Azedu.az

Təcavüz qurbanı olan uşaqları cəmiyyətdən təcrid etmək doğru deyil

Xəbərlər

6 Dekabr 2024, 13:57
Təcavüz qurbanı olan uşaqları cəmiyyətdən təcrid etmək doğru deyil

“Oğlan uşaqlarının təcavüzə məruz qalması” Qəribə səslənir, hə? Axı qızlar təcavüz qurbanı olurdular...

 

Elə problem də buradadır. Ölkəmizdə təəssüf ki, oğlan uşaqları cinsi istismara məruz qaldıqlarında bunu söyləməkdən çəkinir, ailələr isə bildikləri təqdirdə var gücləri ilə ört-bas edirlər. El qınağı, ailə qorxusu, beyində susmayan səslər, utanc hissləri, yeridilmiş stereotiplər ən sonda intiharla bitir...

 

Təqsirkar cəzasını alır, bəs, uşaqlar? Nə edək, onları necə qoruyaq, nə edək ki, daha da travma almasınlar? Cəmiyyətin? “dost-tanışın” təcavüz olunan oğlana baxışını necə dəyişək?

 

Təhsil mütəxəssisi Ramin Nurəliyev mövzu ilə bağlı AzEdu.az-a fikirlərini bildirib.

 

“Oğlan uşaqlarının cinsi istismara məruz qalmasını ört-bas etməyə çalışanlar öz ailələri və qohumlarıdır”,-deyə müsahibimiz sözə başlayıb:

 

“Azərbaycan mentalitetində İslam dininə dayanan ailə quruluşu formalaşıb. İstər dini, istərsə də dünyəvi yöndən qıza və ya oğlana qarşı zorakılıq qəti şəkildə qəbuledilməzdir. Bəzi xarici ölkələrdə oğlan uşqaları öz istəkləri nəticəsində “cinsi istismar qurbanı” qisminə düşürlər. O cəmiyyətdə bu kimi hadisələrə çox da mənfi reaksiya verilmir, çünki bu hadisə insanın öz şəxsi həyatının toxunulmazlığı, öz istəyi kimi qəbul edilir. Ancaq Azərbaycan cəmiyyətində istər istismar qurbanı, istərsə də öz istəyi ilə cinsi münasibətlərdə adı hallanan oğlanlara xoş baxılmır.

 

Cəmiyyətimiz qız uşaqlarının cinsi istismarından fərqli olaraq, oğlanların təcavüzə məruz qalmaları hadisəsi çox ayıb hadisə kimi qəbul edir. Məhz cəmiyyət bu hadisəyə xoş baxmadığı üçün cinsi istismar oğlanların gələcək karyerasına, ictimaiyyətdə tutacağı mövqeyə kölgə salır. Ancaq bilməliyik ki, bir insan cinsi zorakılığa məruz qaldıqda ona xor baxılmamalıdır, çünki heç kimin başına nə gələcəyindən xəbəri yoxdur. Cəmiyyətdə olan bəzi mənfi düşüncəli insanlar uşaqları müxtəlif yollarla aldadıb cinsi istismara məruz qoya bilirlər. Bu uşaqlar isə təəssüf ki, bir çox hallarda “qapazaltı” olurlar.

 

Çox zaman bu kimi halları ört-bas etməyə çalışanlar öz ailələri və qohumlarıdır. “Heç kim bilməsin”, “Səs çıxmasın”,“Camaat bilsə bizə pis baxar”, “Yaşayış yerimizi dəyişək”,- kimi müəyyən həll yolları axtarmağa çalışırlar. Amma bu cinayəti törədəni gizlətmək olmaz. Ailələr istədiyi təqdirdə çox da qabartmamaq şərti ilə cinayət işinin gizliliyi ilə bağlı hüquq-mühafizə orqanlarına müvafiq tədbirlərin görülməsini bildirə bilərlər. Əks təqdirdə cinayətkarın “Çöldə gəzməsi” daha sonra başqalarının da həyatına təhlükə yaradacaq. O insanlar həbs olunmalıdırlar. Onsuz da həbsxanada o tip cinayətkarlara xoş gözlə baxılmır. Təcavüz edən şəxs başa düşməlidir ki, onun sonu həbsdir”.  

 

Ekspert qeyd edib ki, təcavüz qurbanı olan uşaqları cəmiyyətdən təcrid etmək doğru deyil:

 

“Qanunlarımız istismar edən şəxsləri cəzalandırır, onları müəyyən yaşayış hüquqlarından məhrum edir. Amma təcavüz qurbanı olan uşaqları da cəmiyyətdən təcrid etmək doğru deyil. Bəzən uşaqlara:“filankəsin başına belə hadisə gəlib, onunla yoldaşlıq etmə”,- deyirlər. Bu kimi sözlərdən çəkinən valideynlər isə istismar qurbanı olan övladlarını cəmiyyətdən kənarlaşdırmağa qərar verirlər. Əksinə, ailədə uşağa psixoloji dəstək verilməli, məktəbdə müəllimləri ona xüsusi diqqət ayırmalı, sinif yoldaşları ilə aralarında mehribanlıq formalaşdırılmalıdır.  Oğlan uşağı təcavüzə məruz qaldı deyə onu “bir kənara atmaq” intiharla nəticələnə bilər.

 

Bəzi hallarda da ailə cinsi istismara məruz qalan övladının yaşayış yerini dəyişir ki, məsələ qabardılmasın. Bu yanaşma da doğru deyil. Bu gün bizim qanunvericiliyimizdə kimisə cinsi istismara məruz qoyan şəxslər barədə ciddi tədbirlər görülür. Xüsusən də azyaşlıların cinsi istismarı qəti şəkildə yolverilməzdir. Bu kimi hallarda valideynlər hadisəni ört-bas etmək yerinə cinayətkarı hüquq mühafizə orqanlarına şikayət edib, məsuliyyətə cəlb etməlidirlər”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox