Xəbər verdiyimiz kimi, 1500 məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər Elm və Təhsil naziri Emin Əmrullayev tərəfindən təkzib edildi.
Nazirin sözlərinə görə, daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.
Məktəb şəbəkəsinin rasionallaşdırılması nə kimi effekt verə biləcək?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, əgər 1500 məktəb bağlanırsa, orada çalışan bir çox müəllim və texniki işçilər işsiz qalırlar:
"1500 məktəbin bağlanacağı ilə bağlı ciddi məsələ var idisə, bu, mütləq ictimaiyyətə elan edilərdi. Sadəcə nazirliyin rəsmi şəxsləri tərəfindən ölkədə fəaliyyət göstərən təxminən 4400 məktəbin 1500-də şagird sayının 100-dən aşağı olması fikri səsləndirilib. Amma bu heç də şagird sayı 100-dən aşağı olan məktəblərin bağlanması mənasında şərh edilməməlidir.
Bir daha qeyd edirəm, bu məsələ məsuliyyətli və ciddidir. Əgər belə bir iş görülərsə, Elm və Təhsil Nazirliyinin bununla bağlı xüsusi proqram hazırlayıb, bütün məsələlər detallı şəkildə ictimaiyyətə təqdim ediləcək. Burada şagirdlərin nəqliyyat məsələsi də nəzərdən keçirilməlidir. Çünki 1500 məktəbin böyük bir qismi rayonda, xüsusilə də ucqar ərazilərdəki məktəbləri əhatə edir. Ona görə də burada yaşayan şagirdlərin nəqliyyat məsələsi öz həllini tapmalıdır.
Xəcrlərin optimallaşdırılması heç də məktəblərin bağlanması kimi təsvir edilməməlidir. Şagird sayı az olan məktəblərdə vəsait kifayət qədər çox olduğundan azkomplektli məktəblərin mərhələli şəkildə rasionallaşdırılmasının, yəni məktəblərin tipinin dəyişdirilməsi, birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması kimi proseslərin həyata keçirilməsi məsələsi daha ağılabatandır".
Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov bildirib ki, məktəb şəbəkəsinin rasionallaşdırılması, təhsil sisteminin daha effektiv təşkil olunması və resursların optimal istifadəsi baxımından əhəmiyyətli bir yanaşmadır:
"Azkomplektli məktəblərdə şagird başına düşən xərclərin yüksək olması və tədris keyfiyyətinin aşağı səviyyədə qalması problemi mövcuddur. Rasionallaşdırma bu çatışmazlıqları aradan qaldırmaq üçün planlaşdırılmış bir strategiyadır. Məktəblərin birləşdirilməsi, tipinin dəyişdirilməsi və ya təmayül siniflərinin yaradılması kimi tədbirlər sayəsində şagirdlər daha yaxşı təhsil infrastrukturu və ixtisaslı müəllimlərlə təmin olunur.
Bu yanaşma təkcə maliyyə resurslarının qənaəti ilə məhdudlaşmır, eyni zamanda, təhsilin əlçatanlığını və keyfiyyətini artırmağı hədəfləyir. Elm və Təhsil Nazirliyinin prosesə mərhələli yanaşması isə kütləvi bağlanmaların qarşısını alaraq, şagirdlərin və cəmiyyətin maraqlarını qorumağı təmin edir. Bu dəyişikliklər təhsil sisteminin daha dayanıqlı, effektiv və cəmiyyətin ehtiyaclarına uyğun inkişafını dəstəkləyir. Rasionallaşdırma uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə və inklüzivliyinə müsbət təsir göstərə biləcək müasir bir yanaşmadır",- deyə qeyd edib.