyac var:
“Bağçalarda məhz məktəbəqədər təhsil ixtisasından məzun olanlar işləməlidirlər. Fərqli ştat məsələsinə gəlincə, paytaxtın Xırdalan ərazisində pilot layihə əsasında 30 bağçanın böyük əksəriyyətində loqoped ştatı yaradılıb.
Düzdür, ola bilər ki, loqoped nitqlə bağlı müəyyən qüsurları düzəldə bilir, amma yenə də uşağın ümumi prosesdən ayrılıb, loqopedik, psixoloji işə cəlb edilməsi doğru deyil. Bağçada uşağa təyin edilən gün rejiminə tam riayət olunduğu halda, həmin uşağın həm psixoloji, həm nitq, həm də sosial hazırlığını aparmaq olur. Fikrimcə, loqopedik müdaxilələr bağçada aparılmamalıdır. Bunun üçün xüsusi mərkəzlər var. Uşaqlar həmin yerlərdə bu prosedurlardan keçməlidirlər. Ümumiyyətlə həm loqopedik, həm də korreksiya, həm də psixoloji proseslər zamanı uşağa valideyn dəstəyi verilməlidir. Hansı ki, bunu bağçada etmək mümkün deyil. Əgər biz kütləvi şəkildə bağçaların qapısını valideynlərə açıq qoysaq, o zaman gün rejimi, gigiyenik qaydalar tamamilə pozular, bağça qapalı müəssisə olmaqdan çıxar və xəstəliklər “baş alıb gedər”. Nəzərə almalıyıq ki, uşaqlar çox həssasdırlar. Bağçaya, sağlamlığı təsdiqlənmiş və yoluxucu xəstəlik daşıyıcısı olmadığı müəyyən edilmiş şəxslərin belə təsdiqedici sənəd olmadan daxil olması qadağandır. Düşünürəm ki, bu çox düzgün yanaşmadır. Bağça qapalı müəssisə olaraq qalmalı və ora kütləvi şəkildə hər hansısa müdaxilələrə açıq olmamalıdır. İşini bilən ixtisasçı tərbiyəçi-müəllimlər yetərincə bu işlərin öhdəsindən gəlirlər”.
“Bağçalarda tərbiyəçi-müəllim ştatları artırılmalıdır”,- deyə müsahibimiz qeyd edib:
“Bir qrupda iki tərbiyəçi-müəllim işləməlidir. Yaxud da, müəllimin assistenti və bir köməkçisi olmalıdır. Hazırda bağçalarda iki tərbiyəçi olsa da, onlar növbəli şəkildə: səhər və günorta iş prosesində olurlar. Nəticə etibarı ilə tərbiyəçi-müəllimlər təkbaşına işləyirlər.
Bağçalarda assistent müəllimlərin olması, psixoloqlardan daha yaxşıdır. Hər qrupa minumum bir assistent müəllim ayrılsa, tərbiyəçi-müəllimlərə kömək edə bilərlər. Bu gün tərbiyəçi-müəllimlərin assistentə çox böyük ehtiyacı var.
Hələ ki, məktəbəqədər təhsil müəssisələrində mövcud ştat vahidləri yetərincədir, amma ştat vahidlərinin saatları düzgün hesablanmır”,- deyə X.Musayeva fikrini tamamlayıb.