"Azərbaycan təhsilində elmi və elmi-pedaqoji kadr çatışmazlığı uzun illərdir mövcuddur”.
Bu sözləri AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov söyləyib.
O qeyd edib ki, dərs vəsaitlərinin hazırlanması üçün yetəri qədər kadr yoxdur:
“Azərbaycan Respublikasında dövlət ümum təhsil müəsissələrində dərs vəsaitləri dövlət hesabına təmin olunur. Ali təhsil müəsissələrində, o cümlədən peşə təhsil müəsissələrində ixtisas ilə bağlı olan dərsliklər isə dövlət tərəfindən verilmir. Eyni zamanda bu dərsliklərin hazırlanması ilə bağlı da böyük çətinliklərimiz var. Çünki sözügedən dərs vəsaitlərini yaza biləcək kadrlarımız yoxdur. Azərbaycan təhsilində elmi və elmi-pedaqoji kadr çatışmazlığı uzun illərdir mövcuddur”.
Ekspert qeyd edib ki, xaricdə təhsil üzrə ikinci dövlət proqramında xüsusilə magistratura və doktorantura səviyyəsində təhsilə daha çox önəm verilməsi, elmi və pedaqoji kadr çatışmazlığının aradan qaldırılmasına yönəlmiş bir addımdır:
“Bu kadrlar gələcəkdə ölkəyə geri dönərək ali təhsil müəssisələrində işləyəcək və dərsliklərin hazırlanmasında da iştirak edəcəklər. Hazırda qanunvericilikdə tələbələrin dərsliklərlə təmin olunması nəzərdə tutulmur. Buna görə də, ixtisaslar üzrə beynəlxalq səviyyədə yaxşı kadr hazırlığı keçmiş ali təhsil müəssisələrinin dərsliklərindən istifadə edilə bilər. Elə bu səbəbdən, lisey və gimnaziyaların fərdi dərslikləri olmalı, həmçinin orta ixtisas və peşə təhsil müəssisələri ilə ali təhsil müəssisələri bu məsələdə daha fəal olmalıdırlar. Təəssüf ki, indiyə qədər bu sahədə kifayət qədər irəliləyiş yoxdur”.